“Məktəbi-tərbiyə” yaratmaqla “xalq müəllimi” adını qazandı

 

Məhəmməd Tağı Sidqi -160

 

XIX əsrin sonuncu onilliyinin əvvəlində kiçik bir əyalət şəhəri, əslində isə şeir-sənət ocağı, qədim mədəniyyət və memarlıq məskəni olan Ordubadda yeni bir maarif işığı yanmağa, ziya çeşməsi qaynamağa başladı. Burada “Əxtər”, yəni, “Ulduz” adlı yeni məktəb yaradıldı. Bu məktəbi yaradan Məhəmməd Tağı Səfərov (Sidqi) idi. Həmin Sidqi ki, sonralar xalq ona “böyük ustad”, “xalq müəllimi” adını verdi.

Görkəmli maarifçi mütəfəkkirin yaydığı savad, bilik ziyası bütün Naxçıvanı bürüdü. Sidqi həqiqətən də xalqın savadlanmasına böyük qüvvə sərf etdi, klassik maarifçilərlə yeni nəsil maarifçiləri arasında varislik körpüsü saldı. O, Azərbaycanda milli maarifçiliyin inkişafında ən yaxşı ənənələri yaradanlardan oldu. Ulu öndər Heydər Əliyev maarif fədaisinin xidmətlərini yüksək dəyərləndirərək demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.

Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərov Azərbaycan tarixinə maarifçi, pedaqoq, şair, publisist kimi daxil olmuşdur (Sidqi onun təxəllüsü idi). 1854-cü il martın 22-də Ordubad şəhərində dünyaya göz açmışdı. Mədrəsə təhsili almasına baxmayaraq, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdi. O, gənclik dövründə ailəsini dolandırmaq üçün ticarətlə məşğul olmuş, çalışdığı yer birbaşa təyinatından daha çox ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəzi, qiraətxananı əvəz etmişdi.

M.T.Sidqiyə tarixi, arxitekturası, abidələri ilə zəngin olan Ordubad kimi zəngin mədəni məkanda doğulmaq, yaşamaq səadəti qismət olmuşdu. Tale yolları Sidqini ən əvvəl burada tarixi romanlar ustadı Məmməd Səid Ordubadinin atası, görkəmli şair Fəqir ağanın açdığı yeni üsullu məktəb və yaratdığı “Əncüməni-şüəra” ədəbi məclisinə gətirmişdi.

Sidqi Ordubad ədəbi mühitinin yetirməsi idi. O dövrdə Ordubadda Hacı Ağa Fəqir, Hüseyn Bikəs, Əliqulu Münzib, Nəqqaş, Əhmədağa Şəmi, Hacı Ələsgər, Ələkbər Bəzzaz kimi ziyalılar yaşayıb yaradırdılar.

1892-ci ildə Sidqi Ordubad şəhərində İbrahim xan mədrəsəsinin yerləşdiyi binada ana dilində məktəb açır və onu “Əxtər” adlandırır. “Əxtər”in yaranması o zaman təkcə Ordubad üçün deyil, bütün Naxçıvan elləri üçün əlamətdar hadisəyə çevrilir. Köhnə mollaxanalardan fərqli olaraq bura dərslərin ana dilində keçirildiyi bir məktəb idi. O, ruhani məktəblərindən həm də təlim və tərbiyə üsulları ilə fərqlənirdi. Burada ana dili, hesab, coğrafiya, hifzi-səhiyyə, fars və ərəb dilləri tədris edilirdi. Şagirdlərin döşəmədə, həsirin üstündə deyil, partalarda oturması da məktəbdəki yeniliklərdən idi.

Valideynlər qısa zamanda uşaqlarının savadlandığını görüb sevinirdilər. Beləliklə, “Əxtər”ə rəğbət də artırdı. Sidqi məktəb üçün əlyazma şəklində ana dili, coğrafiya və hesabdan dərsliklər hazırlamışdı.

Elə həmin il İrəvan qubernatorunun hesabatına əlavə olunan icmalda “Əxtər” haqqında da məlumat verilmişdi. Məktəb haqqında artıq quberniyanın hər tərəfində geniş təsəvvür var idi.

1894-cü ildə Sidqi dövrün qabaqcıl ziyalılarının, xüsusilə Cəlil Məmmədquluzadənin xahişi və təkidi ilə Naxçıvana gəlir. Gəldiyi ilk gündən də şəhərin mədəni həyatında fəal iştirak etməyə başlayır. İki dost həmin ilin sentyabr ayında M.F.Axundzadənin “Hekayəti Molla İbrahimxəlil kimyagər” komediyasının tamaşasının oynanılması üçün İrəvan xalq maarif müfəttişliyinə müraciət edir.

