Fövqəladə hallar naziri Şamaxıda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 26-da Şamaxı şəhərində 5 rayondan olan vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində keçirilən, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də qatıldıqları qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından gələn 243 vətəndaşın müraciətinə baxılıb.

Onlardan 23 nəfəri şəxsən nazir Kəmaləddin Heydərov tərəfindən qəbul olunub. Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə əlaqədar müraciət etmiş 152 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul edilib.

Hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

Qəbula gələn rayonların sakinləri nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2014.- 27 dekabr.-  S.5.