Mərhəmət elçiləri

 

Mənəvi dəyərlərimiz

 

Vicdan azadlığı keçmiş sovet adamlarının qazandıqları ən önəmli hüquqlardan idi və insanlar bəzən heç mahiyyətinə varmadan bu azadlığı yaşamağa can atırdılar.

Bütün müsbət məziyyətləri ilə bahəm, bu meylin müstəqilliyini yenicə əldə etmiş dövlət, cəmiyyət üçün bəzi çətinlikləri də vardı. Müstəqillik əksər cəmiyyət üzvlərindən ötrü yeni sualların axtarışı idi. Demokratik, hüquqi dövlət, bazar iqtisadiyyatı, vətəndaş cəmiyyəti barədə bu gün hər kəsə aydın olan dəyər və prinsiplər haqqında o zaman bir o qədər də məlumatlı olmayan insanların müəyyən hissəsi öz suallarının cavabını dində axtarmağa başlayırdı.

Süquta uğramış SSRİ-nin başqa müsəlman respublikaları kimi, Azərbaycanda da dinə kütləvi qayıdış müşahidə edilirdi. Hər cür yasaqlar, məhdudiyyətlər aradan qalxır, çoxlu məscid tikilir, dini mərasimlər geniş qeyd olunur, dini təhsilə meyil sürətlənirdi. Amma əfsus ki, bəzi hallarda dinə qayıdışın dəb kimi başa düşülməsi meyilləri də nəzərə çarpırdı. Din insanların ruhi ehtiyacından daha çox, dəb elementi kimi özünü göstərirdi. O illərdə islama kütləvi qayıdışın dərin, əsaslı, səmimi, düzgün təməl üzərində qurulmasına böyük ehtiyac duyulurdu.

 

***

 

Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərindən cəmiyyətin islama münasibətinin düzgün və sağlam müstəvidə müəyyənləşdirilməsi işinə başladı. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət, əsasən aşağıdakı prinsiplərə istinad edirdi: 1) İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mənəviyyatının tərkib hissəsidir; 2) Din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir; 3) Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac vardır; 4) Dinlər və xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin əsas tələblərindən biridir.

Bu prinsiplərdə, yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq Qərb sivilizasiyası ilə sıx təmaslara başlayan Azərbaycanın eyni zamanda, islam dünyasının bir parçası olması amili, təbii ki, nəzərə alınmışdı. Heydər Əliyev Azərbaycanla Şərq ölkələri, xüsusilə, ərəb və islam dünyası arasında çoxsahəli əlaqələrin qurulması, genişlənməsi və möhkəmlənməsi üçün ictimai-siyasi, elmi-mədəni və mənəvi zəmin hazırladı.

 

***

 

Ulu öndərin cəmiyyətdə vicdan azadlığının bərqarar olması istiqamətində atdığı addımlar sırasında din və dövlət münasibətlərinin dəqiqləşdirilməsi xüsusi diqqət çəkir.

Onun bilavasitə ideya müəllifliyilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasında bu problemlər böyük müdrikliklə tam həllini tapdı. Konstitusiyanın din və dövlət münasibətlərinə dair 18-ci maddəsində deyilirdi:

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndi Azərbaycan cəmiyyətində dinin insanların ruhi ehtiyacı kimi qorunması, mənəvi dəyər qismində mühafizə olunması, bu ali dəyərin dini əldə bayrağa çevirmiş başqa cəmiyyətlərdəki kimi siyasi alətə çevrilib gözdən salınmaması məqsədinə xidmət edir. Bu maddənin şərhindən belə nəticə çıxır ki, müstəqil Azərbaycan dövləti respublikamızda qanun çərçivəsində rəsmi fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin, Rus Pravoslav İcmasının və Yəhudi sinaqoqunun daxili işlərinə qarışmır. Adları çəkilən dini qurumlar da dövlətimizin xarici və daxili siyasətinə müdaxilə etmir.

