Gənclər Fondu gənclərə ideyalarını və təşəbbüslərini reallaşdırmaq üçün əsaslı şərait yaradır

 

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad HACIYEVDİR

 

 

 

- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin üçüncü ilinə qədəm qoyub. Fond bu dövrdə dövlət gənclər siyasətinin həyata keçirilməsinə hansı töhfələri verib və qısa zaman kəsiyi olsa da yaradılması zəruriliyini doğrulda bilibmi?

 

- Gənclər Fondu artıq üçüncü ildir ki, gənclərə dəstək verir, onların ideyalarını və təşəbbüslərini reallaşdırmağa əsaslı şərait yaradır. Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Gənclər Fondu gənclər arasında kifayət qədər tanınıb. Yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə fonda müraciət etmiş və dəstək almışlar. Hal-hazırda fond tərəfindən elan olunmuş 3-cü qrant müsabiqəsi icra olunur və 4-cü qrant müsabiqəsində qalib olmuş layihələr start götürür. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, fond tərəfindən də onlarla layihə  və tədbir reallaşdırılmışdır. Bunlara "Ulu öndər portretlərdə", "Sərhədsiz gənclər əməkdaşlığı", "Açıq kitab rəfi", "Qan verməklə başqasına həyat verirsən", milli mətbuat günü münasibətilə keçirilmiş tədbir, "Mobil kitab rəfi", "Dünya İqtisadi Forumu (DAVOS) Qlobal Gənclər Birliyinin "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda beynəlxalq forumu, "Ən yaxşı sosial çarx" müsabiqəsi və s. misal çəkə bilərəm. Fond mütəmadi olaraq beynəlxalq tədbirlərdə təmsil olunur, Azərbaycanda səfərdə olan xarici gənclər təşkilatlarının nümayəndələri və gənclər ilə görüşlər keçirir.

Azərbaycan Gənclər Fondu  Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmışdır. Dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində gənclər üçün artıq bir çox işlər görülmüşdür. Məhz dövlət proqramının tərkib hissəsinə aid olan məsələlərdən biri də Azərbaycan Gənclər Fondunun yaradılması idi. Gənclər Fondu qısa müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll etmiş, 8 iyun 2012-ci il tarixindən etibarən rəsmən fəaliyyətə başlamışdır. Elə həmin tarixdə fond ilk qrant müsabiqəsini elan etmişdir. Ölkəmizdə ilk dəfə olaraq Gənclər Fondu gənclərin layihələrini rəsmi saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməklə onlayn formada qəbul etmişdir. Bu günə qədər 4 qrant müsabiqəsi üzrə fonda gənclərdən və gənclər təşkilatlarından 1507 müraciət daxil olmuşonlardan 1021-i maliyyələşdirilmişdir.

Müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə keçirilmişdir. Müsabiqələrdə qalib olmuşicra edilmiş layihələr Azərbaycanın bütün bölgələrini əhatə etmişdir. Qrant müsabiqələri ilə yanaşı, gənclər il boyu fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı əldə edə bilirlər. Artıq 50-yə yaxın gənc fonda müraciət edərək xarici ölkələrdə tədbirlərə qatılmış və Azərbaycanı təmsil etmişdir. Fond hər bir qrant müsabiqəsi zamanı gənclər arasında maarifləndirmə və aktivliyin artırılması məqsədilə nəinki Bakıda, zonal mərkəzlər olaraq seçilmiş iri şəhərlərdə də regional təqdimatlar keçirmişdir. Region gəncləri fondun fəaliyyəti və müraciət qaydaları barədə məlumatlandırılmışlar. Belə təqdimatlarda işğal altındakı ərazilərdən olan gənclər də iştirak etmişlər. Həmçinin gənclər təşkilatları və gənclər üçün infoseminarlar da keçirilmişdir.

Düşünürəm ki, Gənclər Fondu bu müddət ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilmələri üçün şərait yaratmışdır. Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının təmininə yönəlmişdir. Müsabiqələr zamanı xüsusilə regionlardan olan gənclərin aktivliyiyeni təşəbbüslərlə çıxış etməyi bizim üçün həqiqətən də sevindirici haldır. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, region gəncləri üçün intellektual klubların təsis olunması, region gənclərinin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi bir daha dövlətin gənclərə olan diqqət və qayğısının nümunəsidir.

- Qeyd etdiyiniz kimi, bu müddətdə fond tərəfindən bir neçə dəfə qrant müsabiqəsi elan edilib, gənclər və gənclər təşkilatları tərəfindən çoxsaylı layihələr təqdim olunub. Layihələrin seçilməsində hansı meyarlar əsas götürülür? Yəni prioritet sahələr hansılardır?

