Çində ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirlərinin materialları kitab şəklində nəşr olunmuşdur

 

Ulu öndər Heydər Əliyevin Çin Xalq Respublikasında (ÇXR) keçirilmiş 90 illik yubiley tədbirlərinin materialları kitab şəklində nəşr olunmuşdur. 

Azərbaycanın Pekindəki səfirliyinin nəşr etdirdiyi kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halı, ötən ilin mayında Çin İctimai Elmlər Akademiyasının nəzdindəki Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfransın, dekabrda Pekində yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabının Çin dilində nəşrinin təqdimat mərasiminin materialları əksini tapmışdır. Buraya hər iki tədbirdəki çıxışların mətnləri, konfransın və təqdimat mərasiminin gündəliyi, Çin mətbuatında - Sinxua agentliyində, rəsmi "Jenmin Jibao" qəzetində, Çin Beynəlxalq Radiosunda, "Kitay" jurnalında mövzu ilə bağlı verilmiş xəbərlər, habelə ümummilli liderin yubileyinə həsr olunan foto və rəsm müsabiqəsinə aid materiallar daxildir.

Ulu öndərin Çin Xalq Respublikasına səfərinin 20 illiyi ərəfəsində hazır olan nəşr həmin tarixi səfərə, habelə ümummilli liderin Çin ilə bağlı tədbirlərdə iştirakına aid fotoşəkillərlə zəngindir.

Redaktoru Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov olan nəşrin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın və "Jenmin Jibao"nun fotomateriallarından istifadə olunmuşdur.

Nəşr Azərbaycan-Çin münasibətlərinin tarixini və ulu öndərin iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri öyrənmək baxımından sanballı mənbədir.

 

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Azərbaycan.-2014.- 4 fevral.- S.9.