Naxçıvanda Sidqi təbii ki, öz fəaliyyət meydanını genişləndirmək imkanı qazanır. Camaat burada da təxminən “Əxtər” kimi bir məktəbin yaradılması arzusu ilə Sidqiyə müraciət edir. Məktəb yaradılanda ona Yamxana, Əbrəqunus, Təzəkənd, Çay Şahbuz, Cəhri, Nehrəm kəndlərinin ziyalıları dəstək verirlər. Naxçıvanda eyni quruluşda yaratdığı məktəbə Sidqi “Məktəbi-tərbiyə” adını verir.

Bu təhsil ocağında dünyəvi fənlər keçilirdi. Belə ki, tədrisə hesab, tarix, coğrafiya fənləri, Azərbaycan, rus, ərəb və fars dilləri dərsləri daxil edilmişdi. Məktəbdə Azərbaycan, ərəb və fars dillərini Sidqinin özü tədris edirdi. Dərs prosesində istifadə olunan coğrafi xəritə, qlobus, yazı lövhəsi maraqlı yeniliklər idi.

Yeri gəlmişkən qeyd edək ki, vaxtilə Sidqinin burada tətbiq etdiyi “Ədəb qaydaları” bu günədək qorunub saxlanır. O zaman uşaqlara etika dərsləri keçilirdi.

“Məktəbi-tərbiyə”yə hələ ilk dəfə 100-ə qədər şagird qəbul edilmişdi. Bu da məscid məktəblərinə vurulan zərbə demək idi. İrəvan qubernatoru 1895-ci ilə aid hesabatında qeyd edirdi ki, son vaxtlar müsəlmanlar arasında düzgün təşkil edilmiş məktəb açmaq sahəsində dönüş hiss edilir. Hesabat ilində Naxçıvan şəhərində belə bir məktəb açılmışdır ki, orada rus dili də məcburi fənn kimi tədris edilir.

1896-cı ildə “Məktəbi-tərbiyə” rus-Azərbaycan məktəbinə çevrilir və o, xalq məktəblər direksiyasının tabeliyinə keçir. Sidqi məktəb müdirliyindən azad edilir. Çünki müəllimlik üçün şəhadətnaməsi yox idi, həm də rus dilini yaxşı bilmirdi. Bununla belə, Sidqi məktəbin inkişafına çalışır, bütün gücünü və bacarığını əsirgəmirdi. Camaat ona əvvəlki kimi hörmət bəsləyirdi.

Sidqinin ən böyük arzularından biri azərbaycanlı qızların təhsil alması idi. Uzun sürən mübahisə və təbliğatdan sonra 1896-cı ildə o, “Qız məktəbi”ni təsis edir. Məktəb fəaliyyətə başlayanda orada cəmi 8 qız təhsil alırdı. Sidqi qızlara dünyəvi təhsil verməklə yanaşı, onlara “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” əsərini yazır. Mütəxəssislərin fikrincə, bu əsər indi də tərbiyəvi əhəmiyyətini itirməyib və onun Azərbaycan pedaqoji fikir tarixində öz yeri var.

XIX əsrin sonu - XX əsrin əvvəllərində qızların təhsil alması və oğlanların yeni üsullu məktəblərdə oxuması bir sıra cahil mollalar tərəfindən dinə qarşı çıxmaq kimi dəyərləndirilirdi. M.T.Sidqi isə camaatı inandırmağa çalışırdı ki, bu işdə bir qəbahət yoxdur. O, Qurani-Kərimdən də misal gətirirdi.

Həmin hadisələrin şahidi olmuş, o dövrdə yeniliklərə maraq göstərmiş ziyalılardan Məşədi Zeynalabdin sonralar həmin olayları belə xatırlayırdı: “Mirzə Tağı müəllimlə mollaların, müşteyidlərin bərk davası düşdü... Onlar istəmirdilər ki, Sidqi müəllim qızları oxutsun. Elə ki Mirzə Tağı müəllim qızların oxumasını “Quran”ın da tələb etdiyini camaata oxuyub göstərdi, daha buna şəkk olmadı”.

