Azərbaycanın energetika sektoru mühüm yeniliklərlə zəngin oldu

 

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında Prezident İlham Əliyev sürətli inkişaf dövrünü yaşayan ölkə iqtisadiyyatının qazanılmış uğurlarını qeyd edərkən demişdir: "...Əlbəttə ki, neft-qaz sektorunda da 2013-cü il tarixdə qalacaqdır. 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır...".

Prezident İlham Əliyevin rəhbərliyi altında inamla, qətiyyətlə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası gələcək dövr üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasına, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan vermişdir. Azərbaycanda yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin etmişdir. Dövlət başçısının müəyyənləşdirdiyi və rəhbərlik etdiyi səmərəli iqtisadi siyasət sayəsində iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə edilmiş, ölkəmiz makroiqtisadi göstəricilərin artım sürətinə görə təkcə regionda deyil, dünyada yüksək mövqeyə sahib olmuş, iqtisadiyyatın sürətli inkişafı və milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində öz qüdrətini və gücünü daha da artırmışdır.

Ötən il aprelin 7-8-də Bakıda ilk dəfə olaraq Dünya İqtisadi Forum tərəfindən "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə baglı strateji dialoq" mövzusunda Davos Forumunun məhz ölkəmizdə keçirilməsi, müxtəlif dövlətlərin tanınmış hökumət başcılarının və nümayəndələrinin, nüfuzlu siyasətçilərin, iqtisadi, maliyyə və biznes dairələrin rəhbərlərinin iştirakı və bu foruma ən yüksək səviyyədə diqqət yetirilməsi bir daha sübut etdi ki,  Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasında özünə layiqli yer tutmuş, yerləşdiyi coğrafi məkanda böyük nüfuz sahibinə və aparıcı lider dövlətə çevrilmişdir. Bununla əlaqədar Dünya İqtisadi Forumun təsisçisi və icraçı sədri professor Klaus Şvab çıxışında Bakıda 20 il öncə olduğunu xatırlayaraq, demişdir: "...Çox böyük dəyişikliklərin baş verdiyini müşahidə etdim... Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir... Son illər ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır... bu nailiyyətlər ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır". Təbii ki, Azərbaycanın bugünkü reallığının belə qiymətləndirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin böyük qələbəsi kimi qəbul edilməli və etiraf olunmalıdır.

Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətini dövlət başçısı İlham Əliyev 10 ildən artıqdır daim təkmilləşdirərək uğurla davam etdirir. Cənab İlham Əliyev enerji, neft, qaz və energetika sahəsini iqtisadiyyatimizin prioritet istiqamətlərindən biri kimi elan etmiş və Azərbaycanın enerji təhlükəsizliyinin tamamilə təmin olunması üçün xam neft, təbii qaz və elektrik enerjisinin xarici bazarlara ixracının artmasını önə çəkmişdir. Ölkə iqtisadiyyatının əsas bazasını təşkil edən yanacaq-energetika kompleksinin inkişafı iqtisadi kursun əsas prioritetini təşkil etmiş, 2013-cü il ərzində bu sahənin inkişafında mühüm nailiyyətlər qazanılmışdır. Yanacaq-energetika kompleksinin inkişafı yeni irimiqyaslı layihələrin icrasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsində, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, o cümlədən işsizliyin səviyyəsinin azaldılmasında mühüm rol oynamışdır.

Milli maraqlar əsasında qurulan neft strategiyasının bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu daha da artırmışdır. Həmçinin dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi indiki dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirərək dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Məlumdur ki, müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektivliyi problemi hər bir ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Odur ki, hər bir ölkə yanacaq-enerji resursları bazasını genişləndirmək və onlardan səmərəli istifadəni təmin etmək üçün milli enerji strategiyaları işləyib hazırlayır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində uğurla davam etdirilən yeni neft strategiyası yerləşdiyimiz coğrafi məkanda ölkəmizin böyük nüfuz sahibinə və aparıcı lider dövlətə çevrilməsinə zəmin yaratmışdır. Böyük həcmdə xarici investisiyaların cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkəmizdə aparılan iqtisadi siyasətin əsas prioritet istiqamətlərini təşkil edir.

