Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək

 

Prezident İlham ƏLİYEV: "Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlardaimkanlar var, nə də ki potensial"

 

 

Azərbaycanın sürətli inkişafı, beynəlxalq birlikdəki mövqeyinin möhkəmlənməsi, bölgənin lider dövləti statusuna yiyələnməsi sayəsində uğurla reallaşdırdığı hücum diplomatiyası dünya çapında Ermənistanın ifşasına yol açıb. Ayrı-ayrı dövlət və beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçı kimi tanınması ilə yanaşı, işğalçılıq siyasətinə son qoyması əsas tələblərdən biri kimi irəli sürülür.

Ermənilərin Azərbaycan torpaqlarına iddiaları "böyük Ermənistan" yaratmağa yönəlmiş planın tərkib hissəsidir və əlverişli şərait yaranan kimi onun reallaşdırılmasına çalışıblar. 1991-ci ilin sonlarında SSRİ-nin iflası ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. 1992-ci ilin yayında Azərbaycan cəbhə bölgəsində müəyyən hərbi əməliyyatlar keçirməyə müvəffəq olsa da, o dövrkü iqtidarın səbatsızlığı ərazilərin bir qisminin itirilməsinə səbəb oldu.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev səriştəsiz rəhbərlərin Azərbaycana miras qoyub getdikləri problemləri həll etməli oldu. Ölkənin müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin yaradılması istiqamətində mühüm addımlar atıldı. Bunlara paralel olaraq Heydər Əliyevin 1993-cü ilin noyabrında xalqa müraciəti ölkəmizdə ordu quruculuğunun başlanğıc nöqtəsi kimi tarixə düşdü. Çox keçmədi Azərbaycan Ordusu HoradizMurovdağ istiqamətlərində ermənilərin mövqelərinə zərbələr endirdi. 1994-cü ilin mayında Ermənistan atəşkəs haqqında sazişin imzalanmasına razılıq verməli oldu. Bundan əvvəl də atəşin dayandırılması haqqında təkliflər gündəliyə çıxarılmışdı, amma ermənilər buna getmək istəmirdilər. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklər isə tamamilə fərqli situasiya yaratdı.

Atəşkəsdən sonra münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar başladı. Lakin ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlar atəşkəs razılaşmasından bəri nəticəsiz qalıb. İndiyədək problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilsə də, Ermənistanın qeyri-konstruktivliyi ucbatından heç biri baş tutmayıb. Münaqişənin həlli üçün hüquqisiyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Bu sənədlərdə işğalçı qoşunların Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan buna məhəl qoymur.

Geridə qoyduğumuz 2013-cü ildə də aparılan sülh danışıqlarında Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından irəliləyiş əldə olunmadı. Yanvarın 9-da Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu məsələ ilə bağlı ətraflı təhlil verib. Dövlət başçısı bildirib ki, qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan vaxtı uzatmaq taktikasını seçib və danışıqlar prosesini iflic vəziyyətə salıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq, ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda, 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır".

Məsələnin təəssüf doğuran digər tərəfi isə bütün bu proseslərin, xüsusən Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da, reallıqdır. Prosesə real təsir imkanlarına malik qüvvələr (söhbət beynəlxalq təşkilatlardan və ayrı-ayrı dövlətlərdən gedir) problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər.

Bu müharibədə Azərbaycanın torpaqları işğal olunsa da, əslində, strateji məğlubiyyət Ermənistanındır. Öz təcavüzkar siyasətinin qurbanı olan Ermənistan bütün layihələrdən kənarda qalıb. Qonşuları ilə normal münasibətlər yarada bilməməsi səbəbindən iqtisadi blokadadadır, 20 il əvvəl olduğu kimi, səfalət içindədir. Əhalisi sürətlə azaldığından hətta orduya əsgər çağırışında hər il ciddi problemlərlə üzləşir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Dinamik inkişaf edən Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə hər hansı iqtisadi layihənin reallaşması mümkün deyil. Dünyanın enerji təhlükəsizliyinə, terrorzimlə mübarizəyə böyük töhfələr verən Azərbaycan həm də dünya birliyində özünə layiqli yer tutub. İndi Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı apardığı müqayisələr Ermənistanın nə qədər miskin vəziyyətdə olduğunu göstərir. "Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlardaimkanlar var, nə də ki potensial".

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsi Azərbaycan üçün nə qədər vacibdirsə, Ermənistan üçün daha önəmlidir. Mövcud vəziyyətin qəbuledilməzliyinin vacibliyini həmsədrlər dəfələrlə açıq bildirsələr də, ortada hələ nəticə yoxdur. Çünki Ermənistan müxtəlif bəhanələr gətirməklə münaqişənin sülh yolu ilə həllini uzadır. Status-kvonun dəyişməsi üçün, ilk növbədə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmalıdırlar. Beynəlxalq ictmaiyyət, xarici təşkilatlar bu istiqamətdə beynəlxalq hüquq normalarını rəhbər tutsa da, əməli addım atmırlar. Belədə Azərbaycanın münaqişənin hərb yolu ilə həllini nəzərdən keçirməsi qaçılmazdır. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sülh danışıqları ilə yanaşı, hərbi gücünün artırılmasını diqqətdə saxlayır. "2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir".

Dağlıq Qarabağ əzəli Azərbaycan ərazisidir. Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad ediləcəyi gün isə uzaqda deyil. Azərbaycan hakimiyyətinin fəaliyyəti və həyata keçirdiyi uğurlu siyasət bunu deməyə əsas verir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 4 fevral.- S.8.