Xəzər rayonu 2014-cü ili uğurlu nəticələrlə başa vurur

 

Azərbaycanın dinamik tərəqqisi, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin təminatçılarından biri olması ölkəmizin qısa müddətdə möhtəşəm inkişaf yolu keçdiyini qətiyyətlə söyləməyə əsas verir.

Təbii ki, bu uğurların kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir.

Strateji prioritetlərin reallaşdırılması, ölkəmizin dinamik inkişafının təmin edilməsi, cəmiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi nöqteyi-nəzərindən 2014-cü il növbəti uğurlu illərdən biri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Bu ilin yekunlarına nəzər saldıqda inamla deyə bilərik ki, sürətli inkişaf, nəhəng quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti, siyasi çəkisi və beynəlxalq nüfuzu günbəgün artır, hüquqi, demokratik proseslər daha da inkişaf edir.

Azərbaycanda son illər əldə olunan ən mühüm nailiyyətlər hər bir rayonun, şəhər və kəndin inkişaf yoluna çıxarılmasıdır. Ölkənin coşqun inkişafının, sürətli yüksəlişinin, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Xəzər rayonudur. Öncə onu qeyd edək ki, Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. Bu günə gəlib çatan bir sıra dünya, eləcə də ölkə əhəmiyyətli tarixi abidələr ərazidə vaxtilə yaşayış məskənlərinin salındığını sübut edir. Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər, kurqanlar, qəbiristanlıqlar, tarixi-memarlıq abidələri, qalalar, türbə və məscidlər ərazinin qədim mədəniyyətə malik olduğunu təsdiq edir. Təkcə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni görkəm alan Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində 234-ə yaxın həyət, məscid və hamam var. Abşeron yarımadasının səfalı guşəsində yerləşən Xəzər rayonu neft rayonu kimi də tanınır.

Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakının Xəzər rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülübbu işlər hazırda uğurla davam etdirilir. Bu gün rayonda hansı ünvana baş çəksən, dinamik inkişafın şahidi olarsan. Rayonun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2014-cü ildə də saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Statistik rəqəmlər də 2014-cü ilin Xəzər rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş verdiyini təsdiq edir.

 

Zövqlə aparılan abadlıq və quruculuq işləri rayona gözəllik gətirib

 

Makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan eyni zamanda böyük tikinti meydanını xatırladır. Prezident İlham Əliyev xüsusən inzibati mərkəz statusu daşıyan Bakının Şərq və Qərb arxitekturasının uğurlu sintezi əsasında yenidən qurularaq modern Avropa şəhərinə çevrilməsi üçün müəyyənləşdirdiyi kompleks tədbirlərin icrasını gündəlik nəzarətdə saxlayır.

Ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, həyata keçirilən tikinti-abadlıq işləri Xəzər rayonunda da yüksək sürətlə davam edir. Bu dinamik inkişafa Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 2006-2007-ci, 2011-2013-cü və 2014-2016-cı illəri əhatə edən mühüm dövlət proqramlarında və Heydər Əliyev Fondunun layihələrində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində nail olunmuşdur. Ölkə Prezidentinin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Xəzər rayonunda mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib.

2014-cü il ərzində rayonda iqtisadiyyatın bütün sahələrində - sənayedə, tikintidə, nəqliyyatda, xidmət və digər sahələrdə yüksək nəticələr əldə olunmuşdur. İlin əvvəlindən rayon üzrə sənaye məhsulunun istehsalı 203 milyon 353 min manat təşkil etmişdir. Nəqliyyat sektorunda 570 milyon 146 min manat dəyərində xidmət göstərilmişdir. Rabitə müəssisələri tərəfindən idarə və təşkilatlara, əhaliyə 4 milyon 407 min manat dəyərində xidmət göstərilmişdir.

İl ərzində rayon ərazisində tikinti-quruculuq işləri davam etdirilmiş, küçə və meydançalar, parklar abadlaşdırılmış, yaşayış binalarında, yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir. Mərdəkan, Binə, Şüvəlan və Buzovna qəsəbələrində küçələrin yenidən abadlaşdırılması, səkilərin müasir üslubda qurulması, yol boyu millitarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir.