Həqiqətən, qeyd olunanlar və eyni zamanda iqtisadiyyatımızın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası, beynəlxalq qurumlarla əlaqələrin və səmərəli əməkdaşlığın daha da genişlənməsi, iqtisadi inkişafın dayanıqlığının təmin olunması Prezidentin gərgin əməyinin məntiqi nəticəsidir. Sevindirici haldır ki, ölkə iqtisadiyyatının, o cümlədən yanacaq-energetika kompleksi sahələrinin davamlı inkişafı əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ildə də artımla müşayiət olunmuşdur.

Ölkə üzrə yanacaq-energetika kompleksinə qoyulmuş böyük həcmli investisiyaların və müasir texnologiyaların tətbiqi ötən il neft hasilatında sabitliyə, qaz hasilatında isə artımın yaranmasına, ümumilikdə bu sahə üzrə  böyük nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. Neft hasilatının azalma prosesinin dayandırılması, qaz hasilatında yenidən artımın əldə edilməsi ilk növbədə Prezidentin ölkəmizdə karbohidrogen resurslarının hasilatı sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərlə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqe ilə bağlıdır. Bu qətiyyət sayəsində ötən il "Azəri-Günəşli-Çıraq" layihəsinə sərf edilən əməliyyat və əsaslı məsrəflər, eləcə də  istismarda olan hasilat və injektor quyularının sayı artırılmış, yeni hasilat və suvarma quyuları qazılmış, quyularda intervensiya əməliyyatları aparılmış, qazma qurğularının profilaktikası keçirilmiş, "Qərbi Çıraq" platformasının dayaq blokunun quraşdırılması və platformanın tikintisi başa çatmışdır. Üst modulların sazlama, işəsalma və istismar sınaqları isə davam etdirilir. Bunlardan əlavə, buxarlanan qazlar kompressorunda təkmilləşdirmə işləri başa çatdırılmış, nəticədə "Çıraq" platformasında hasil edilmiş səmt qazının məşəldə yandırılması azaldılmış və Dövlət Neft Şirkətinə çatdırılan səmt qazının həcmi artırılmışdır. Qeyd edək ki, keçən il səmt qazının məşəldə yandırılması 2012-ci ilə nisbətən 52 faiz aşağı düşmüşdür. Nəticədə ölkə üzrə "2013-cü ilin yanacaq-enerji balansı"nın proqnoz göstəricilərindən  (41,1 milyon ton) 2,1 milyon ton çox (43,2 milyon ton)  neft hasil edilmiş, il ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə 29,7 milyon,  ümumilikdə isə  36,5 milyon ton neft nəql olunmuşdur. Beləliklə, Prezidentin "Azəri-Çıraq-Günəşli" yataqlarında 2012-ci ildə neft hasilatının həcminin kəskin sürətdə azalması ilə əlaqədar BP Azərbaycan şirkətin rəhbərliyinin ünvanına söylədiyi haqlı tənqid və iradları, habelə problemlərin aradan qaldırılması üçün tezliklə lazımi tədbirlərin görülməsi haqqında verdiyi ciddi tapşırıqlar müsbət nəticələnmişdir: 2013-cü ilin yekun nəticələrinə əsasən, "Azəri-Çıraq-Günəşli" yataqlarından 30,623 milyon ton əvəzinə 32,717 milyon ton, yəni proqnozdan 2,1 milyon ton çox xam neft hasil edilmişdir. Qaz hasilatı isə proqnozdan (27,5 milyard kubmetr) 1,7 milyard kubmetr çox olmaqla 29, 2 milyard kubmetrə çatmışdır.

"Yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası da uğurla davam edir. Ölkəmizdə neft və qaz sənayesində yeni yataqların kəşfiyyatı, hasilatın təminatı üçün hidrotexniki qurğuların tikintisi, qaz təsərrüfatı sisteminin və infrastrukturunun genişləndirilməsi və yenidən qurulması, elektroenergetika sektorunun möhkəmlənməsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Eyni zamanda son illər neft emalı sahəsində  mühüm işlər görülür. Artıq ölkənin neftayırma zavodlarında istehsal olunan neft məhsullarının keyfiyyəti "Avro-3" standartlarına çatdırılmış və bu gün  daha yüksək ekoloji standartların tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin Prezidentin təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən konsepsiyaya uyğun olaraq, neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalata ən müasir texnologiyaların tətbiqi ilə bağlı Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində ciddi tədbirlər reallaşdırılır.

Onu da qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün  Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında"  23 sentyabr 2009-cu il və "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli sərəncamları neft-kimya kompleksinin inkişafı istiqamətində atılan önəmli addımlardan biri olmuşdur. Prezidentin Sumqayıt Kimya Sənaye Parkının yaradılması barədə  imzaladığı 21 dekabr 2011-ci il tarixli Fərman isə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli istehsalın inkişafı üçün münbit şərait yaratmaqla neft-kimya sektorunun davamlı inkişafını təmin etmişdir.

Azərbaycan iqtisadiyyatı üçün böyük perspektiv vəd edən yeni neft-kimya kompleksinin yaxın zamanlarda təşəkkül tapması istiqamətində real nəticələrə nail olunmuş və bu sahədə işlər intensiv surətdə davam etdirilir. Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunaraq 2018-2020-ci illərdə istifadəyə veriləcək yeni neft, qaz emalı və neft-kimya kompleksinin tərkibinə ildə 10 milyard kubmetr istehsal gücü olan Qaz Emalı Zavodu, 10 milyon ton istehsal gücü olan Neft Emalı Zavodu, 1,8 milyon ton hazır məhsul istehsal edəcək Neft Kimya Zavodu, Enerji Bloku və s. yardımçı infrastruktur daxildir. Təmizlənmiş qaz və neft-emalı məhsulları əsasən daxili tələbatın ödənilməsinə yönəldiləcək və  yüksək əlavə dəyər yaradan neft-kimya məhsullarının böyük hissəsi ixrac ediləcək. Üstəlik kompleksin istismara verilməsi ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə köhnə istehsal obyektlərinin istismardan çıxarılması və demontajı mümkün olacaq. Tikintisində 14 mindən çox işçi qüvvəsinin çalışması nəzərdə tutulan yeni neft, qaz emalı və neft-kimya kompleksi Azərbaycanda həyata keçirilən ən nəhəng iqtisadi layihədir. Bu layihənin reallaşması həm də Bakının mərkəzindəki zavodların paytaxtdan kənara köçürülməsinə və ekoloji vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Bunlardan əlavə, yeni neft-kimya kompleksi Azərbaycanın kimya sənayesinin məhsullarının çeşidinin xeyli artmasını və istehsal həcminin genişlənməsini təmin etməklə yanaşı, dünya bazarındakı mövqeyimizin daha da möhkəmlənməsinə, ölkəyə valyuta axınının artımına, bütövlükdə iqtisadiyyatımızın sürətli inkişafına, yüksəlişinə gətirib çıxaracaq. Belə ki, yeni kompleksdə alınacaq məhsulların hər birinə dünya miqyasında çox böyük ehtiyac vardır və onların tətbiqi sahələri olduqca geniş və müxtəlifdir.

