Ekologiya və təbii sərvətlər naziri Ağdaş

 şəhərində vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq

növbəti belə qəbul dekabrın 26-da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda Ağdaş, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların müraciətləri dinlənilib.

Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2014.- 27 dekabr.-  S.5.