Xankəndinin işğalı Kərkicahandan başladı

 

26 dekabr Yuxarı Qarabağın inzibati mərkəzi Xankəndinin, ardınca da Kərkicahanın işğal günüdür (28 dekabr). İşğal tariximizin “önündə” gedən Xankəndini unutmaq şərəfli tariximizin böyük bir hissəsindən imtina etmək olardı... 1991-ci ilin bu günləri Xankəndidən, Kərkicahandan sonuncu azərbaycanlı ailələr zorla ya qovuldu, ya da işgəncələrlə məhv edildi. Beləcə öz torpağımızda qaçqınlığın, məcburi köçkünlüyün acılarını yaşamağa başladıq. Onda bilmirdik ki, bizi qarşıda Xocalı soyqırımı, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın acı günləri gözləyir.

Vaxtilə İbrahim xanın qızı Ağabəyim Ağa Xankəndidə - Xanbağında anadan olub (1780-ci il) və 1832-ci ildə Tehranda vəfat edib, Darül-İman adlanan Qum şəhərində dəfn olunub. O doğulanda Qarabağda həyat başqa, dövr başqa, dünyasını dəyişəndə şərtlər tamam başqa idi. Onda Xankəndinin özütamam başqa statusda idi - o,, XVIII əsrin axırlarında Qarabağda xanların istirahət məskəni kimi məşhur idi.

Qeyd etməliyik ki, İsmayıllı rayonunda da Xankəndi adlanan yaşayış məntəqəsi var. Ümumiyyətlə, 19 rayondaXan” adı ilə başlayan 26 yaşayış məntəqəsi var - Xanabaq, Xanbulaq, Xankeçən, Xanagahs. Elə Xankəndinin yerləşdiyi Əskəran (indiki Xocalı) rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 kənd - XanadraxXansk daxildir. Həmin inzibati dairəyə daxil olan 53 kənddən 39-nun adı təmiz türk adıdır. Xan adlı iki kənd də - Xanlıqpəyə və Xanalı isə Şuşa rayonu ərazisindədir.

1988-ci il hadisələri başlayanda Xankəndidəki erməni əhalisi artıq azərbaycanlılardan çox idi. Hətta erməni alimi V.A.Parsamyan yazırdı ki, Rusiyaya birləşənə qədər indiki Ermənistanın özündə belə 169155 nəfər əhalinin 33,8 faizi erməni, 49,7 faizi isə müsəlman (azərbaycanlı) idi. (Parsamen V.A. İstoriya armyanskoqo naroda 1801-1900 q. kn., 1, Erevan, 1977).

Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi sülalələr bölgüsü qadağan olunur, hər şey imperiyanın maraqlarına tabe etdirilirdi. Keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün Qarabağda bütün əraziboyu hərbi hissələr yerləşdirilirdi. Onların biri də Xankəndinin “qismət”inə düşür. Digər tərəfdən İrandan Xankəndiyə köçürülən və rus hərbi bazalarında qulluğa cəlb olunan erməni ailələri də burada yerləşdirilir. Ermənilər də rusların bu “lütfkar”lıqlarından bəhrələnir və hərbi hissələrin imkanlarından istifadə edirdilər. Bu özünü yaxın tariximizdə bir daha göstərdi - 1992-ci il fevralın 26-da Xankədidə yerləşən 366-cı alayın köməyilə onlar Xocalı soyqırımı törətdilər.

7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi barədə qərar verməyə məcbur olarkən Xankəndinin adının dəyişdirilməsi bu prosesdə ən vacib həlqələrdən biri idi. Bu da özünü çox gözlətmədi - 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi “Stepanakert” adlandırıldı. Bununla tariximizə böyük bir zərbə vuruldu. Avstriyalı tarixçi Erix Fayqlın yazdığı kimi: “Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”.

Buna baxmayaraq illər keçir, şəhər böyüyürbu, özünü əhali artımında da göstərirdi. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min nəfər yaşayırdı. Xankəndidə böyük ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd və şərab zavodları fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları daxili bazarda özünə müştəri tapırdı. Sonra Ağdamdan Xankəndiyə qədər dəmir yolu çəkildi, televiziya işə salındı. Şəhərdə sovxoz-texnikum, tibbmusiqi məktəbləri fəaliyyət göstərirdi. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açıldı. 1973-cü ildə filial müstəqil Pedaqoji İnstituta çevrildi, erməni, Azərbaycan və rus bölmələri daha geniş fəaliyyət göstərməyə başladı.