Bu il ərzində rayon ərazisində irimiqyaslı ekoloji tədbirlər həyata keçirilmiş, idarə, müəssisə və təşkilatların iştirakı ilə 42 min 224 ağac əkilmişdir. Mərdəkan qəsəbəsində 3500, Şüvəlanda 1464, Binədə 1050, Buzovnada 1250, Zirədə 32 min, Türkanda 2750, Şağanda isə 210 ağac əkilmişdir.

2014-2016-cı illərdə “Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq 14 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak etmişdir. Yolun ümumi uzunluğu 22 kilometrə yaxındır. Dörd hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilmişdir. Mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl yaradır və tıxaclara səbəb olurdu. İndi isə yolun eni 13 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaratmışdır.

2014-cü il ərzində rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində 15 küçədə 28963 kvadratmetr yeni asfalt örtük salınmışdır. İl ərzində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir. Mərdəkan qəsəbəsində 4167 p/m, Buzovnada 17761, Binədə 9882 p/m, Türkanda 9782 p/m, Qalada 9773 p/m, Şüvəlanda 2489 p/m, Zirədə 1150 p/m, Şağanda 2000 p/m olmaqla, ümumilikdə 57004 p/m qaz xətti çəkilmiş və dəyişdirilmişdir.

 

Vətəndaşların sosial qayğıları diqqət mərkəzindədir

 

160 min nəfərə yaxın sakini olan Xəzər rayonunda sosial məsələlər həmişə diqqət mərkəzindədir. Öncə onu qeyd edək ki, rayonun istehsalsosial sahələrində orta aylıq əməkhaqqı 563,8 manat olmuşdur. Sənaye sahəsində orta aylıq əməkhaqqı 465,2 manat, tikinti kompleksində 467,5 manat təşkil etmişdir. Təbii ki, bu cür yüksək göstəricilər əhalinin sosial vəziyyətində müsbət və yüksələn dinamikadan xəbər verir. İl ərzində Xəzər Rayon Məşğulluq Mərkəzinə 1174 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Onlardan 497 nəfəri gənc, 49 nəfəri sərbəst işləmə nəticəsində işini itirənlər, 482 nəfəri kadr axıcılığı ilə işdən azad olunanlar, 12 nəfəri hərbi xidmətdən tərxis olunan, 43 nəfəri məcburi köçkün və qaçqın, 6 nəfəri isə cəzaçəkmə yerlərindən azad olunanlardır. Bu dövr ərzində mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 445 nəfəri münasib işlə təmin edilmişdir ki, onlardan 75 nəfəri dövlət və bələdiyyə, 293 nəfəri xüsusi mülkiyyətdə olan müəssisələrdə və fiziki şəxslərin yanında işə düzəlmişdir. İşlə təmin olunmuş 445 nəfərdən 51 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar olmuşlar. Bütövlükdə isə ilin əvvəlindən rayonda 1158 yeni yeri açılmışdır. Bunun 60-ı yeni yaradılmış müəssisə və təşkilatlar, 70-i mövcud müəssisə və təşkilatlar, 1028-i isə fiziki şəxslər tərəfindən açılmışdır. Ümumiyyətlə, son 11 il ərzində rayon ərazisində 17 min 419 yeni yeri açılıb.

2014-cü ilin 11 ayı ərzində rayonda Sosial Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 32487,5 min manat təşkil etmişdir. Həmin maliyyələşmə 30 noyabr 2014-cü ildə başa çatdırılmışdır. 16399 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin olunmuşdur. Onlardan yaşa görə 10741 nəfər, əlilliyə görə 4051 nəfər, ailə başçısını itirməyə görə 1607 nəfər pensiyaçıya vəsait ödənilmişdir.

İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı sosial yardım təyin olunması üçün 2860 ailə müraciət etmişdir. Bunlardan 2447 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Bu ailələrə hər ay 340311 manat sosial yardım ödənilir.

