Kənd təsərrüfatı naziri Ucarda Şirvan bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Yanvarın 31-də kənd təsərrüfatı naziri Heydər Əsədov Ucar, Zərdab, Ağdaş, Göyçay, Kürdəmirdən olan vətəndaşları qəbul etmişdir.

Ucar şəhərindəki  Heydər Əliyev Mərkəzində nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 60 nəfərədək vətəndaşın müraciətinə baxılmışdır.

Qəbula gələnlər əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsi, müasir suvarma sistemlərinin alınması, mineral gübrələrin qiymətlərinin aşağı salınması, regionlarda torpaq analizi laboratoriyasının yaradılması, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və digər məsələlər barədə müraciət etmişlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov hər bir vətəndaşı diqqətlə dinləmiş, müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün konkret tapşırıqlar vermişdir.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülmüşdür.

Qəbula gələn fermerlər, eləcə də fiziki şəxslər müraciətlərinin operativ həllinə, qarşılaşdıqları çətinliklərə həssas və qayğıkeş münasibətə, görüş üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 1 fevral.- S.6.