Amma bu, heç də o demək deyil ki, dövlətimiz dinə, dini qurumlara, dindarlara, o cümlədən islam ardıcıllarına qayğı göstərmir. Əsla, belə deyil. Azərbaycan dövləti ölkə ərazisində qanunla fəaliyyət göstərən dini qurumlara maddi və mənəvi dəstəyini heç zaman əsirgəməmişdir və bu gün də əsirgəmir.

 

***

 

Heydər Əliyev din xadimləri ilə davamlı göruşür, məscid və ziyarətgahlara baş çəkir, bütün dini mərasim və bayramlarda xalqa müraciət edir, bir sıra mərasimlərdə özü iştirak etməklə camaatla və möminlərlə ünsiyyətə girirdi. Bütün bunlar vicdan azadlığı ilə bağlı bəzi məsələlərin geniş kütlələrə izahı üçün çox vacib idi. Heydər Əliyev dini məsələlərə özünəxas bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin fəal iştirakçısı olaraq onun əsas istiqamətlərini müəyyənləşdirirdi. O, dinin, daha doğrusu, islamın müasir Azərbaycan cəmiyyətində tutduğu yeri açıb göstərmək, məqsəd və məramını lüzumsuz yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin və missioner təşkilatların pozucu fəaliyyəti və təxribatlarının qarşısını almaq üçün ölkədə dini işləri tənzimləmək, dövlət-din, müasirlik-din münasibətlərini sağlam bir müstəvidə qurmaq üçün çalışırdı.

Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması və digər bu kimi mühüm addımlar həyata keçirilən siyasətin tərkib hissələri idi. Ulu öndər təlqin edirdi ki, islam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin qaynağıdır. Sağlam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur. Sağlam cəmiyyəti və güclü dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir.

 

***

 

Heydər Əliyev islam elmləri sahəsində zəngin məlumatlı olmaqla yanaşı, islamın dərin psixoloji təsirlərini də çox gözəl bilirdi. Məhz bu keyfiyyətləri sayəsində o, dünyada baş verən hadisələri bacarıqla təhlil edir, əxlaqi və mənəvi sapmaların səbəblərini özünəməxsus sərrast məntiqlə izah edirdi.

Heydər Əliyevin dini-mənəvi, dini-fəlsəfi baxışlarının, fikir və ideyalarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, ümummilli liderimiz təkcə islam tarixinə, Azərbaycan xalqının islami dəyər və mənəviyyatına deyil, eyni zamanda, başqa səmavi dinlərin tarixinə, onların ehkamlarına və mənəvi dəyərlərinə də dərindən bələd idi.

Ulu öndər hələ 1993-cü ildə deyirdi: "İslam Azərbaycan xalqının, Peyğəmbər əleyhissəlamın və islam aləminə mənsub olan bütün insanların ən ali əxlaq mənbəyidir".

Ulu öndər islami dəyərləri cəmiyyətimizi qloballaşmanın ziyanlı təsirlərindən qoruyan əsas vasitələrdən biri kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, o, respublika gənclərinin I forumundakı çıxışında gənc nəsli müasir biliklərə yiyələnməyə, islami dəyərlərə sahib olmağa, hər bir gənci öz kökünə sadiqlik göstərməyə, vətənini sevməyə və Peyğəmbər əleyhissəlamın "Vətəni sevmək imandandır" kəlamını əldə rəhbər tutmağa çağırırdı.

 

***

 

Vətənə sevgi, ilahi nura meyil Heydər Əliyevin mənəvi, siyasi ömrünün davamı, onun ideyalarını reallığa çevirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dinə münasibətinin əsasında dayanır.

Azərbaycan Prezidenti milli-mənəvi dəyərlərimizin hakim olduğu, islam əxlaqının, mənəviyyatının daim uca tutulduğu, eyni zamanda, dünyanın bütün dinlərinə tolerant münasibətin formalaşdığı əsl ziyalı mühitində böyüyüb. Heydər Əliyevin, Zərifə xanımın verdiyi tərbiyə körpəlikdən onun qəlbini, ruhunu Allah ideyasına açıq edib.

