Dövlət siyasəti gənclərin özlərini təsdiq etməsinə geniş imkanlar yaradıb

 

Gənclər həyatın nəbzini tutan təşəbbüsləri ilə cəmiyyətin inkişafına layiqli töhfələr verirlər

 

 

Azərbaycanda uğurla reallaşan dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını realizə etməsinə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, cəmiyyət həyatının ən müxtəlif sahələrində gənclərin xüsusi çəkisi ildən-ilə yüksəlməkdədir. Respublikamızda gənc nəslin inkişafına göstərilən yüksək dövlət qayğısı, onların fəaliyyətinin stimullaşdırılması həm də kreativ təşəbbüsləri və qabiliyyətləri ilə  fərqlənən gənc liderlərin formalaşması ilə müşahidə olunur.

Gənclər istər təhsil aldıqları ali məktəblərdə, istərsə də çalışdıqları ictimai sektorda həyata keçirdikləri fəaliyyətlə, müasir həyatımızın çağırışları ilə səsləşən təşəbbüslər və layihələrlə cəmiyyət həyatının inkişafına öz töhfələrini verirlər. Belə gənclərdən biriFidan Azərqızıdır (Ağayeva). 1992-ci ildə Masallıda anadan olan Fidan ibtidai təhsilini doğulduğu rayonda alıb. Daha sonra təhsilini Bakının Səbail rayonunda 190 saylı orta məktəbdə davam etdirib. Hazırda Bakı Qızlar Universitetinin IV kurs tələbəsi olan Fidan psixologiya ixtisası üzrə təhsil alır.

Fidan Azərqızı ilə söhbətimiz onun gənclər hərəkatında iştirakı, psixoloji məsələlərlə bağlı həyata keçirdiyi layihələr barədə oldu. Həmsöhbətimin gənclər hərəkatında iştiraka marağı hələ orta məktəb illərində baş qaldırıb. O zaman "İrəli" hərəkatının məktəblilər arasında həyata keçirdiyi "Məktəb parlamenti" layihəsində fəal iştirak edən Fidan "deputat" kimi uğurlu fəaliyyət göstərib. Həmsöhbətim işgüzarlığını və aktivliyini daha sonra daxil olduğu Azərbaycan Qızlar Universitetində davam etdirib və II kursda olarkən universitetin tələbə gənclər təşkilatının sədri seçilib. İndiyə qədər bu vəzifəni həvəslə və layiqincə davam etdirir. Təşkilat universitet həyatında yaxından iştirak edir, həyata keçirdiyi tədbirlər rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilir.

2011-ci ilin sonlarından "İrəli" İctimai Birliyinə üzv olan Fidan Azərqızı çox keçmədən bu təşkilatın fəallarından birinə çevrilib. Birliyin keçirdiyi bütün layihələrdə və tədbirlərdə yaxından iştirak edən Fidan tezliklə özünün layihələrini reallaşdırmağa başlayıb. "İrəli" İB-ə üzvlük ona xüsusən ixtisası olan psixologiya ilə bağlı təşəbbüslərini həyata keçirməyə imkan verib. Təşəbbüsləri və hazırladığı layihələr maraqla qarşılanaraq dəstəklənib. Onu da qeyd edək ki, Fidan Azərqızı artıq II kursda psixologiyanın 8 sahəsini başa vurub. Bu da ona biliyini bölüşməyə, psixoloji məsələlər ətrafında diskussiyalar aparmağa, bu mövzuda gəncləri düşündürən problemlərin həllinə xidmət edən layihələr həyata keçirməyə imkan verib.

Fidanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən biri "Psixologiya Akademiyası"dır. Fidan bildirir ki, layihənin məqsədi hər bir gənc üçün önəm kəsb edən müasir psixoloji tədris metodlarının təkmilləşdirilməsindən və inkişafından ibarətdir. Layihə çərçivəsində müxtəlif mövzularda müzakirələr keçirilir, filmlər nümayiş edilir, qrup terapiyası, seminarlar və təlimlər təşkil olunur.

İlk layihə ötən il baş tutub və 4 ay davam edib. Layihənin icrası müddətində kütlə ilə sosial psixologiyanın və kütlə ilə kollektivin fərqləri, kütlədə ünsiyyətin tipləri, təşkilatlanma, kütlənin rollara görə bölünməsi, evliliyə hazırlıq, ailə məsuliyyəti, psixoanaliz, şüuraltının kəşfi, fərdi inkişaf, özünəinamı formalaşdırmağın, tənbəllik, pessimistlik və qərarsızlıqdan uzaqlaşmağın yolları, şirkətlərin idarə olunmasında və marketinq strategiyasında psixologiyanın rolu, sosial şəbəkələrin insan həyatında rolusair məsələlər müzakirə olunub, rəqs terapiyası psixoterapevtik məşğələsi keçirilib. Layihə çərçivəsində ötən ilin mayında keçirilən sonuncu görüşün qonağı olimpiya çempionu Elnur Məmmədli olub. Elnur Məmmədli öz uğur hekayəsini iştirakçılarla bölüşüb, nailiyyət qazanmasında rolu olan məqamlardan danışıb.