Ötən il uğur qazandığımız sahələrdən biri də əhalinin təbii qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılmasıdır. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər sayəsində qazla və elektrik enerjisi ilə təmin olunan əhali abunəçilərinin sayı ildən-ilə artır. Qazla təmin edilən rayonların sayı 67-yə çatdırılmış, müxtəlif bölgələrdə qaz təminatı bərpa edilmiş və nəticədə əhalinin əvvəllər külli miqdarda digər yanacaq növünün əldə edilməsinə yönəltdiyi xərcləri dəfələrlə azalmışdır. Hazırda qazlaşmanın səviyyəsi Bakı şəhəri üzrə 96,3, regionlar üzrə 65,4, sayğaclaşdırmanın isə  səviyyəsi 99 faizə çatmışdır. SMART tipli sayğacların quraşdırılması da davam edir. Ölkə ərazisində bu günə kimi 500 mindən artıq bu tipli sayğaclar quraşdırılmışdır. Bu sırada iqtisadiyyatımızın inkişafı üçün böyük əhəmiyyət kəsb edən Qazıməmməd-Astara kəmərində təmir-bərpa işlərinin tamamlandığını və Astara şəhərində yeni kompressor stansiyasında tikinti quraşdırma işlərinin davam etdirilərək onun İran İslam Respublikasına ixrac qazını nəql etmək üçün işçi vəziyyətə gətirilməsi də qeyd olunmalıdır. Ümumiyyətlə, respublikanın mövcud qaz nəqli şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması, qaz təchizatının tələbata uyğun təmin edilməsi üçün keçən il xeyli tədbirlər görülmüşdür. Təkcə regionların sosial-iqtisadi inkişafının sürətləndirməsi ilə bağlı qəbul edilən ikinci Dövlət proqramına əsasən həyata keçirilən tədbirlər sayəsində qazla təmin olunan abunəçilərin ümumi sayı 1,6 milyonu ötmüşdür ki, bunun da 1 milyon 580 mini əhali, 20 mini qeyri-əhali abonentləridir. Həmin abonentlərin 685 mini  Bakının, 915 mini regionların payına düşür. Bu isə o deməkdir ki, ölkə ərazisində qazlaşdırma prosesi ardıcıllıqla davam edir. Məsələn, qaz təchizatını yaxşılaşdırmaq və qazlaşdırılmanın səviyyəsini artırmaq üçün  hesabat dövründə ölkə üzrə 9 min kilometr boru xətləri çəkilmişdir. Ölkədə qazlaşmanın səviyyəsi  işğal altındakı rayonlar istisna olmaqla  90 faizə çatmışdır.

Prezidentin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər" haqqında sərəncamlar milli energetikamızda  yeni eranın başlanğıcını qoymuşdur. Gücü 400 MVt olan müasir qaz-turbin tipli "Şimal" ES-in müxtəlif bölgələrdə ümumi gücü 850 MVt olan modul tipli 7 elektrik və gücü 525 MVt olan "Sumqayıt" buxar-qaz tipli müasir elektrik stansiyalarının istifadəyə verilməsi, gücü 780 MVt olan "Cənub" ES-da quraşdırma işlərinin başa çatması son 5 il ərzində Azərbaycanın energetika sisteminin generasiya gücünü 30 faizə yaxın artırmış və yeniləşdirmişdir. Energetika sisteminin generasiya gücü təkcə 2013-cü ildə 830 MVt artaraq 7000 MVt həddini keçmişdir.

Bütün bunların nəticəsində həm də ölkənin enerji ixracı potensialı artmışdır və bu istiqamətdə tədbirlər davam edir. Belə ki, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsi olan 500 kV-luq Samux-Qardabani elektrik verilişi xətləri (Azərbaycan tərəfinə düşən hissəsinin uzunluğu 162 kilometrdir) çəkilərək istismara hazır vəziyyətə gətirilmişdir. "Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən "Axaltsixe" yarımstansiyasının və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisi də başa çatmışdır. Bununla əlaqədar keçən il dekabrın 11-də Gürcüstanın Baş nazirinin, Türkiyənin energetika və təbii sərvətlər nazirinin, Gürcüstanın energetika nazirinin, Avropa İttifaqının nümayəndələrinin, səfirlərin və digər yüksək səviyyəli rəsmilərin, həmçinin bizim iştirakımızla Gürcüstanın Axaltsixe şəhərində rəsmi açılış mərasimi olmuşdur. Sözügedən hər iki layihə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin tərkib hissəsi olaraq Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını və bu istiqamətdə elektrik enerjisinin ixracını təmin edəcək.