Cənab İlham Əliyevin 50 illik yubileyi haqqında çəkilən filmlərdən birində, ötən əsrin 70-ci illərinin sonundan Təzə pir məscidində çalışan Şeyxülislam Hacı Allahşükür Paşazadə maraqlı bir xatirə danışmışdı. Azərbaycan Prezidenti hələ o illərdən müqəddəs günlərdə Təzə pir məscidinə gələr, dualar edərmiş...

 

***

 

Bu gün ölkəmizdə dövlət və din arasında uğurlu anlaşmanın mövcud olması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən böyük nailiyyətidir. Bununla yanaşı, dövlət rəhbərimiz hesab edir ki, bu siyasət təkcə Azərbaycan hüdudlarında məhdudlaşmamalıdır: "Azərbaycanda din, vicdan azadlığı tam şəkildə təmin edilmişdir. Biz müqəddəs dinimizə - islam dinimizə sadiq olan xalqıq. Biz islam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq".

İslam dininə qarşı ədalətsiz hücumlara, islamofobiya meyillərinə bəzi kütləvi informasiya vasitələrində dinimizə qarşı böhtan kampaniyalarının aparılmasına böyük təəssüf hissi ilə yanaşan cənab İlham Əliyev bu cür xoşagəlməz hallara dərhal reaksiya verilməsini, islam dininin sülh, qardaşlıq, xeyirxahlıq, mərhəmət dini olmasının sübuta yetirilməsini Azərbaycan dövlətinin əsas missiyalarından sayır: "Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı islam dinində təmsil edilir. Yəni, islam dini bütün gözəl ümumbəşəri dəyərləri ehtiva edir. Həqiqət bundan ibarətdir. Ancaq, əfsuslar olsun ki, islam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz həm bu yalan və böhtan üzərində qurulmuş kampaniyaları dağıtmalı, həm də öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq, eyni zamanda, bizim, yəni, islam dünyasının birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər".

 

***

 

Bu gün Azərbaycan bütün dünyada tolerantlıq, sivilizasiyalar arasında dialoq məkanı, Qərblə Şərq arasında körpü kimi tanınır. Ölkəmizin uzun illər ərzində bu sahədə formalaşdırdığı zəngin ənənələr dünyanın ən nüfuzlu elmi mərkəzləri tərəfindən diqqətlə öyrənilir. Hər kəs bu qiymətli ənənələrdən bəhrələnməyə çalışır. Bütün bunlar, təbii ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, o cümlədən ölkəmizdə mövcud olan vicdan azadlığı ənənələrinin bütün dünyada təbliğinin nəticəsidir. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə əsl islami dəyərləri təlqin edən, bu dəyərlərin işığında bütün bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə, bir-birinə qarşı dözümlü olmağa çağıran Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Bu gün Azərbaycanda gedən böyük tikinti-quruculuq işləri ibadət yerlərimizi, müqəddəs ziyarətgahlarımızı da əhatə edir. Sovet dövründə uçurulub dağıdılmış, diqqətdən kənarda qalmış müqəddəs məkanların - məscidlərin, kilsələrin, sinaqoqların yenidən bərpası, abadlaşdırılması sahəsində ulu öndər Heydər Əliyevin formalaşdırdığı xoş ənənələr davam etdirilir. Bu işlər həm Azərbaycan Prezidentinin daimi diqqət və qayğısı, həm də Mehriban xanım Əliyevanın irəli sürdüyü ictimai təşəbbüslər çərçivəsində uğurla yerinə yetirilir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ideyası müstəvisində aparılan müzakirələr, fikir paylaşmaları da bu istiqamətdə ortaya çıxan sualların aydınlaşdırılmasına, bəşəriyyət üçün daha nizamlı, sabit, qarşılıqlı hörmət ruhunun hakim olduğu dünyanın yaradılması amalına xidmət edir.