Layihənin gənclər tərəfindən yüksək maraqla qarşılanması və qarşıya qoyduğu hədəflərə çatdığı nəzərə alınaraq, ötən ilin dekabr ayından "Psixologiya Akademiyası-2" layihəsinə start verilib. Layihənin iki ay davam etməsi nəzərdə tutulub və müsabiqə yolu ilə seçilmiş ümumilikdə 40 nəfər gənc iştirak hüququ qazanıb. Yanvarın 18-də layihə çərçivəsində ilk seminar baş tutub. "Səfillər teatrı" adlanan dinamik təlimdə iştirakçılar həyatlarında baş verən bir əhəmiyyətli problemə dərindən nəzər salmağı, eyni problemin şüurlarında əks olunmayan qaranlıq hissələrə işıq salmasını öyrəniblər. Eyni zamanda, teatrın başlıca məqsədi dünyada dominantların təzyiqinə məruz qalan, daim "monoloq" dinləmək məcburiyyətində olan, səsini dünyaya çatdıra bilməyən məzlumların rolunu üzə çıxarmaq olub. Təlimi LitvaAlmaniyada magistr təhsili almış və psixoloji tədqiqatlar həyata keçirmiş Aysel Sultan aparıb.

Yanvarın 25-də isə layihə çərçivəsində psixoloji film nümayiş olunub. "Böyük qardaşım - evin tək uşağı" adlanan və İtaliyanın yüksək mükafatına layiq görülən film uşaqların aldığı psixoloji zərbənin sonradan onların həyatındakı rolundan, depressiya, intihar və şəxsiyyət ikiləşməsindən bəhs edir. Layihə iştirakçıları kinonu izlədikdən sonra psixoloq Gültac Bayramova tərəfindən filmin psixoloji izahı verilib. Sonda iştirakçılar film haqqında fikirlərini müzakirə ediblər. Ümumiyyətlə, hər bir təlim xaricdə təhsil almış mütəxəssis tərəfindən aparılır.

Göründüyü kimi, psixologiya ilə bağlı təşəbbüslərini uğurla həyata keçirən Fidan həmçinin sosial şəbəkələrdə paylaşılan statuslara görə insan psixologiyasının öyrənilməsi və sosial şəbəkələrdə insanların davranışının araşdırılması ilə məşğuldur. Fidan onu da əlavə edir ki, psixologiyanı bilmək nə qədər yaxşı olsa da, çətin tərəfləri də var: "Psixologiyanı bilmək insanın həyatını qismən asanlaşdırır, amma çətin məqamlar da var. Asan tərəfi odur ki, bütün prosesləri analiz edib düzgün nəticə çıxarırsan. Bununla belə, bəzən çıxarılan nəticələr və bəzi insanların həyat cizgilərindəki cəhətlər insana rahatlıq vermir".

Fidan Azərqızı ictimai sektorda və xüsusən gənclər hərəkatında gender bərabərliyi barədə də qənaətlərini bölüşdü. Onun sözlərinə görə, bir ölkədə qadın haqlarını incələməklə onun demokratik dəyərlərə nə dərəcədə önəm verdiyini müəyyən etmək olar. Azərbaycanda qadınlara göstərilən diqqət, dövlət və ictimai sektorda qadınların fəallığı gender bərabərliyini göstərən mühüm faktordur. Həmsöhbətimin fikrincə, qadınların ictimai-siyasi həyatda aktiv olmaları gələcək nəsillərin də inkişafını sığortalamış olur. "Çünki qadın eyni zamanda anadır və tərbiyəçidir. Həyatda öz istəyinə çatmayan və natamamlıq kompleksi yaşayan bir qadının cəmiyyət üçün yararlı bir insan yetişdirməsi sual altındadır. Psixoloji araşdırmalar da göstərir ki, depressiyaya meyilligizli halda depressiya yaşayan xanımların böyük əksəriyyəti evdar qadınlardır. Bunun üçün hər birimiz hər zaman qadınlar üçün yaradılmış imkanlardan istifadə etməli və cəmiyyətdə onların müəyyən mövqe tutmalarına çalışmalıyıq", - deyə həmsöhbətim bildirdi.

Fidanın fikrincə, Azərbaycan gənci ilk növbədə özünə güvənməlidir. Cəmiyyətdə təsdiq olunmaq üçün gənc özü təşəbbüs göstərməli, bacarıq və qabiliyyətini nümayiş etdirməlidir. İnsanda inam olarsa, o, istənilən şəraitdə özünə yer tapa bilər. Bu baxımdan uğur qazanmaq üçün, düşünürəm ki, ilk növbədə gənclər özləri fəal olmalıdırlar.

Yüksək intellektli, bəşəri və milli dəyərlərə bağlı, bir sözlə, sağlam gəncliyin formalaşdırılması ölkəmizdə gənclər siyasətinin əsas istiqamətini təşkil edir. Yeni nəslin inkişafının əsas vasitəsi gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Azərbaycanda gənc nəslin cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır. Bu mənada Fidan Azərqızının ortaya qoyduğu nümunə göstərir ki, məsuliyyətini anlayan gənclik diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, cəmiyyətimizin rifahına öz töhfələrini verir.

 

 

 

Söhbəti apardı:

R.CƏFƏRLİ,

Azərbaycan.-2014.- 2 fevral.- S.3.