Ölkənin istilik təchizatı sistemində də bir sıra əhəmiyyətli işlər görülmüşdür. 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən əlavə istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni xətlərin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin təzələri ilə əvəz olunması, sosial obyektlərin aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir. Nəticədə bu gün "Azəristiliktəchizat" ASC-nin 508 qazanxanası və 115 istilik məntəqəsi fasiləsiz və etibarlı işləyir.

Yanacaq-enerji kompleksinin inkişafına ciddi təsir göstərən problemlərdən biri qanunvericilikdə boşluqların olmasıdır. Sözügedən sahə üzrə dövlət strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək üçün Energetika Nazirliyində "Enerji sahəsində islahatlara dəstək proqramının həyata keçirilməsinə dəstək" layihəsinin tərkib hissəsi olan "Enerji sektorunun hərtərəfli və kompleks inkişaf" strategiyası hazırlanır.  Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində həyata keçirilən "Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları" tvinninq layihəsi çərçivəsində "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunların layihələri, eyni zamanda Elektrik Şəbəkələri və Qaz Şəbəkələri məcəllələrinin layihələri isə artıq hazırdır.  Həmçinin energetika üzrə bir neçə qanun layihəsinin son variantı  işlənmişdir. Nazirlik tərəfindən "Qazdan istifadə qaydaları"nın hazırlanması, təsdiq  tətbiq edilməsi də ölkə ərazisində qazlaşdırma prosesinin nizamlanması və təkmilləşdirilməsi üçün mühüm sənəddir. Qeyd etdiyimiz qanun layihələrində qaz və elektroenergetika bazarlarında hazırda qüvvədə olan qanunveriliciyə nisbətən fərqli iqtisadi və texnoloji münasibətlərin tətbiqi, o cümlədən qazın və elektrik enerjisinin istehsalının, ötürülməsinin və paylanmasının bir-birindən müstəqil olan təsərrüfat subyektləri tərəfindən həyata keçirilməsi, elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarlarının təşkili və digər münasibətlərin tətbiqi təklif olunur.

Bu gün dövlət tərəfindən həyata keçirilən enerji siyasətinin əsas prioritetlərindən biri də enerji resurslarından səmərəli istifadə olunmasıdır.

Azərbaycan da daxil olmaqla MDB ölkələri üzrə istifadə edilməyən, enerjinin səmərəlik və effektivlik potensialı 450 milyon ton şərti yanacağa yaxındır. Bu potensialın 10 milyon tonu Azərbaycanın payına düşür. Ekspertlərin rəyinə görə, enerji səmərəliyinin artırılması üzrə potensial əsasən yaşayış sektoruna (binalar), elektrik enerjisi istehsalı sahəsinə və sənaye müəssisələrinə aid edilir. Amma hazırda qlobal səviyyədə enerji daşıyıcılarına olan tələbatın artması və enerji məhsullarının dünya bazarındakı qiymətlərinin dayanmadan yüksəlməsi bizi də bu resurslardan daha qənaətlə, səmərəli və tələbata uyğun istifadə edilməsi istiqamətində tədbirlər görməyə sövq edir. Belə hesab edirik ki, enerji resurslarından səmərəli istifadəyə nail olunması üzrə həyata keçiriləcək işlərin sistemli və məqsədyönlü aparılması üçün "Azərbaycan Respublikasında enerji resurslarından səmərəli istifadə olunması üzrə Milli Proqram (2014-2020-ci illər)"ın  hazırlanmasına zərurət var. Bu məqsədlə ilkin fəaliyyətə başlanmış və həmin sənədin hazırlanması üçün işçi qrupunun yaradılması məqsədilə nazirlik tərəfindən müvafiq təşkilatlara müraciətlər  ünvanlanmışdır.

