Salnamə dəyərində kitab-albom

 

Ədəbi-publisistik, elmi yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tarixiləşən görkəmli ədib, dəyərli ictimai xadim, nümunəvi vətəndaş Mirzə İbrahimov XX əsrin 30-cu illərindən başlayaraq ta ömrünün sonuna qədər Azərbaycanın mədəni və ideoloji-siyasi həyatında silinməz izlər qoymuşdur. O qoyub getdiyi milli məfkurəvi irsi ilə müstəqil Azərbaycanın bugünkü həyatında bizimlədir və gələcəyə ünvanlanmış ideyaları ilə bizimlə addımlayır. M.F.Axundov, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Məhəmmədəmin Rəsulzadə, Hacı Zeynalabdin Tağıyev öz zəmanələrində cəmiyyətimiz üçün nə qədər dəyərli idilərsə, bu güno dəyərləri saxlamaqdadırlar.

Mirzə İbrahimov da bu böyük şəxsiyyətlərin cərgəsindədir. O da adlarını sadaladığımız böyük insanlar kimi millət üçün, vətən üçün, azadlıq və istiqlaliyyət üçün öz zamanının fədaisi olmuş, son dərəcə mürəkkəb və milli varlığımızı qoruyub saxlamaq baxımından çox çətin və təhlükəli tarixi şəraitdə milli varlığımızı zəhərli xəncərlə doğrayan şər imperiyasına qarşı mümkün olan bütün vasitələrlə, açıq və ya gizli şəkildə mübarizə aparmışdı. Bu zəhərli xəncər ona da dəymiş, düşüncələrində, qəlbində, ruhunda yaralar açmışdı. Elə buna görə də incidilmiş, işdən qovulmuş, təqib olunmuş, cəmiyyətdən uzaqlaşdırılmışdı. Həmişə cəmiyyət içərisində, daim həyatın qaynar axınında, adamlar içində olan Mirzə müəllim təklənmiş, tənhalığa sığınmağa məcbur edilmişdi. Yeganə sığınacaq yeri olan xalqına pənah aparmışdı. OnunEy mənim xalqım, ey mənim ümidim və pənahım. Ürəyimin istiliyi səndədir. Fikrim işığını səndən alır. Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan” sözləri əqidəsi milli varlığımıza, milli dəyərlərin qorunmasına təmənnasız, mərdi-mərdanə xidmət etmək olan bu böyük şəxsiyyətin mənəvi sarsıntılarından qopan iniltidir, fəryaddır! Tənhalıq sanki onun alın yazısı olmuşdur. Bu ağır mənəvi ovqat ta uşaqlıqdan onunla yol yoldaşı olmuşdur.

Hələ uşaq ikən ata-anasını, qardaşlarını itirib tənha qalmış 6 yaşlı Mirzə, sən demə, ad-san, şan-şöhrət sahibi olandan sonra da yuxarıda göstərilən səbəb üzündən yenə tənha qalacaqmış... Ancaq budəfəki tənhalığın üzü daha sərt, yükü daha ağır, qılıncı daha iti və zəhərli olacaqmış. Nə yaxşı ki, insanı tənha vaxtı tənhalıqdan qoruyan, tənhalığı doğuran səbəblərdən daha güclü olan bir qüvvə var - xalq sevgisi, millət himayəsi! Xalq, millət sevgisi qazananlar, tarixin sınaqlarından və qınaqlarından alnıaçıq çıxanlar sonda tənhalığa qalib gəlirlər. Mirzə İbarihimova da belə bir tale qismət olmuşdur. Bu gün o istər dövlət, istərsə də millət səviyyəsində ümumxalq məhəbbətilə yad edilir.

Mirzə İbrahimova dövlət və xalq məhəbbətinin bariz örnəklərindən birionun anadan olmasının 100 illik yubileyi tədbirləri çərçivəsində yenicə capdan çıxmış “Azərbaycanın xalq yazıçısı, ictimai-siyasi xadim Mirzə İbrahimovkitab-albomudur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında bu kitab-albomu tanınmış alim, professor Teymur Əhmədov hazırlamışdır.