Sidqinin maarif fədaisi olması dövrünün görkəmli şəxsiyyətlərinin nəzərindən qaçmamış və yüksək qiymətləndirilmişdir. Məsələn, Cəlil Məmmədquluzadə onun maarif və mədəniyyətin tərəqqisinə göstərdiyi xidmətlər barədə demişdir: “Sidqinin Vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək camaatımızın savad və maarif aləmində olan indiki əhvali ilə on il bundan əqdəm halətini. Tərəqqi çox artıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, insafdan və həqiqətdən bilmərrə uzaq olmaz. O hörmət və məhəbbət ki, camaatımız mərhuma göstərirdi, indiyə kimi heç bir şəxsə göstərməyib...”

Məhəmməd Tağı Sidqinin Azərbaycan maarifi qarşısındakı xidmətləri yalnız təşkil etdiyi məktəblərlə bitmir. O, “Tərbiyə” məktəbində müəllim və müdir kimi fəaliyyət göstərdiyi müddətdə “Heykəli-insana bir nəzər”, “Puşkin”, “Kəblə Nəsir” kimi mətbu, “Mənəviyyati-mədəniyyət”, “Həkimanə sözlər”, “Yüz il yatandan sonra” kimi ictimai-siyasi, fəlsəfi, etik və elmi-pedaqoji əsərlərini yazmışdır. Bundan əlavə, o, “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Tənviri-əfkar” (Fikirlərin işığında), “Müxtəsər coğrafiya risaləsi” və “Təfhimi-insaniyyət”, “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” adlı dəyərli dərsliklər yaratmışdır.

Maraqlıdır ki, maarif mövzusu Sidqinin bədii yaradıcılığında da öz əksini tapmışdır. O, məktəbi obrazlı şəkildə “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” adlandırmışdır. Dünyanın abad olmasının elmlə mümkün olduğunu, digər dilləri öyrənməyin faydasını, kamil insan olmaq qayəsini poetik şəkildə çatdırmışdır. Oğlu Məmmədəliyə ünvanladığı öyüd-nəsihət də bədii şəkildə ifadə olunmuş tərbiyəvi əhəmiyyətli əsərdir.

Məhəmməd Tağı Sidqinin yaradıcılığında ata-anaya hörmət və övlada qayğı məsələlərini araşdıran pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov yazır: “Məhəmməd Tağı Sidqi istəyirdi ki, qızlarımız əqidəli, doğrucul, vətənpərvər, milli mentalitetimizi sevən və onu yad təsirlərdən qoruyan qadınlar kimi böyüsünlər. Bunun üçün də qızlarımızın özlərinin tərbiyə görməyə ehtiyacı vardı. Bu ehtiyacı da ancaq “analar yetişdirəcək məktəblər” ödəyə bilər. Pedaqoq Sidqi qadının - qızların təhsil almasını vacib bilir və göstərirdi ki, gələcək cəmiyyətin taleyi onların öz uşaqlarına verdiyi tərbiyədən çox asılıdır. O, qızların ailədə feodal-patriarxal münasibətlər əsasında tərbiyəsinə qarşı məktəb tərbiyəsini, sağlam ailə tərbiyəsini qoyur, oğlanlar kimi qızların da eyni məktəblərdə oxumasını tələb edirdi. Əgər hər bir ana məktəb tərbiyəsi görübsə, təbii ki, uşağının da tərbiyəsi ilə düzgün məşğul olur”.

M.T.Sidqinin qadının, ananın yeni nəslin yetişməsindəki rolu haqqında fikirləri “Bala tərbiyəsi” hekayəsində tam dolğunluğu ilə əks olunmuşdur. Burada müəllif elmi, təhsili üstün tutan bir qadını daş-qaş hərisi olan digəri ilə qarşılaşdırır. Gəldiyi nəticə isə belə olur: “Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Ananın rəftarı və kiridarı, hal-hərəkəti balaların qəlbinin aynasına əks salır”.

Təcrübəli müəllim publisist qələmi ilə camaata çatdırmaq istəyirdi ki, hər bir kəs valideynlik borcunu yerinə yetirməli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, onun aqibəti ilə maraqlanmalıdır. Əxlaqi cəhətdən möhkəm olan vətəndaşlar tərbiyə etmək üçün maarifçi pedaqoq anaların özlərinin qüsursuz olmalarını, onların müəyyən qədər pedaqoji biliklərə yiyələnmələrini zəruri hesab edirdi. Sidqi istəyirdi ki, ana qarşısında duran bu kimi çətin, eyni zamanda şərəfli və məsuliyyətli vəzifələr mümkün qədər inandırma, şəxsi nümunə əsasında həyata keçirilsin.