Respublika əhalisinin tibbi müayinədən keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq 2014-cü il fevral ayının 1-dən Xəzər rayonunda əhalinin tibbi müayinəsi tədbirləri həyata keçirilmişdir.

Ötən illər Xəzər rayonunda əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində xeyli görülub. Bu ilrayonda vətəndaşların kommunal xidmətlərə olan tələbatının ödənilməsi və bu istiqamətdə keyfiyyətin artırılması sahəsində vəziyyət ürəkaçandır. İl ərzində elektrik enerjisi təchizatı sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir. Əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 8 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 16 ədəd güc transformatoru dəyişdirilmiş, 932 ədəd transformator təftiş olunmuş, təmizlənmiş və cari təmir edilmişdir. Ümumilikdə 20965 metr kabel, 177744 metr naqil çəkilib dəyişdirilmişdir.

Sukanalizasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı Xəzər Rayon Su-Kanal Departamenti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Ümumilikdə müxtəlif ölçülü 1434 p/m istismara yararsız su boruları dəyişdirilmiş, 22975 p/m su xətti çəkilmiş, 2592 fərdi yaşayış evinə su çəkilmiş, 5374 ədəd smart tipli sayğac quraşdırılmışdır.

Sakinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 27 su quyusunda nasoslar yenisi ilə əvəz olunmuş, 143 ədəd su nasosu təmir edilmişdir. İl ərzində ümumilikdə 32590 p/m kanalizasiya xətti, 28 yağış barmaqlığı yuyularaq təmizlənmişdir. Dövlət proqramına uyğun olaraq rayon ərazisində ümumilikdə 2950 p/m kanalizasiya xətti çəkilmişdir.

 

Yeni sosial obyektlər sakinlərin rahatlığına xidmət edir

 

Son illər ölkəmizin dörd bir yanında geniş vüsət alan məktəb və xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin, internat məktəblərin, uşaq bağçalarının yenidən qurulmasında, tarixidini abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir. Bütün bunları, digər şəhər və rayonlar kimi, Bakının Xəzər rayonunun timsalında da görmək mümkündür. Bu mənada Xəzər rayonunun nail olduğu uğurlarda Heydər Əliyev Fondunun böyük xidmətləri var. Məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunda mühüm sosialinfrastruktur layihələri həyata keçirilmiş, tarixidini abidələr yenidən qurulmuşdur.

2014-cü il Xəzər rayonu üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr baxımından da əlamətdardır. Bu sırada yeni sosial obyektlərin inşası xüsusilə diqqəti cəlb edir. Belə ki, Sağan qəsəbəsində 124 saylı məktəb üçün beynəlxalq standartlara cavab verən yeni binanın tikintisi, Türkan qəsəbəsində 6 saylı internat məktəbinin yenidən qurulması, Binə qəsəbəsində 121 saylı tam orta məktəbin əsaslı təmir olunması rayon ictimayyətinin dərin rəğbətinə səbəb olmuşdur. Bu obyektlərin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişlər.

Qala qəsəbəsində isə Təhsil Nazirliyi tərəfindən 216 saylı məktəbin cari təmiri başa çatdırılmışdır. 2014-cü il ərzində Heydər Əliyev Fondu və dövlət proqramı çərçivəsində Şüvəlan qəsəbəsində 2 və 4 saylı, Zirə qəsəbəsində “Dalğauşaq düşərgələrinin tikintisi davam etdirilmişdir. Buzovna qəsəbəsindəki Albalılıq yaşayış massivində 200 yerlik uşaq bağçası-körpələr evinin, Mərdəkan qəsəbəsində 91 saylı uşaq bağçasının həyətində yeni binanın tikintisinə başlanılmışdır.