Tariximizin yaddaşında əbədiləşəcəyinə heç bir şübhə olmayan bu unikal şəxsiyyətlə eyni vaxtda, eyni ədəbi-ictimai məkanda yaşamaq, onunla canlı təmasda olmaq, həqiqətən, hər kəs üçün bir şans idi. Kitab-albomun müəllifi Teymur Əhmədov bu şansdan bol-bol yararlanmışdır.

Kitab-albom incə həssaslıqla, maraqlı süjet-kompozisiya əsasında tərtib edildiyi üçün burada həm Mirzə İbrahimovun bütün həyatı, ədəbi-ictimai fəaliyyəti, milli-ideoloji baxışlarının nəzəri və praktiki cəhətləri, dövrün görkəmli şəxsiyyətlərilə münasibətləri, həm də həmin şəxsiyyətlərin ədib haqqında fikirləri öz əksini tapmışdır. Mübaliğəsiz demək olar ki, kitab-albom oxucuya Azərbaycan ədəbi-ictimai həyatının bir əsrə yaxın dövrü haqqında məlumat vermək gücündədir.

Müəllif Mirzə İbrahimovun ədəbiyyat, sənət haqqında görüşlərinə kifayət qədər geniş yer vermiş, onun ədəbi-estetik prinsiplərini ümumiləşdirən nümunələr təqdim etmişdir ki, bu da tərtibçinin materiala həssas münasibətindən irəli gəlir. “Bədii əsər məhz ona görə bədii əsərdir ki, konkret dövrün konkret xalqı və mənliyə, orijinal simaya malik insanları obrazlar vasitəsilə göstərə bilir... Sənət əsərində məqsəd zəmanəni görmək, hər şeydən əvvəl o dövrdəki insan ehtirasları və fikirlərilə tanış olmaq, cəmiyyətin mənəvi-psixoloji həyatı barədə aydın təsəvvür hasil etməkdir” fikri hər bir yazıçıdan tələb edir ki, o, həyatda, insan psixologiyasında və cəmiyyətdə gedən mənəvi-əxlaqi, sosial-psixoloji, ictimai-siyasi proseslərin mahiyyətini, fəlsəfəsini mənimsəsin və bu məsələlər barədə nəzəri biliklərə yiyələnsin. Mirzə müəllimin bədii əsərlərinin gücü məhz belə bir bazaya əsaslanmasındadır.

Mirzə İbrahimovun müxtəlif sənət növləri və sənət sahibləri haqda söylədiyi fikirlərin hamısı eyni dərəcədə səmimi, eyni dərəcədə elmi-nəzəri mahiyyətdədir. Tərtibçi haqlı olaraq bütün kitab boyu onun əsərlərindən, məqalələrindən, çıxışlarından nümunələri təqdim etmişdir. Bu baxımdan onun Azərbaycan dilibu dilin dövlət statusu haqqında fikirləri xüsusi vurğulanmalıdır. Kitab-albomda ədibin həm Şimali, həm də Cənubi Azərbaycanda dilimizin dövlət statusu məsələsilə bağlı fikirlərinə geniş yer verilmişdir. Mirzə müəllimin bu məsələ ilə bağlı Azərbaycan KP MK-ya yazılı müraciəti, bu mövzuda məqalələri, çıxışları bütün ciddiyətini, milli məramını, məfkurə yönümünü aydın şəkildə ortaya qoyur. Ana dilimizin gözəlliyinə vurğun olan ədib istər bədii, istərsə də elmi-publisistik əsərlərində bu gözəlliyin örnəklərini yaratmışdır. Mirzə İbrahimova görə, “Hazırkı dilimiz ən yüksək romantikanın, ən təsirli bir realizmin dilidir. Bu dil qanadlı xəyalları coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqilə doludur...”