Beləliklə, dövrünün qabaqcıl ziyalısı olan Sidqinin mütəfəkkir fikirləri, zəngin dünyagörüşü onun bədii yaradıcılığında da öz əksini tam aydınlığı ilə göstərmişdir. O, çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatı mövzu, ideya və sənətkarlıq baxımından yeniləşdirmişdir.

M.T.Sidqi yaradıcılığının bir hissəsini klassik lirika janrı, əsasən qəzəllər təşkil edir. Lakin onun qəzəllərində bu janrın ənənəvi nümunələrindən fərqli cəhətlər çoxdur. Burada şair məhəbbəti deyil, ən çox azadlığı, yeni ictimai baxışları vəsf edirdi.

Taki millətdə olsun istiqlal,

Etməsin cəhl bizləri pamal - deyirdi şair.

“Dostlardan birinə mədəniyyətin yayılması haqqında şeir”in isə yalnız adı qəzəldir. Belə ki, müəllif burada elm, təhsil, savad, mədəniyyətdən uzaq olan adamları pisləyir. İnsanları mənasız şeirbazlıqla məşğul olmaqdansa, cəmiyyət üçün faydalı işlər görməyə çağırır. Bu istiqamətdə Sidqi digər əsərlər də yazıb ki, onlardan da biri “Tərcüman” qəzetinin 10 illiyinə ünvanlanıb.

XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan poeziyasında bir sıra yeniliklər baş verirdi. Sidqinin də bu yeniliklərin geniş yayılmasında xüsusi yeri vardı. O, yeni janrları, məsələn, pedaqoji marşı xatırladan maarifçi nəğmə və şərqiləri təbliğ edirdi. Köhnə ədəbi ənənələrdən, orta əsrlərin artıq vaxtı keçmiş mövzu və janrlarından ayrılmağı zəruri sayırdı. Keçmişin dar çərçivəsində qapanıb qalmağı fəlakət adlandırırdı.

Sidqinin ədəbi görüşləri də çox maraqlıdır. Ədib yazırdı ki, “söz kimi bir ruhi-rəvan və cövhəri-can varsa da, yenə sözdür”. O, insanların tərəqqisində söz sənətinin mühüm vasitə olduğunu vurğulayırdı.

Filologiya elmləri doktoru, professor H.Həşimli bu barədə belə yazır: “Görkəmli yazıçı köhnə ədəbi ənənələrin vaxtı keçmiş tematikasından və poetik sistemindən kənara çıxa bilməyən təqlidçi şairlərin yaratdıqları çoxsaylı nəzm nümunələrini, güldən, bülbüldən bəhs edən şablon, əhəmiyyətsiz şeirləri müasir amallarla uzlaşmayan gərəksiz söz yığımı hesab edir, onların yeni ədəbiyyatın inkişafında bir əngəl olduğunu nəzərə çatdırırdı. Ədəbiyyatı köhnə buxovlarda saxlamaq istəyənləri, boş-boş həcvlər yazanları söz sənətinin əsl vəzifələrindən uzaq sayan görkəmli ədib belələrini sərt tənqid edirdi”.

Beləliklə, M.T.Sidqi bir şair və yazıçı kimi fəaliyyət göstərərək həm uşaq və yeniyetmələr, həm gənclər, həm də geniş oxucu kütləsi üçün tərbiyəvi əhəmiyyətli əsərlər, əsasən şeir və hekayələr yaratmışdır. Lakin onun çoxşaxəli yaradıcılığı bununla bitməmişdir. O, rus, ərəb və fars dillərindən bir sıra dəyərli nümunələri Azərbaycan dilinə çevirmişdir. Azərbaycan teatrının inkişafına öz töhfəsini vermişdir. Qurbanəli bəy Şərifzadə, Mirzə Nəsrulla Əmirov, Cümşüd Paşa Sultanov kimi ziyalılarla əl-ələ verərək “Həvəskar aktyor dəstəsi” yaratmışdır. Sidqinin istedadı bu sahədə də özünü göstərmiş, o həm aktyor dəstəsinə rəhbərlik etmiş, həm də tamaşaların rejissoru olmuş və aktyor kimi çıxış etmişdir.

M.T.Sidqi elmi-pedaqoji dəyərə malik 7 dərsliyin müəllifidir. Bu dərsliklərin əlyazmaları AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.