İl ərzində mədəniyyət, idman və səhiyyə sahələri üzrə müxtəlif obyektlər istifadəyə verilmişbir neçəsinin tikintisi davam etdirilir. Mərdəkan qəsəbəsində 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşlərdə həlak olanların xatirəsinə həsr edilmiş abidə kompleksi, Buzovna qəsəbəsində Mədəniyyət evi, Şüvəlanda Gənclər evi tikilib istifadəyə verilmişdir. Hazırda Buzovna, Mərdəkan, Türkan qəsəbələrində idman mərkəzlərinin və Buzovna qəsəbəsində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş abidə kompleksinin, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir. Müvafiq dövlət proqramına uyğun olaraq, Buzovna qəsəbəsində Səhiyyə Nazirliyinin Reabilitasiya Mərkəzinin, Gindes adına uşaq və yeniyetmələr üçün sümük vərəmi sanatoriyası və 7 saylı ağciyər xəstəxanası üçün yeni binaların tikintisi davam etdirilir.

 

Rayonun ictimai, mədəni və idman həyatı əlamətdar hadisələrlə zəngindir

 

Sosial-iqtisadi uğurlarla yanaşı, 2014-cü ildə Xəzər rayonunun ictimai, mədəni və idman həyatı əlamətdar hadisələrlə də zəngindir. Xüsusən rayonun idmançıları üçün 2014-cü il növbəti uğurlu dövr olmuşdur. Futbol üzrə həvəskar komandalar arasında keçirilən XIV respublika birinciliyində “Binə bələdiyyəsi” komandası II yeri, futbol üzrə Xəzər rayonunun komandası 2002-2003-cü il təvəllüdlü futbolçular arasında keçirilən Bakı şəhər birinciliyində I yeri, 2000-2001-ci il təvəllüdlülər arasında isə III yeri tutmuşdur.

İdmanın kütləviliyini artırmaq, məktəblər arasında bədən tərbiyəsi və idmanı daha da geniş tətbiq etmək məqsədilə idmanın 11 növü üzrə rayon məktəblərinin 2003-2013, 2014-2015-ci tədris illəri ərzində spartakiada yarışları keçirilmişdir.

Xəzər rayonunu təmsil edən şahmatçı Aytən Əmrayeva 17 yaşlı qızlar arasında Avropa çempionatında II yeri, Yunanıstanda keçirilən sürətli şahmat üzrə dünya çempionatında I yeri tutmuşdur. Rayonun digər şahmatçısı İlkin Rəhimli 16 yaşlı oğlanlar arasında keçirilən şahmat üzrə Azərbaycan olimpiadasında I yerə layiq görülmüşdür. Bu il Serbiyada yeniyetmələr arasında keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Orxan Nuriyev I yeri tutmuşdur.

İl ərzində rayonda rəsmi dövlət bayramları və ictimai-siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 Yanvar, Xocalı faciəsi və 31 Mart Azərbaycanlıların soyqırımı kimi anım günləri qeyd olunmuşdur.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq, Mərdəkan Mədəniyyət Sarayının qarşısında gül bayramı təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatları, o cümlədən məktəblər, yaradıcılıq mərkəzləri, uşaq bağçaları tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Tədbirdə respublikanın tanınmış sənət adamları maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Bundan əlavə, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar Xəzər rayon məktəblərinin XI sinif şagirdləri üçün YAP rayon təşkilatının binasında mühazirələr təşkil olunmuşdur. Rayon üzrə 29 tam orta məktəb, 2 gimnaziya və 14-ü məcburi köçkün məktəbləri olmaqla, 45 məktəbdə təhsil alan 3125 nəfər XI sinif şagirdi tədrisə cəlb olunmuşdur. 2014-cü il mayın 9-da Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə tədbir keçirilmişdir. 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar isə Heydər Əliyev parkında 5 mindən çox tamaşaçı üçün bayram konserti təşkil olunmuşdur.

Xəzər rayonu paytaxtın əsas rayonlarından biri olduğundan daim xüsusi diqqət mərkəzindədir. Mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi rayonun bugünkü uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Bu mənada Xəzər rayonunda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır.

Bütövlükdə 2014-cü il Xəzər rayonu üçün bütün sahələrdə çox uğurlu il olmuşdur. Qarşıda yeni mühüm vəzifələr durur. Bu vəzifələr növbəti ildə də müvəffəqiyyətlə yerinə yetirilərək daha böyük nailiyyətlər əldə olunacaq.

 

Rauf ƏLİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 28 dekabr.-  S.3.