Milli Məclisin xanım deputatları lider olmaq istəyən qızlarla görüşüblər

 

Yanvarın 31-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə bir qrup xanım deputat Gəncə Regional Qadın Mərkəzinin Gəncə, Daşkəsən və Şəmkir rayonlarında qızlardan ibarət orta məktəb şagirdləri arasında keçirdiyi "Lider olmaq istəyirəm" layihəsinin qalibləri ilə görüşüb. Görüşdə qadının liderlik xüsusiyyətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Bahar Muradova qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Gəncə Regional Qadın Mərkəzinin həyata keçirdiyi bu layihə Azərbaycan cəmiyyətində gənc qızların qadın lider kimi yetişməsində böyük rola malikdir.

Sonra Gəncə Regional Qadın Mərkəzinin sədri, Gəncə Aqrar Universitetinin müəllimi Məleykə Əlizadə rəhbərlik etdiyi qurumonun fəaliyyəti barədə məlumat verib. Pilot layihə kimi Gəncə, Daşkəsən və Şəmkirdə həyata keçirilən "Lider olmaq istəyirəm" layihəsindən danışan M.Əlizadə bildirib ki, əsas məqsədləri Azərbaycan cəmiyyəti üçün lider qadın yetişdirməkdir: "Əvvəlcə yetkin xanımlarla işləyirdik, sonra başa düşdük ki, qadında bu keyfiyyətləri üzə çıxarmaq üçün orta məktəblərdən başlamaq lazımdır. Bu layihə çərçivəsində 45 qızdan 8-i qalib oldu. Bir neçə mərhələdən keçən həmin qızlar bu gün Milli Məclisin binasında sizlərlə bir masa ətrafında əyləşiblər".

Daha sonra qalib qızlar özlərini təqdim ediblər. Bildiriblər ki, məqsəd hansı ixtisasa yiyələnməkdən asılı olmayaraq, seçdikləri sahələrin liderinə çevrilməkdir. Onların qadın liderliyi barədə söylədikləri və fikirlərini səlis ifadə etmək bacarıqları xanım deputatlar tərəfindən yüksək rəğbətlə qarşılanıb. Deputatlar  Rəbiyyət Aslanova, Elmira Axundova, Gülçöhrə Məmmədova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxış edərək qalib qızlara tövsiyə xarakterli fikirlərini bildiriblər.

Qeyd edək ki, layihənin əsas iştirakçıları orta məktəblərin yuxarı sinif şagirdləridir. Layihənin məqsədi gənc qızlarda liderlik bacarıqlarının üzə çıxarılaraq onların fərdi inkişaflarına yardım etmək və motivasiya yaratmaqdır. Layihə 3 mərhələdən ibarət olub. Son mərhələdə qalib qızlar Bakı şəhərinə səfər ediblər. Səfər zamanı Milli Məclisdə, müxtəlif nazirliklərdə görüşlər, həmçinin asudə vaxtlarda mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.

Qaliblər Aytən Məmmədova, Fatma Həsənova, Fatimə Nəsirova, Minayə Vəliyeva, Aytən Talıbova, Günay İsayeva və Fatimə Rzayevadır. Layihənin davam etdirilməsi nəzərdə tutulur.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 1 fevral.- S.2.