Azərbaycan ilə Bəhreyn arasında hərbi əlaqələrin

 genişləndirilməsinə dair əməkdaşlıq planı imzalanıb

 

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında hərbi əlaqələrin fəallaşdırılmasını və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Əməkdaşlıq planının imzalanması Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində Zakir Həsənovun Bəhreyn Müdafiə Qüvvələri Qərargahında Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə tərəfindən qarşılanma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilərək mövcud əlaqələr və ümumi maraq doğuran məsələlər müzakirə olunub.

Müdafiə Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi Hava və Kral Hərbi Dəniz qüvvələri komandanlıqlarına səfər edib, hərbi hava və hərbi dəniz bazalarını, o cümlədən hərbi tibb müəssisələrini ziyarət edib.

 

Azərbaycan.-2014.- 27 dekabr.-  S.5.