Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüşmüşdür.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan və Aİ arasında mövcud əlaqələr və əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında çoxşaxəli əlaqələr qurulduğunu, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulamışdır. Bildirilmişdir ki, indiyədək Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza Sadələşdirilməsi haqqında Saziş və digər mühüm sənədlər imzalanmışdır. Hazırda digər əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılır və Azərbaycan Avropa ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Görüşdə Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının fəaliyyətinin, Tvinninq, TAİEX, Sigma, Büdcəyə Dəstək yardım alətlərinin mövcud əlaqələrin inkişafında əhəmiyyəti qeyd olunmuşdur. Görüş zamanı həmçinin regionların sosial-iqtisadi inkişafına dəstək məqsədilə ölkəmizdə kiçikorta sahibkarlar üçün sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafı və Qafqaz regionundakı rolu barədə məlumat verən nazir Şahin Mustafayev ölkəmizin həyata keçirilən qlobal layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırmış, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə yaratdığını qeyd etmişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard Azərbaycan və Aİ arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamış, əməkdaşlığın perspektivlərinə dair fikirlərini bildirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 2 fevral.- S.2.