Ədibin böyük Azərbaycan idealına diqqəti cəlb etmək üçün tərtibçi onun bu məsələyə aid aşağıdakı sözlərini kitaba daxil etmişdir: “Böyük Vətən müharibəsi illərində sovet qoşunları sırasında siyasi proseslərə rəhbərlik etmək üçün bir sıra ziyalılarımızla bərabər İrana ezam olundum. Az müddətdə İranda, xüsusilə Cənubi Azərbaycanda öz hakimiyyətimizi qurduq. İnqilabi proseslərə başçılıq etməyə başladım. Cənublu qardaş və bacıları Şimalla birləşmək üçün böyük təbliğat işləri görməli oldum. Demək olar ki, Gülüstan müqaviləsini ləğv etmək vaxtı çatmışdı. İran şahı artıq öz dayaqlarını itirmişdi. Tarixi məqam yetişmişdi ki, Azərbaycan birləşib vahid dövlət olsun. Mən də fürsətdən istifadə etməyə çalışdım. Stalinə bu barədə məktubla müraciət etdim. Surətini Bağırova göndərdim. Bu məktubu elə-belə yazmamışdım. Mən hiss edirdim ki, dünya SSRİ, ABŞ və İngiltərə arasında yenidən bölünməyə başlayıbdır. Artıq 1943-cü il Tehran konfransı da arxada qalmışdı. O da çox şey diktə edirdi. Az keçmiş məni İrandan geri çağırdılar. Hiss etdim ki, tutulmaq ərəfəsindəyəm. Əvvəl Bağırov mənimlə söhbət etdi, sonra Kremlə çağırdılar, Molotov qəbul etdi. Sonra get-gələ saldılar. Allaha şükür, salamatlıqla qurtardım... Onu da deyim ki, bu məktubla əlaqədar uzun zaman təqiblərə məruz qalsam da, İranda yaşadığım günlər mənim üçün çox əlamətdar idi. “Cənub hekayələri” və “Gələcək gün” romanı həmin günlərin yadigarıdır. Mən inanıram ki, o gün gələcək... Milyon-milyon bacı-qardaşlarımızın gözlədiyi gün gələcək...”

Kitab-albomda Mirzə İbrahimovun müxtəlif Avropa, Asiya, Afrika ölkələrinə işgüzar səfərləri zamanı onun həmin ölkələrin sənət adamları, ictimai xadimləri ilə olan görüşləri haqqında təəssürat-xatirələrə də kifayət qədər yer verilmişdir. Bu materillardan görünür ki, Mirzə İbrahimovu daha çox əzilən, milli azadlıqdan məhrum olan, lakin azadlıq amalları ilə yaşayan ölkələr, xalqlar, onların azadlıq məfkurəli nümayəndələri daha çox cəlb etmişdir. Bu baxımdan onun Afrika ilə bağlı düşüncələri ədibin bəşəri arzularını ifadə etmək baxımından səciyyəvidir: Bu gün Afrika deyəndə əsrlərin yuxusundan qalxıb, gerilik, ətalət buxovlarını üstündən ataraq, zəmanə ilə ayaqlaşmağa, müasir mədəniyyətə yiyələnməyə, mütərəqqi ölkələr cərgəsinə çıxmağa çalışan bir qitə təsəvvürümüzə gəlir. Bu gün Afrika zülm zəncirlərini parçalayan, milli istiqlaliyyətə, ictimai azadlıqlara, tərəqqi və yüksəlişə can atan bir qitədir. Bu gün Afrika həm məzlum və əzilən, həm də azad və müstəqil xalqların məskənidir. Onun bütünlüklə azad olacağı gün yaxındadır. Qoy Afrika xalqlarının tarixi, dili, dini və fəlsəfi görüşləri, adət və təsəvvürləri müxtəlif olsun. Lakin onları birləşdirən dərdlər və ideallar bu ayrılıqlardan qat-qat böyük, qat-qat qüdrətlidir”.

