Azərbaycanın yüksəlişi naminə

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyi bu missiyanı uğurla həyata keçirir

 

 

Azərbaycanın yaxın dost və tərəfdaşı olan Ukraynada 500 min nəfərə yaxın soydaşımız yaşayır. Onların bu ölkənin əksər vilayətlərində fəaliyyət göstərən diaspor təşkilatları Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir, Azərbaycanla Ukrayna arasındakı dostluğun daha da möhkəmlənməsinə böyük töhfələr verir. Ukraynada yaşayandiaspor işində fəallıq göstərən soydaşlarımız arasında gənclərimiz daha fəaldırlar.

Ukraynada yaşayan azərbaycanlıların təxminən 30-35 faizi gənclərdir. Bununla yanaşı, son illərdə təhsil əlaqələrinin inkişafı ilə bağlı bu ölkəyə xeyli sayda azərbaycanlı tələbə gedib. Hazırda Ukraynada yalnız təhsil alan azərbaycanlı gənclərin sayı 6 min nəfərə yaxındır. Bu gəncləri bir araya gətirən Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) diaspor təşkilatları arasında nisbətən gənc olmasına baxmayaraq, mütəşəkkilliyi ilə fərqlənir. Bu günlərdə Bakıya gələn UAGB-nin Xerson vilayət təşkilatının sədri Elbin Quliyevlə görüşərək təşkilatın fəaliyyəti ilə bağlı söhbət etdik. Qısa olaraq bildirək ki, Elbin Akif oğlu Quliyev Bakı şəhərindəki 23 saylı orta məktəbin məzunudur. Hazırda Xerson Dövlət Universitetinin ikinci kurs tələbəsidir. 2012-ci ildən UAGB-nin Xerson vilayət təşkilatına rəhbərlik edir.

Elbinlə söhbətimizə diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızın qarşısında dayanan vəzifələrdən başladıq. Onun sözlərinə görə, azərbaycanlıların sıx təşkilatlandırılması, onların vasitəsilə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, habelə xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaqinkişaf etdirmək, onların problem və qayğılarının həlli, bir-biritarixi vətənləri ilə əlaqələrini genişləndirmək diaspor təşkilatlarının fəaliyyətinin prioritet istiqamətləridir. Ukraynada yaşayan və təhsil alan gəncləri bir araya gətirməyi, onların öz milli dəyərlərini qorumaq şərti ilə Ukrayna ictimaiyyətinə inteqrasiyaya dəstək verməyi qarşısına məqsəd qoyan UAGB yarandığı ilk gündən bu prinsipləri fəaliyyətində əsas götürür. Bu təşkilat Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına da öz töhfələrini verir.

UAGB-nin yaranmasından danışan Elbin Quliyev bildirdi ki, ilk dəfə 2010-cu ildə Dnepropetrovsk şəhərində Ukraynadakı azərbaycanlı gənclərin birinci forumu keçirilib. Forumda Ukraynanın 19 vilayətindən 700-ə yaxın gənc iştirak edib. Onlar forumun məntiqi nəticəsi olaraq gənclər arasında əlaqələndirmə şurasının qurulması qərarına gəliblər. Bir neçə ay uğurlu fəaliyyət göstərən əlaqələndirmə şurası əsasında daha sonra UAGB yaradılıb. Təşkilatın sədri Ukraynada təhsil alanaktiv diaspor fəaliyyəti ilə fərqlənən siyasi elmlər namizədi Anar Tahirovdur. Hazırda UAGB Ukraynanın 20 vilayətində yaşayan və təhsil alan azərbaycanlı gəncləri ətrafında birləşdirir. İndiyədək həyata keçirdiyi layihələrin sayı isə 100-ü ötüb. Bu mənada fəaliyyət göstərdiyi qısa vaxt ərzində UAGB qarşısına qoyduğu məqsəd və vəzifələrin icrası istiqamətində mühüm uğurlara imza atıb.

UAGB-nin ötən ilin mayında keçirilmiş üçüncü forumu təşkilatın həyatında mühüm hadisəyə çevrilib. Azərbaycan hökumətinin, ASAİF-in  dəstəyi  UAGB-nin təşkilatçılığı ilə keçirilən forumda Prezident İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsi, Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, onların milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilinin təmin edilməsi, şəbəkələşmə prosesinin gücləndirilməsi, informasiya mübadiləsi, təbliğat işinin interaktiv həyata keçirilməsi, Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına, o cümlədən  dövlət və hökumət strukturlarına inteqrasiya olunması və digər həlli vacib olan məsələlər əsas müzakirə obyekti oldu. Bu barədə danışan Elbin bildirir ki, forumun yüksək səviyyədə təşkili, Azərbaycan hökumətinin yüksək diqqəti UAGB-nin fəaliyyətini daha da stimullaşdırıb.

Qeyd etdiyimiz kimi, xaricdəki azərbaycanlı diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə düzgündolğun çatdırılmasıdır. Bununla bağlı fikirlərini bölüşən həmsöhbətim bildirdi ki, UAGB fəaliyyətə başladığı gündən Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin Xocalıda həyata keçirdikləri soyqırımının dünya ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak edir. Ukraynada yaşayan azərbaycanlı gənclər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasında mütəşəkkil iştirak edirlər. Bu kampaniya çərçivəsində UAGB Ukraynanın müxtəlif şəhərlərində yürüşlər, aksiyalar təşkil edir, hər il fevral ayını "Xocalı ayı" elan edir.