 

***

 

Allahı sevməyin ən doğru yolu ona şükür etməkdir. "Allaha şükür!" islamda kəlmeyi-şəhadətdən sonra ibadətin ən müqəddəs formasıdır. Azərbaycanın ən dilbər güşələrindən birinin, Lənkəranın Cil kəndinin sakinləri II Cahan savaşının veteranı Hümbət Məhəmməd Əli oğlu və onun xanımı Kafiyə Məhəmməd Cəfər qızı 1949-cu il avqust ayının 26-da dünyaya gəlmiş övladlarına Allaha sevgi ifadə edən Allahşükür adını vermişlər. Bu təsadüf deyildi: Allahşükürün hər iki babasının adı peyğəmbərin adına imam Əli Əleyhissalam və imam Cəfər Sadiqin adlarının birləşməsindən yaranmışdı. Deməli, təbiətən ailənin təməlində müqəddəs soy dayanmışdı. Bu il avqustun 26-da mübarək 65 yaşı tamam olacaq bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadə kökdən gələn bu müqəddəsliyi öz ömür və əməl yolu, insani taleyi, inam və imanla doğrultmağa nail oldu.

Şeyxin zəngin tərcümeyi-halı təkcə Azərbaycanda yox, küllən islam dünyasında məlum və məşhurdur. Bununla belə, onun şəxsiyyətinə və barəsində yazacağımız fikirlərə aydınlıq gətirəcək bəzi məqamları xatırlatmalıyıq.

12-ci şeyxülislam tarix elmləri doktoru (1992) professor Hacı Allahşükür Paşazadə Buxarada "Mir-Ərəb" mədrəsəsində təhsil alıb (1968-1970). İmam Əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsini bitirib (1971-1975), Təzə pir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini işləyib (1978-1980). Şeyxülislam kimi olduqca səmərəli elmi-dini fəaliyyətinə, xalqlar arasında sülh və əmin-amanlığın qorunmasına, Azərbaycan dövlətinin beynəlxalq siyasətinə mənəvi yardımına və ölkəmizdə tolerant mühitin formalaşması sahəsindəki misilsiz xidmətlərinə görə 1994-cü ildə "Şöhrət", 1999-cu ildə "İstiqlal", 2009-cu ildə "Şərəf" ordenləri ilə təltif olunub.

Dünyanın bütün dini təşkilatlarının üzvü, əksər dini tədbirlərinin iştirakçısı olmuş Şeyx 1988-ci ildə keçmiş SSRİ-nin "Xalqlar dostluğu", 1992-ci ildə Misirin I dərəcəli "Əl lam və əməl", 1998-ci ildə Çeçenistanın "Milli qəhrəmanı", 2001-ci ildə Rus Pravoslav kilsəsinin "Müqəddəs Vladimir", 2002-ci ildə Gürcüstanın "Şərəf", 2005-ci ildə Vatikanın "Müqəddəs Qreqori" və digər beynəlxalq ali mükafatlara layiq görülüb. O, 1991-ci ildə "Bakı İslam İnstitutu"nu, 1997-ci ildə isə "Elmi-Dini Şura"nı yaradıb. Böyük Şeyximiz "Qafqazda İslam", "İslamda ümmət və şüubilik", "Quranın təfsiri və tərcüməsi tarixi", "Qurani-Kərimin İlahi hökümləri və öyrənilməsi", "Milli münasibətlər və din", "Qurani-Kərimin ecazkarlığı", "Qurani-Kərimdə insan təbiəti" kimi fundamental elmi əsərlərin müəllifidir. Onun müqəddəs və mübarək fəaliyyəti, həyatı, ömür yolu, taleyi və şəxsiyyəti barəsində "On ikinci Şeyxülislam", "Mərhəmətli və şəfqətli qəlb", "Şeyxülislam: ictimai xadim və alim", "Bizim bir Şeyximiz var", " Müqəddəs ömrün anları", " Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti", "İki əsrin Şeyxülislamı", "Allahın lütfü: 25 il Şeyxülislam", "Nurlu yolun müdrik səyyahı" kimi sanballı kitablar, yüzlərlə məqalə yazılıb. Bütün bu əsərlərdə 65 yaşlı Hacı Allahşükür Paşazadənin şeyxülislam kimi 34 illik fədakar fəaliyyətinin əsas məqamları əksini tapıb. Aydın olur ki, şeyx möhkəm əqidəyə, dərin iman və inama, Allah nuru ilə işiqlanmış qəlbə, möhkəm iradəyə, yenilməz cəsarətə, böyük vətənpərvərlik duyğusuna, ülvi mərama malik dini ziyalı və vətənpərvər bir şəxsiyyətdir.