Şəhərdə Tarix-Diyarşünaslıq Muzeyi, Dram Teatrı, N.Gəncəvi adına orta məktəb fəaliyyət göstərirdi. İndi həmin məktəb də övladları ilə birlikdə intizarlı günlərini yaşamaqdadır. Bu şəhərdə ölkəmizə şöhrət gətirən çoxlu insan dünyaya gəlib. Onların arasında İbrahim xanın qızı Ağabəyim Ağa, tanınmış teatr rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Baxşı Qələndərli, qeyri-adi səsinə görə Bülbül adı ilə məşhur olan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folklorunun tədqiqatçısı, professional vokal sənətimizin banisi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Murtuza Məşədi Rza oğlu Məmmədov, məşhur tarzən, Çəkməçi Məhəmmədi, Əbdülbaqi Zülalov, Məşədi Məhəmməd Fərzəliyev, Şahnaz Abbas, Segah İslam, Məcid Behbudov, Seyid Şuşinskinibaşqa ustadları xalq məclislərində və “Şərq konsertləri”ndə uzun illər müşayiət edən, Üzeyir Hacıbəylinin əsərlərinin mahir ifaçısı Məşədi Zeynal Haqverdiyev, Milli Qəhrəmanlardan Nizami Məmmədov və polkovnik-leytenant Şirin Mirzəyev, xalq artisti Fəxrəddin Manafov da var. F.Manafovun yaratdığı obrazlar arasında “Hökmdarın taleyi” (2008) filminin qəhrəmanı, bu torpaqlarda qətlə yetirilən İbrahim xanın xüsusi yeri var. 2012-ci il dekabrın 24-də işğal günü ərəfəsində Türkiyənin məşhur “Palmali” şirkətlər qrupunun sifarişi ilə “Xankəndi” tankeri hazırlanaraq suya buraxılıb. Bu gəmi dünya sularında da Qarabağdan, dərdlərimizdən danışır.Taleyin hökmü ilə ölkəmizin müxtəlif guşələrinə səpələnən xankəndliləri, kərkicahanlıları da danışdıran, bizimlə görüşə gətirən həmin dərdlər, həmin ağrı-acılar oldu.

“1988-ci ilin 18 sentyabrı Xankəndidə, Kərkicahanda Qarabağ hadisələri başlayandan ilk soyqırımı həyata keçirildi.” Bunu bizimlə görüşdə Kərkicahanda doğulan Tacəddin Səfərov, Sevda Həsənova və Səbuhi Səmədov dönə-dönə vurğuladılar. T.Səmədov dedi ki, mənim bütün nəslim orada-Kərkicahanda yaşayıb. Kərkicahan Xankəndidə 26-cı məhəllə adlansa da, özünün də tarixən formalaşan məhəllələri, nəsilləri vardı - Məmmədlilər, Mirzəməmmədlilər, Ramazanlılar, Molllalılar və s. Həmsöhbətlərim Kərkicahanın Qarabağ hadisələrinin inkişafındakı yerini bədnam “xüsusi idarəetmə komitəsi”nin rəhbəri Arkadi Volskinin dedikləri ilə yada salırlar: “Kərkicahan bir sümükdür, ilişib qalıb Xankəndinin boğazında”. Sevda Həsənova deyir ki, 366-cı alay olmasaydı, erməni quldurları bizə heç nə edə bilməzdilər. Mən hələ hadisələr qızışmamışdan Xankəndidə 8 nömrəli tam orta məktəbdə oxuyurdum. O vaxt uşaq olsam da erməni “başbilən”lərin - Z.Balayan, A.Manuçarov və başqalarının gəlib məktəbdə təbliğat apararaq bizə qarşı nifrət toxumu səpdiklərini görürdüm. Hadisələrə az qalmış şəhərdə muzdlular da peyda oldular. 1990-cı il oktyabrın 1-də erməni quldurları 7 yaşlı iki qardaşı - Əvəzlə Eyvazı gülləyə tutdular. Sonra üstlərinə qumbara atdılar. Körpələrdən biri həlak oldu, o birisi ağır yaralandı. Kiçik qardaşlarının qanını soyumağa qoymayan Elxan Abbasov da Şuşanın müdafiəsində şəhid oldu. Onunla birlikdə Lətif və Namiq Şahmuradov qardaşları da torpaq uğrunda canlarından keçdilər. T.Səfərov deyir ki, ermənilərin içində dəhşətli bir vəhşilik vardı. İndiki qondarma “Dağlıq Qarabağ Respublikası”nın başında dayanan Arkadi Qukasyanın atası Arşavel Xankəndidə həkim- cərrah idi. Mitinqlərin birində dedi ki, mən türklərin cəlladı olmuşam. Onları kəsib doğrayıb həyatlarını əllərindən almışam. Bizim Kərkicahandan Allah bilir neçəsi onun güdazına getdi. Mitinqlərin birində “ermənilərin anası” adlandırdıqları bir qadın sinəsini açaraq: “Qarabağı Ermənistana birləşdirməsəniz südümü sizə halal etmərəm”-deyirdi. S.Həsənova deyir ki, əvvəlcə əllərinə keçənləri döyüb qorxudurdular. Sonradan qətllər başladı. Kərkicahan məktəbinin tikintisi üçün material daşıyan Orduxan Səfərov ermənilərin bütün təzyiqlərinə baxmayaraq yolundan dönmədi. Laçınlı Əli ilə Orduxan quldurların pusqusuna düşüb Dağlıq Qarabağdakı ilk şəhidlər oldular.