Elbin Quliyev UAGB-nin qarşısında problemlərin də mövcud olduğunu bildirdi. Onun sözlərinə görə, əsas problemlərdən biri Ukrayna dilini bilməməkdir. "Azərbaycandan gələn tələbələrin bu dili bilməmələri müəyyən problemlər yaradır. Bu məqsədlə UAGB-nin rəhbəri Anar Tahirovun təşəbbüsü ilə həm Ukraynanın regionlarında, həm də Kiyevdə pulsuz dil kursları təşkil edilir. Mən rusçex dillərini mükəmməl bilsəm də, Ukrayna dilini də yaxşı öyrənmək istəyirdim. Bu məqsədlə universitetə daxil olarkən tədrisin yerli dildə aparıldığı qrupa salınmağımı rektorluqdan xahiş etdim. Universtitet rəhbərliyi xahişimə müsbət cavab verdi və artıq Ukrayna dilini öyrənmişəm. Bu, mənim Ukrayna cəmiyyətini daha yaxından tanımağıma, yerli insanlarla rahat ünsiyyətimə, diaspor fəaliyyətimizi səmərəli həyata keçirməyimizə imkan verir", - deyə Elbin Quliyev bildirir.

Onu da əlavə edək ki, UAGB-nin təşkilatçılığı ilə Ukraynanın Nikolayev şəhərində "bazar günü" məktəbi də fəaliyyət göstərir. Məqsəd burada doğulub böyüyən azərbaycanlı uşaqlara ana dilimizi unutmağa imkan verməməkdir. Şəhərdə yaşayan azərbaycanlılar təşkilatın bu təşəbbüsünü alqışlayır və övladlarını həvəslə məktəbə göndərirlər.

UAGB-nin Xerson vilayət təşkilatı da Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, azərbaycanlı gənclərin azərbaycançılıq məfkurəsi altında milli ideya naminə səfərbər olunması, erməni yalanlarının ifşası, xalqımızın mənəvi dəyərlərinin təbliği istiqamətində fəal aparır. Bu məqsədlə görülən işlərdən biri Xerson Dövlət Universitetindəki muzeydə "Azərbaycan guşəsi"nin yaradılmasıdır. Universitet rəhbərliyi azərbaycanlı tələbələrin bu ideyasını yüksək qiymətləndirib və qısa zamanda Azərbaycanın təbliğinə xidmət edən gözəl guşə yaradılıb.

UAGB-nin Xerson vilayət təşkilatının üzvləri Xerson Dövlət Teleradio Şirkəti olan "Skifiya" ilə də sıx əməkdaşlıq edirlər. Vilayət təşkilatının sədri Elbin Quliyev televiziyanın səhər proqramının aparıcısıdır. Vaxtilə televiziyada təcrübə keçən Elbinin işgüzarlığı və qabiliyyəti televiziya rəhbərliyini razı salıb və soydaşımızı əməkdaşlığa dəvət ediblər. Elbin yerli televiziyada yalnız aparıcılıqla kifayətlənmək fikrində deyil. Belə ki, hazırda yeni bir proqram layihəsi üzərində çalışır. Bu proqram Azərbaycan xalqının, onun maddi və mənəvi dəyərlərinin tanıdılmasına, Azərbaycan və Ukrayna dövlətlərinin əlaqələrinə həsr olunacaq.

UAGB Xerson vilayət təşkilatının fəalları ötən il Azərbaycanın müstəqillik günündə Nikolayev şəhərində keçirilən talassemiyalı xəstələrə qanvermə aksiyasında yaxından iştirak ediblər. Təşkilat üzvləri bayram günlərində uşaq evlərinə baş çəkməyi də unutmurlar. Belə ki, Xerson şəhərindəki Taras Şevçenko adına 1 saylı uşaq evində təşkil etdikləri konsert proqramı valideyn himayəsindən uzaq olan 174 kimsəsiz uşağa xoşyaddaqalan anlar yaşatdırıb.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli dəyərlərimizin təbliği xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasından əhəmiyyətli dərəcədə asılıdır. Ukraynada azərbaycanlı gəncləri bir araya gətirən UAGB məhz bununla onların diaspor fəaliyyətlərini daha səmərəli həyata keçirmələrinə nail olub. Xarici ölkələrdə güclü diasporumuzla yanaşı, güclü gənclər hərəkatının formalaşdığını deyən Elbin Quliyev qürur hissi ilə bildirir ki, UAGB Rusiyanın Azərbaycanlı Gənclər Birliyindən sonra xarici ölkələrdə yaşayan və təhsil alan gənclərimizin ikinci nüfuzlu təşkilatı kimi qəbul edilir. Bu gün Anar Tahirovun rəhbərliyi ilə monolitgüclü təşkilata çevrilən UAGB üzvlərinin amalı Azərbaycanın yüksəlişinə xidmət etmək, azərbaycanlı adını layiqincə daşımaqdır.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 2 fevral.- S.4.