Fikrimizcə, ona ən böyük qiyməti onun qədrini, müstəqilliyimiz üçün əhəmiyyətini hamıdan yaxşı bilən böyük Heydər Əliyev vermişdi: "Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir. Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycan dövlətçiliyinə xidmət edir".

Şeyxin nüfuz və şəxsiyyəti, onun öz xalqı naminə göstərdiyi cəsarət və fədakarlıq 1990-cı il 20 Yanvar faciəsi zamanı SSRİ-nin rəhbəri M.Qorbaçova göndərdiyi teleqramda öz parlaq əksini tapır: "Dinc, namuslu, hamıya dost münasibət bəsləyən Azərbaycan xalqını kimlərinsə xatirinə qırmaq nə böyük dövlət rəhbərinə, nə də adi bir insana yaraşan hərəkət deyil. Bizi qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz. Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu, on gün və ya Əfqanıstanda olduğu kimi, on il davam edə bilər, lakin haqq-ədalət əvvəl-axır qələbə çalacaqdır. Nə olursa-olsun, Allah-Təalanın köməyi ilə ədalət Azərbaycanda da zəfər çalacaqdır, xalqımızın Sovet əsgərlərinin gülləsinə tuş gəlib həlak olmuş oğul və qızları da öz həyatlarını bunun naminə qurban vermişlər".

Xalqına məhəbbət, gələcəyə inam və cəsarət saçan bu sətirlər Şeyxülislam Allahşükür Paşazadəni bütün varlığı ilə səciyyələndirir. Onun kişilik, mərdlik, vətənə böyük sevgi ifadə edən obrazını tamamlayan iki faktı da qeyd etməliyəm. Qurultayda fasilə zamanı M.S.Qorbaçov Şeyxlə üz-üzə gəlir, "Hörmətli Şeyxülislam" - deyərək, ona əl uzadır, Şeyx ona əl vermir - "Mən sizə əl uzadıb görüşə bilmərəm. Sizin əliniz mənim xalqımın qanına batıb" - deyir.

İkinci fakt: Kresloya yayxanmış SSRİ Müdafiə Naziri Yazovun: "Doğrudanmı xalqınızın Sizi eşidəcəyinə inanırsınız?" - sualına Şeyxülislam belə cavab verir: - "Siz nazirsiniz, demək olar ki, marşalsınız, ona görə də başqa hərbçilərlə özünüzü istədiyiniz kimi apara bilərsiniz: onlara qışqırarsız, təhqir edərsiz, təbii ki, oturan yerdə onlara sual da verə bilərsiniz, amma mən hərbçi deyiləm. Bütün Qafqazın Şeyxülislamıyam, ona görə də haqqınız yoxdur ki, mənim yanımda özünüzü istədiyiniz kimi aparasınız. Sizdən soruşuram: Siz özünüzü patriarx Aleksinin yanında belə aparardınızmı? Bilirəm, siz Allahsız adamsınız, amma bilmirdim ki, siz həm də tərbiyəsizsiniz". Bu cəsarətin arxasında təkcə şəxsiyyət, təkcə xalq yox, həm də qadir Allah dayanır. Adama elə gəlir ki, Şeyx bu sözləri deyərkən Allahın nəfəsini, qüdrətini hiss edib.