28 dekabrdan əvvəl də azərbaycanlıların qətliamı ermənilər üçün adi hala çevrilmişdi. Sentyabrın 18-də Xankəndidə başlayan amansız qətliamlar Kərkicahanda davam elədi. Hadisələr başlarkən Kərkicahanda 330-dan artıq ev vardı. O gecə 19 ev odlara qalandı. Lakin kərkicahanlılar zəif silahlansalar da, düşmənə güclü müqavimət göstərdilər. Əhali əlinə keçən nə vardısa, onunla vuruşurdu. Şahidlər söyləyir ki, yaşlı bir qadın olan Diləfruz xala ətəyinə daş yığıb gətirir, hamını davaya çağırırdı. Elə həmin vaxtlar 4 uşaq anası Şəkər Salahova aldığı ağır yaradan həyatını itirdi. Onun taleyini Xankəndidə, Kərkicahanda paylaşanlar çox oldu.

1991-ci il dekabrın 28-dən 29-a keçən gecə saat 22-23 radələrində 366-cı alayın köməyi ilə erməni dəstələri Kərkicahan üzərinə növbəti hücuma keçdilər. Hadisədən xəbərsiz olanları, xüsusilə qocaları, yaşlı insanları evlərindəcə gülləyə tutaraq məhv edirdilər. Tacəddin Səfərov deyir ki, İlyas dayı ilə Şövkət xala, Qəribə xala ilə Qədir dayı belə vəhşiliyin qurbanı oldular. Həmin gecə Vəkil Şükürov da şəhid oldu. Osman Zeynalov quldur əlinə keçməsin deyə sonuncu gülləni ürəyinə sıxıb. Düşmənlər əsir götürdükləri Fərhad Abdullayevə nə qədər zülmlər etsələr də, ondan bu ifadəni ala bilməyiblər: “De ki, Qarabağ Ermənistanındır.” O isə: “Qarabağ bizimdir, bizimolacaq”, - deyib. Onun meyidini gətirən atası deyirdi ki. Fərhadda sağ-salamat yer qalmamışdı.

Həmin gün Yevlaxdan olan könüllülərin köməyi ilə qadınları, uşaqları Şuşaya yola sala bilən kənd sakinləri sonradan güclü erməni silahları qarşısında tab gətirməyib Kərkicahanı tərk etməli oldular, çətinliklə mühasirəni yarıb Şuşaya gələ billdilər. Sonradan Kərkicahan yenidən öz övladlarının nəzarətinə keçəcək və bu döyüşlər 1992-ci il yanvarın 15-dək davam edəcək. 30-dan artıq kərkicahanlının qanı Zərindüzün güllərinə qarışıb itəcək. .

Doğma yurdun dərdlərindən yana-yana danışan Səbuhi Səmədov deyir ki, uşaqlığımız od-alov, güllələr altında keçdi, gəncliyimiz isə yurddan-yuvadan uzaqlarda. Atam Şuşa həbsxanasının rəis müavini idi. Bakı Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alırdı. Əslən Kərkicahandan idio ağır günlərdə daim oraya imkanı daxilində kömək göstərməyə çalışırdı. Atam Şuşa alınan gün bütün dustaqlara silah verib demişdi: “Vətən əldən gedir, döyüşmək lazımdır”. Onlar həqiqətən sonadək döyüşdülər. Şəhid olanları da oldu. Elə atam da şəhidlərin arasında idi...

Sonda kərkicahanlıların, xankəndilərin bir arzusu, bir gileyi oldu. Gileyləri bu oldu ki, 10 mindən artıq xankəndlinin özünün ayrıca inzibati vahidliyi yoxdur. Bu da onların birliyinə və haqq işi uğrunda mübarizələrinə çətinlik yaradır. Arzuları isə bundan ibarət idi ki, tezliklə doğma yurda qayıdıb sönən ocaqlarını qalasınlar.

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 28 dekabr.-  S.7.