Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə

 Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti

 

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür. Sürətlə dəyişən dünyada xalqımızın bütün gücünü bir yerə toplamaq əzmindən güc alan həmrəylik günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.

Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrdə vüsət almışdır. Müstəqilliyinin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycan bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qoruyub saxlaya bildi. Azərbaycan uçurumun bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxdı.

Heydər Əliyev yolunu yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. On ildən artıqdır ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerini inamla qoruyub saxlayır.

Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə  yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə üzrə ayrıca dövlət qurumunun fəaliyyət göstərməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşməsinə kömək göstərir.

Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına yol açır. Dünyanın müxtəlif ölkələrində məskən salmış on milyonlarca soydaşımız  milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edir. Onlar yaxşı başa düşürlər ki, yalnız öz gücünü bir yerə toplayıb potensialını üzə çıxarmağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qoruya və artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş Azərbaycan xalqının yeni minillikdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ata-baba yurdu olduğuna görə Avropada, Asiyada, Amerikada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə elliklə kömək göstərməkdir. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması ümummilli vəzifələrdən biridir. Dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, Azərbaycan icmalarının gücləndirilməsi də mühüm vəzifələr sırasındadır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

Hörmətlə,

 

Azərbaycan Respublikasının Milli Məclisi

 (Müraciət Azərbaycan Respublikası Milli Məclisinin

2014-cü il 30 dekabr tarixli iclasında qəbul edilib).

Azərbaycan.-2014.- 31 dekabr.- S.1.