Harada yaşamasından və işləməsindən asılı olmayaraq Sidqi daim yazıb yaratmışdır. O, qələmini şeirdə, nəsrdə, publisistika və jurnalistikada sınaqdan keçirmişdir. Təsadüfi deyil ki, ədəbi irsinə 300-dən çox qəzəl daxildir. Sidqi “Mənəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumənin, 1912-ci ildə kitab halında nəşr olunmuş “Heykəli-insanə bir nəzər” ədəbi-fəlsəfi traktının, 20-dən çox hekayənin müəllifidir.

“Məktəb hekayələri” silsiləsi ilə Sidqi əslində, Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. Bu silsiləyə yazıçının “Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və digər hekayələri daxildir.

Sidqi publisistika sahəsində öz dəsti-xəttini göstərmişdir. O, “Tərcüman” (Baxçasaray), “Əxtər” (İstanbul). “Həblümətin” (Kəlkətə), “Kaspi” (Bakı), “Nasiri” (Təbriz) və digər qəzetlərlə əməkdaşlıq etmiş, onların səhifələrində maraqlı yazılarla çıxış etmişdir.

M.T.Sidqi rus dilinə və rus ədəbiyyatına böyük maraq göstərirdi. O, rus dilini öyrənməyi, rus mədəniyyətini və ədəbiyyatını təbliğ edirdi. 1899-cu ildə Sidqi böyük rus şairi A.S.Puşkinin 100 illik yubileyi münasibətilə geniş məruzə edir və bununla həmin rəğbəti bir daha təsdiqləyir.

Azərbaycan bədii, elmi, ictimai fikrinin ilk daşıyıcılarının böyük bir dəstəsi - Hüseyn Cavid, M.S.Ordubadi, İbrahim Əbilov, Əziz Şərif, Rza Təhmasib, Əliqulu Qəmküsar, Bəhruz Kəngərli və neçə belə fikir-sənət bahadırı özünün müzəffər yürüşünə M.T.Sidqinin xeyir-duası ilə başlayıb. Bu görkəmli pedaqoq, şair, publisist özünün 49 illik ömrü ilə Naxçıvan maarifində elə bir fırtına qoparmışdı ki, onun əks-sədası bütün Yaxın Şərqə yayılmışdı.

Sidqinin Qurbanəli Şərifzadə, Paşa ağa Sultanov, Eynalı Sultanov, Nəsrulla Şeyxov, M.Müctəhdizadə, Baxşəliağa Şaxtaxtinski kimi müasirləri və dostları olmuşdu. Bundan əlavə, Şuşa, Tiflis, İrəvan, Bakı şəhərlərində yaşayan bir çox görkəmli ziyalılarla məktublaşmış, dostluq etmişdir.

M.Şahtaxtlı “Şərqi-Rus” qəzetini nəşr etməyə başlayanda onu alqışlayanlardan biri də məhz M.T.Sidqi olmuşdur. “Ümid etmək olar ki, az müddətdən sonra “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik-mərifət çırağı cəhalət çölündən səadət, xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.

M.Şahtaxtlı Sidqini qəzetdə işə də götürmək istəyib. Lakin Sidqi 1902-ci il yanvarın 1-də bu təklifə cavabında yazıb: “Mən özümü bu müqəddəs yolda iftixar etməliyəm. Bu, mənim üçün əbədi bir səadətdir. Lakin məni bu yoldan çəkindirən bir maneə varsa, o da ailə vəziyyətimlə əlaqədardır. Mən onlarsız heç bir yerə gedə bilmərəm. Allah bərəkət versin. Altı azyaşlı övladım var, məndən başqa baxanları yoxdur... Tiflisdə olmamışam. Bir yerdən başqa yerə bu qış vaxtında köçmək çox çətin məsələdir. Məsləhət bilsəniz, bir neçə vaxt hələlik burada qalım. Buradan yazmaqla, sizinlə əməkdaşlıq etmək iqtidarındayam”.

“Şərqi-Rus”un təsisçisi və redaktoru bunun cavabında yazır: “Məşədi can, sənin məhəbbətlə dolu məktubunu aldım... Tiflisə gəlsəniz, çox minnətdar olaram. Bizim qəzetdə işləmək istəyirsinizsə, birinci dəfə sizə 80 manat maaş verə bilərəm. Get-gedə maaşınız artar. Mənə inanın, Tiflisə gəlsəniz, əl-ələ verib çalışarıq. Pul lazım olsa, xəbər verin, göndərim...

Cavab gözləyirəm.

Sizi qəlbən sevən: M.Şahtaxtinski, 1903-cü il”.