Teymur Əhmədovun material seçimindəki həssaslığı Mirzə İbrahimovu daha yaxşı tanıtmağa, olduğu kimi təqdim etməyə xidmət edir. Bu cəhət kitab-albomun ən uğurlu xüsusiyyətlərindəndir. Kitaba daxil edilən yazıların, demək olar ki, hamısı öz tarixi dəyərini saxlamaqla günümüzlə də çox yaxından səsləşir. Mirzə İbrahimov yaradıcılığında, xüsusilə ictimai-siyasi xarakterli yazılarında, çıxışlarında zülmə, haqsızlığa, millətlərin taleyinə qəsdə qarşı həmişə üsyankar olmuşdur. O həmişə yüksək bəşəri ideallara, insanların, millətlərin azadlığına, cəmiyyətlərin harmoniyasına tərəfdar olan hər kəs haqqında dəyərli fikirlər söyləmiş, yerinə görə bəzən sevincini, bəzən də ürək ağrısını sözlərə çevirmişdir! Qəlbimizdə, şüurumuzda, ruhumuzda heç vaxt sağalmayacaq yara kimi qalan Hüseyn Cavid müsibəti, Hüseyn Cavid dühası haqında onun aşağıdakı sözləri bu qəbildən olan yüzlərlə örnəklərdən biridir: “Cavid dünya əbəbiyyatının o cür simalarındandır ki, onların yaradıcılığında ümumbəşəri fikirlər və ehtiraslar daha güclü əks edilmişdir. O, elə böyük məsələlərdən yapışmışdır ki, onlar bütün bəşəriyyəti düşündürən məsələlər idi; özünü o girdablara atırdı ki, orada bütün əsrin nəbzi döyünürdü...”

Kitabın sonunda Mirzə İbrahimovla müsahibənin oxuculara təqdim edilməsi xalq yazıçısının həm ədəbi, həm ictimai-siyasi görüşlərinə işıq salır. Müsahibədən görünür ki, Mirzə müəllimin fikrincə, şərin, böhtanın, düşüncə zorakılığının olduğu cəmiyyət yaradıcı insanların mənəviyyatına dağıdıcı şeytani təsir göstərir, amansız fəsadlara, fəlakətlərə, şəxsiyyətin mənəvi faciəsinə, insanın özünün, öz ideallarına xəyanətinə səbəb olur. Ədibə görə, tarixin, ictimai mühitin belə məqamları ilə bağlı hadisələrə zamanın konteksində qiyməti verilməlidir.

Kitab-alboma yeri gəldikcə Mirzə İbrahimova həsr edilmiş şeirlərin daxil edilməsi ədəbi-ictimai mühitin ədibin sənətinə və şəxsiyyətinə münasibəti baxımından maraqlıdır. İstər ölkəmizin, istərsə də keçmiş SSRİ, Asiya vəAfrika ölkələrinin tanınmış şəxsiyyətləri ilə olan çoxlu şəkillərin albomda yer alması, onların kitabın mətni ilə uzlaşdırılması və böyük bir tarixi dövrü əhatə etməsi kitab-alboma bir salnamə sanbalı qazandırmışdır. Bu şəkillər çox güclü emosional təsir oyadır və tarixdən bu günümüzə duyğu-düşüncə körpüsü rolunu oynayır.

Mirzə İbahimovun müdrik sözlərindən biri də “İşığın qabağını kəsmək çətindir” sözləridir. Bu, həqiqətən, belədir. Təqiblərə, təzyiqlərə, qadağalara, məhrumiyyətlərə məruz qalan Mirzə İbrahiomov şəxsiyyətindən və sənətindən yaranan işıq zaman keçdikcə daha çox şölələnir. Teymur Əhmədov bu kitab-albomla bu işığın daha da parlaq olmasının düşüncələrə, duyğulara daha çox aydınlıq gətirməsinə xidmət edir.

Yüksək poliqrafik zövqlə, maraqlı tərtibatla, sanballı formatda nəşr olunmuş bu kitab-albom XX əsr Azərbaycan ədəbi-ictimai fikirinin ən böyük nümayəndələrindən olan Mirzə İbrahimovun 100 illik yubiley tədbirləri çərçivəsində ədibin əziz xatirəsinə dəyərli töhfədir.

 

Allahşükür Qurbanov,

şərqşünaslıq üzrə fəlsəfə doktoru, publisist

Azərbaycan.-2014.- 28 dekabr.-  S.7.