Deyəsən, elə məhz buna görə də görkəmli müasiri, filosof-şair Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: "Mən Hacı Allahşükür Paşazadəni hər şeydən əvvəl, xeyirxah, təmiz, olduqca munis bir insan kimi tanıyıram. Unutmaq lazım deyil ki, onun yolu böyükdür və bu yol əbədidir, daimidir. O, millətimizin ruhani rəhbəri, ruhani atasıdır, deməli, mənəvi atasıdır. Hacı Allahşükür Paşazadə böyük şəxsiyyətdir. O, islam dinini, islam elmini mükəmməl bilir. Mən onun həm şəxsiyyətinə, həm də dini etiqadına, mövqeyinə dərin hörmət bəsləyirəm. Onu da deyə bilərəm ki, islam tarixində belə şəxsiyyətlər həmişə hörmətlə yad ediliblər". Türk dünyasının böyük şairi akademik B.Vahabzadənin bu mülahizələri Şeyxin möhtəşəm obrazını əks etdirir.

Məhz son 34 il ərzində Hacı Allahşükür Paşazadənin dolğun və səmərəli fəaliyyəti, Azərbaycan dövlətinin gündən-günə artan iqtisadi qüdrəti, siyasi və beynəlxalq nüfuzu, bütün millətlər arasındakı hörməti sayəsində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin həm Şərqdə, həm də Avropa və Rusiyadakı təsiri qat-qat güclənib. İndi bu qurum sadəcə bir idarə deyil, dünya siyasətinə, insan haqlarına, qloballaşan dünyada mənəvi tarazlığın qorunmasına, islam dininin dünyadakı həlledici mövqeyinə intensiv təsir göstərən institutsial təsisatdır. Bu, elə bir mənəvi güc mənbəyidir ki, dünyadakı heç bir əzilən insan, haqqı tapdalanan fərd, heç bir təriqət ondan kənarda qala bilməz.

 

***

 

Bəşər tarixinin ən böyük alimlərindən olan görkəmli fizik Albert Eynşteyn bir zamanlar yazırdı ki, "Elmsiz din topal, dinsiz elm kordur". Yəqin ki, indikindən daha xoşbəxt bir dünyaya doğru aparan yol bu iki dünyagörüşü arasında ortaq nöqtələrin tapılmasından, onların bir araya gətirilməsindən keçir. Həyat və fəaliyyəti ilə buna müvəffəq olub elmi nailiyyətləri inkar yolu tutmayan din xadimlərinin də, dünyəvi elmlə məşğul olsa belə, Allahın varlığını etiraf edən elm sahiblərinin də sayı, etiraf edək ki, çox deyil. Amma belələri həmişə var.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin böyüklüyü ondadır ki, bu iki dünyagörüşünün sintezinə xidmət edən dindar və alim obrazını o öz şəxsiyyətində bir araya gətirə bilib. Onun alimliyi dini məsələlərin təfsirindəki hər hansı xurafat, fanatizm meyillərini tam inkar edir. Eyni zamanda, dindarlığı, imanı elmi yanaşmalarında Allah ideyası ilə ruhi bir ahəng yaradır.

Bu tənasübü Şeyxülislamın başqa dinlərə münasibətində də görə bilərik. Qafqaz müsəlmanlarının dini liderinin dünyanın bütün dinlərinə böyük hörmətlə yanaşması hər kəs tərəfindən təqdir olunur və ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Prezidenti İlham Əliyevin əzmlə qoruduğu dini tolerantlıq mühitinə öz töhfələrini verir.

Şeyxülislamın dünyanın tanınmış dini liderləri ilə keçirdiyi görüşlər, 2002-ci ilin 22 mayında Roma Papası II İohan Pavelin Azərbaycana rəsmi səfərə gəlməsi də bu münasibətlərə, bu mühitə sayğılı münasibətin bariz təzahürü idi.