Sidqinin yuxarıda göstərilən məktubda böyük sevgi ilə haqqında söhbət açdığı altı övladından biri oğlu Məmmədəli idi ki, o, ata yolunun davamçısı - müəllim, yazıçı, jurnalist oldu.

Məmmədəli 1906-1908-ci illərdə “İrşad” qəzetində işləmişdi. 1910-1911-ci illərdə “Molla Nəsrəddin”in müvəqqəti redaktoru olmuşdu. Cəlil Məmmədquluzadə əziz dostunun oğluna hörmət bəsləyir və bel bağlayırdı.

1910-cu il iyunun 9-da Mirzə Cəlil məktubunda yazırdı: “...Kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. İki ay gəlib Tiflisdə qala bilsəniz, tez gəlin... Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm”.

Məmmədəli Sidqi ədibin şəxsi həyatında ona həyanlığını, eləcə də jurnalın ən çətin illərində öz bilik və istedadını əsirgəməmişdi. Sidqi “Molla Nəsrəddin”də çətin və məsuliyyətli işləri yerinə yetirməli olurdu. O, maliyyə, senzura ilə bağlı məsələləri həll edir, gələn yazıları növbəti nömrə üçün seçib hazırlayırdı. Cavan idi. Mirzə Cəlilin daimi məsləhətləri, işgüzar məktubları ona bu işləri layiqincə yerinə yetirməyə kömək edirdi.

Tapşırıqlar çox və çətin idi. Lakin Sidqi onların öhdəsindən uğurla gələ bilirdi.

1913-cü ildə oğul Sidqi Bakı şəhərində və Bülbülə kəndində müəllim işləyir. Eyni zamanda yerli qəzetlərə, “Molla Nəsrəddin”ə məqalələr yazır, hətta bəzən həvəskar aktyorların tamaşalarında kiçik rollarda oynayır. Hətta 1917-ci ildə Bakıda A.M.Şərifzadənin rejissorluğu ilə səhnəyə qoyulmuş “Ölülər” pyesində Şeyx Nəsrullah rolunu ifa edir.

“Molla Nəsrəddin”in fəal əməkdaşı Ömər Faiq Nemanzadə, şair Mirzə Ələkbər Sabir, ədəbiyyatşünas Firudin bəy Köçərli, mürəttib İsmayıl Həqqi M.Sidqini səmimiyyətinə və qabiliyyətinə görə sevmişdilər. Sonralar bu sıraya şair Səməd Mənsur, dramaturq Cəfər Cabbarlı, aktyor Kazım Ziya və başqaları da daxil olmuşdu. Sidqi dövrünün bir çox qabaqcıl ziyalıları ilə məktublaşırdı.

1917-ci ildən Məmmədəli Sidqi “Sovqat” və “Kommunist” qəzetlərində işləmiş və beləliklə, ata yolunu davam etdirmiş, daşıdığı soyadının nüfuzunu uca tutmuşdur.

Bu gün isə Məhəmməd Tağı Sidqinin yolunu yüzlərlə mənəvi övladı davam etdirir. Onlar təhsil, ədəbiyyat, mədəniyyət, jurnalistika sahələrində fəaliyyət göstərirlər.

Adının əbədiləşdirilməsi üçün də əməli tədbirlər görülüb. Naxçıvan Dövlət Kukla Teatrı M.T.Sidqinin adını daşıyır. Maarif fədaisinin adı eləcə də Naxçıvan şəhərindəki 4 nömrəli və Ordubad şəhərindəki 1 nömrəli orta məktəblərə verilmişdir. Naxçıvanda onun adına küçə də var.

M.T.Sidqinin yaradıcılığı da ətraflı araşdırılıb. Vaxtilə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Qurbanəli Şərifzadə, Əziz Şərif, Əliqulu Qəmküsar onun haqqında dəyərli əsərlər, xatirələr yazmışlar. Son onilliklərdə isə Əziz Mirəhmədov, Feyzulla Qasımzadə, İbrahim Mollayev, İsa Həbibbəyli, Şövqi Novruzov, Əsgər Qədimov və digər görkəmli alimlər onun irsini öyrənib, tədqiq edib, dəyərləndiriblər.

2014-cü il M.T.Sidqinin yubileyi ilidir. Naxçıvan MR Ali Məclisinin Sədri 2014-cü il avqustun 20-də “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Yubiley münasibətilə artıq bir sıra tədbirlər keçirilib. Ordubadda Sidqinin ev-muzeyinin yaradılması qərara alınıb.

Görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin adı və xatirəsi bütün Azərbaycan elləri üçün əzizdir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 30 dekabr.- S.11.