Rumıniya Prezidenti Trayan Besesku: «ATƏT-in Minsk qrupu və 5+2 formatı Ermənistan-Azərbaycan

və Dnestryanı münaqişələri həll etməyə qadir deyil»

 

Rumıniya Prezidenti Trayan Besesku Münhen Təhlükəsizlik Konfransında Ukraynadakı vəziyyətə həsr olunmuş paneldə dondurulmuş münaqişələr barədə çıxış etmişdir.

O demişdir: "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçıları olan Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələri vardır. Bu münaqişələrin həlli yollarını axtarıb tapmaq lazımdır. Biz onların həlli yollarını axtarıb tapmağı özümüz üçün prioritet kimi müəyyənləşdirməliyik. Bu dondurulmuş münaqişələr birdəfəlik həll olunmalıdır. Avropa İttifaqı ABŞ-ın köməyi ilə diplomatik imkanlara malikdir. Əgər o bu münaqişələrin nizama salınmasını özü üçün prioritet kimi müəyyənləşdirsə, onun imkanları münaqişələri hətta "win-win" formulu üzrə, yəni bütün tərəflərin xeyrinə həll etməyə  kömək edər. Amma onları həll etmək lazımdır, bu ölkələr özləri də yaxşı bilirlər ki, onların ərazilərindəki dondurulmuş münaqişələr həll olunmayınca, bu dövlətlərin Avropa İttifaqına daxil olmaq perspektivi yoxdur".

Trayan Besesku daha sonra demişdir: "Rumıniya Moldovanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Bununla belə, bizim 5+2 formatımız vardır. Bu format 23 ildir ki, Dnestryanı münaqişənin həlli barədə danışıqlar üçün platforma rolunu oynayır. Bəs nəticə nədir? Çox sadə: bu 23 ildə "muxtariyyətçilər" (yəni separatçılar:red) əslində öz "dövlətçiliyini" yaratmışlar. İndi onların bütün dövlət təsisatları vardır. Biz özümüz özümüzü aldadırıq, guya Dnestryanı zona üzrə 5+2 formulu kimi beynəlxalq formatlarla, yaxud  məsələn, Dağlıq Qarabağ üzrə digər çoxmillətli formatlarla problemi həll edə biləcəyik. Yox, həll edə bilməyəcəyik! Mən bütün Qara dəniz regionu və "Şərq Tərəfdaşlığı" Proqramı ölkələrini Avropa İttifaqı istiqamətində yolu maneələrdən təmizləmək üçün dondurulmuş münaqişələrin nizama salınmasını prioritet kimi müəyyən etməyə çağırıram".

 

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Münhen

Azərbaycan.-2014.- 4 fevral.- S.4.