Azərbaycan xalqı Şeyxülislamı həmişə birləşdirici, barışdırıcı obrazda görüb, bu missiya ilə tanıyıb və hörmət bəsləyib. Siyasi təmayülündən asılı olmayaraq Azərbaycanın dövlətçiliyinə hörmətlə yanaşan bütün düşərgələrlə bərabər məsafə saxlamağı bacaran, şəxsiyyətinə hər kəs tərəfindən böyük rəğbət bəslənilən və bu rəğbətin yaratdığı imkanlar çərçivəsində lazımi anlarda hamıya ağsaqqal ərki ilə öz tövsiyələrini çatdıra bilən Şeyxülislam kimi insanların mövcudluğu cəmiyyətdə müəyyən dəyərlərin, barış mühitinin qorunması, milli vəhdətin təmin olunması, ümumi hədəflərin diqqətdən yayınmaması baxımından çox mühümdür.

Şeyxülislam Hacı Allahşükür Paşazadə bu missiyanı təkcə Azərbaycan çevrəsində yerinə yetirmir, dünyanın bir çox ölkələrinin dövlət başçıları yanındakı yüksək şəxsi nüfuzundan faydalanaraq sözü eşidilən hər yerdə dövlətlər, xalqlar, dinlər, mədəniyyətlər arasında sülhün, qarşılıqlı anlaşmanın əldə olunmasına xidmət göstərir.

Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün Qafqazın şeyxi olaraq bu gün dünyanın ən nüfuzlu din xadimlərindən biri kimi tanınaraq qəbul edilir. Azərbaycan hüdudlarından kənarda da onu çox sevirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində gündən-günə güclənən, qüdrətlənən, bütün dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki yerinə, mövqeyinə güclü dəstək verən bu fakt hər birimizdə böyük qürur hissi doğurur.

 

***

 

Şəhərə axşam düşmüşdü. Dənizin sinəsini gümüşü zolaqlar bəzəyirdi. Bakının simvoluna çevrilən "Alov qüllələri"nin lazer effekti ilə yaradılan işıq şousu dəniz gəzintisinə çıxanların diqqətini özünə çəkirdi. Buradan ulu keçmişimizdən soraq verən Qız qalası da görünürdü. Dostum Cavanşir Paşazadə ilə söhbət edə-edə Milli parkı gəzirdik. Ona Şeyx həzrətləri haqda yazmaq istədiyimi bildirdim. O, bir az susaraq, təvazökarcasına dedi:

- Bax da...

Sonra aramıza sükut çökdü. Xeyli vaxt danışmadıq. Hərə öz düşüncələrinə qapanmışdı. Yazacağım publisistik oçerkin təsiri altında xəyala dalmışdım.

- Mən həyatımda çətinliklərə sinə gərməyi, dost qazanmağı, ehtiyac içində olan insanlara dayaq olmağı qardaşımdan öyrənmişəm - deyə Cavanşir məni fikir dünyasından ayırdı. İçimdə Şeyx həzrətləri ilə bağlı düşüncələrimə sanki təkan verərək sözünə davam etdi:

- Bu Qadir Allahın bir lütfüdür ki, mənə belə böyük qardaş nəsib edib... Bu mənada böyük Yaradandan çox-çox razıyam. Düzdür, Şeyxlə qardaş olmağım üzərimə böyük məsuliyyət də qoyur. Bəzən elə məclislər olur, orada az adamı tanıyaram, amma Şeyxülislamın qardaşı olduğum üçün məni hamı tanıyır. Buna görə, ən xırda etik normaları gözləməyi özümə borc bilirəm. Və qardaşımın daşıdığı müqqədəs adı daim uca tutmağa çalışıram...

Qafqazın 12-ci şeyxülislamı Allahın mərhəmətinə güvənərək illər öncə olduğu kimi, bu gün də onu ən uca məqamlara yüksəltmiş Azərbaycan dövlətinin yanındadır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətə fəal ictimai dəstəyi, şərəfli həyat və fəaliyyət nümunəsi, cəmiyyətə ünvanlanmış nəcib çağırışları ilə, insanlara təlqin etdiyi düzgün yolla dövlətimizin və millətimizin, ən əsası isə Uca Yaradanın xidmətindədir.

Və 190 illik şeyxülislamlıq tarixində bu xidmətin özü də ayrıca bir tarixdir!

 

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist

Azərbaycan.-2014.- 5 fevral.- S.3.