- Gənclər Fondunun fəaliyyətinə nəzarəti Müşahidə Şurası həyata keçirir. Fondun aparatı tərəfindən hər bir qrant müsabiqəsi üçün yeni istiqamətlər, yeni mövzular işlənib hazırlanır və Müşahidə Şurasına təqdim olunur. Layihələrdə Şura tərəfindən hər müsabiqə üçün yeni istiqamətlər seçilir. Layihələr qiymətləndirilərkən layihənin təqdim olunduğu kateqoriyaya, istiqamətə, mövzuyafondun təlimat və prosedurlarına uyğun olmasına diqqət edilir. Fond yerli (A kateqoriyası), beynəlxalq (B kateqoriyası), fərdi (C kateqoriyası) və təşkilati inkişaf (E kateqoriyası) kateqoriyaları üzrə layihələri qəbul edir. Hər bir müsabiqədə bütün kateqoriyalara yeni və fərqli mövzular əlavə olunur.

- Bəs maliyyə dəstəyi göstərilən layihələrin icrasının vəziyyətinə fond tərəfindən nəzarət mexanizmi varmı? Ümumiyyətlə, ötən qrant müsabiqələrinin yekunları ilə bağlı monitorinqlər keçirilibmi?

- Əlbəttə ki, qrant ayrılmış layihələrə fondun aparatı tərəfindən nəzarət edilir, mütəmadi olaraq monitorinqlər həyata keçirilir. İstər yerli, istərsə də beynəlxalq layihələrə fondun əməkdaşları ezam olunur və layihənin icrasının qiymətləndirilməsi aparılır. Bundan əlavə, layihə bitdikdən sonra fonda xüsusi formalarda həm təsviri, həm də maliyyə hesabatları təqdim edilir.

- Yəqin ki, qrant müsabiqələri elan olunarkən mövzuların təkrarlanması məsələsi ortaya çıxır. Bu baxımdan bilmək istərdik ki, müsabiqə üçün təklif olunan mövzuların seçimi hansı üsulla aparılır?

- Məhz mövzu təkrarlığına yol verməmək üçün ötən müsabiqələrdə qalib olmuş və keçirilmiş layihələrin effektivliyi, gözlənilən nəticələri göstərməyi təhlil olunur və bu təhlillərə uyğun olaraq yeni istiqamətlər müəyyən edilir. daxil olmuş müraciətlər qiymətləndirilərkən xüsusilə istiqamətlərdən kənara çıxılmamasına və təkrara yol verilməməsinə diqqət yetirilir.

- Qeyd etdiniz ki, fond xaricdə fəaliyyət göstərən gənclər təşkilatlarının da layihələrini dəstəkləyir. Xarici təşkilatların layihələri dəstəklənərkən hansı meyarlar əsas götürülür?

- Hal-hazırda hər hansı bir xarici gənclər təşkilatı əgər Azərbaycanın istənilən gənclər təşkilatı ilə əməkdaşlıq edirsə, həmin təşkilatla birlikdə beynəlxalq layihələr kateqoriyası üzrə fonda müraciət edə və dəstək ala bilər.

- Fonda təqdim olunan layihələrin keyfiyyəti Sizi nə dərəcədə qane edir? Layihələrlə bağlı iradlarınız əsasən nədən ibarət olur?

- Bizə çoxlu sayda layihə təqdim edilir. Onu deyim ki, həmin layihələr arasında bəzən çox maraqlıları ilə yanaşı, maraqsızları da olur. Təbii ki, hər zaman üstünlük maraqlı layihələrə verilir. Ancaq biz gənclər təşkilatlarına fonda layihə təqdim etməzdən öncə müraciət edərək birbaşa onlara öz istəyimizi bildiririk. Bəlkə də elə məhz bu səbəbdən müraciət edilən layihələrin 70-80 faizi bizi qane edən layihələr siyahısındadır. Biz istəyirik ki, gənclərimiz bunu bilsinlər ki, fond məhz ölkə başçısı tərəfindən onlar üçün yaradılıb. Biz gənclərin öz ideyalarını, təşəbbüslərini həyata keçirməsinə dəstək olmaq üçün yaranan bir qurumuq. Bu, gənclərə yaradılmış çox gözəl bir imkandır.

- Dövlətin gənclər siyasətinin həyata keçirilməsi, gənclərin ideya və təşəbbüslərinin dəstəklənməsi istiqamətində fondun perspektiv fəaliyyət planları barədə nə deyə bilərsiniz?

- Fond elan etdiyi müsabiqələrlə gənclərin və gənclər təşkilatlarının ideya və təşəbbüslərinin reallaşmasına dəstək göstərir. Biz çalışırıq ki, hər yeni müsabiqədə müsabiqənin istiqamətləri və şərtləri fondun əsas məqsədi olan gənclərin ideyalarının dəstəklənməsinə yönəlsin və maksimum sayda gənc bu imkanlardan yararlansın. Biz daim öz mexanizmimizdə yeniliklər edərək tərəqqiyə və gənclərin də uyğun olaraq inkişaf etməsinə, cəmiyyətin ictimai həyatında aktiv iştirakının stimullaşdırılmasına səy göstəririk. Gələcək müsabiqələrdə ola biləcək dəyişikliklər hal-hazırda icra olunan müsabiqə barədə aparılan sosial sorğulara, gənclərdən və gənclər təşkilatlarından gələ biləcək təkliflərə əsasən müəyyən olunacaq.

 

 

 

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 2 fevral.- S.3.