Danılmaz faktdır ki, Prezident İlham Əliyev müstəqil ölkəmizin dinamik inkişafının yeni mərhələsinin əsasını qoymuşdur. Prezidentin gərgin əməyi və rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası yerləşdiyimiz coğrafi məkanda ölkəmizin böyük nüfuz sahibinə və aparıcı lider dövlətə çevrilməsi ilə nəticələnmişdir. Dövlət başçısının çevik neft diplomatiyası, görülən tədbirlər və praktiki işlərin nəticəsində Azərbaycan  Xəzər-Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da milli iqtisadiyyat üçün yeni imkanlar yaradır. Azərbaycan dünyada etibarlı tərəfdaş imicini qazanmış və Avropa dövlətlərinin, o cümlədən İtaliya, Yunanıstan, Polşa, Rumıniya, Bolqarıstan, Ukrayna və Baltikyanı ölkələrin bizimlə əməkdaşlıqları  yeni mərhələyə qədəm qoymuşdur. Milli neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici investorları özünə cəlb edən Azərbaycan artıq özü analoji funksiyanı yerinə yetirir. Bunun real mənzərəsini Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin enerji bazarlarında müşahidə etmək olar. Region üzrə lider dövlət kimi mövqelərini gücləndirən ölkəmiz bu gün Gürcüstana ən çox investisiya yatıran dövlətdir və bu ölkədə qazpaylayıcı şəbəkənin böyük hissəsinin distribütorluğunu  uğurla həyata keçirir. Türkiyədə də Azərbaycanın diqqət yetirdiyi sahələr sırasında enerji infrastrukturu əsas yer tutur və bu istiqamətdə səmərəli işlər görülür.

Son dövrlər bəzi geosiyası  faktorlar Avropa İttifaqının bir sıra ölkələrində enerji təchizatında ciddi problemlər yaradır. Bu problemin həlli üçün Avropa İttifaqı yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının axtarışına başlamış və Azərbaycan ən etibarlı tərəfdaş və ən dayanıqlı enerji istehsalçısı kimi tanınmışdır. 2011-ci ilin əvvəlində Avropa Komissiyasının Prezidenti Jose Manuel Borrozunun Azərbaycana səfəri çərçivəsində Avropa üçün çox önəmli olan "Cənub Qaz Dəhlizi" birgə  Bəyannaməsinin imzalanması Xəzər hövzəsi qazının Avropaya çatdırılması üçün geniş imkanlar açmışdır. Bunun ardınca - 2011-ci ilin oktyabr ayında Türkiyə ilə Azərbaycan arasında qaz  tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanmışdır. Azərbaycan və Türkiyə arasında hökumətlərarası enerji protokolunun və "Şahdəniz-Mərhələ-2" layihəsi çərçivəsində Trans-Anadolu (TANAP) Qaz Boru Kəməri layihəsinin imzalanması isə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş hədəflərdir.

  "Cənub Qaz Dəhlizi" layihəsinin əsas elementlərindən biri olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı 2013-cü il fevral ayının 13-də Afinada Yunanıstan, Albaniya və İtaliya arasında sazişin imzalanması    iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən ikinci mərhələnin qazını Yunanıstan, Albaniya, İtaliya və cənub-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün TAP layihəsinin seçildiyinin  bəyan edilməsi sentyabrın 19-da ildə 10 milyard kubmetr qazın satışı üzrə 25 illik sazişlərin imzalanmasına, həmçinin qaz satışı prosesinin tamamlanmasına gətirib çıxardı.

Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən "Cənub Qaz Dəhlizi" layihələrindən olan TANAP layihəsinin həyata keçirilməsi haqqında qərarın qəbul olunması, Türkiyə ərazisindən sonra qazın Avropaya nəqlini nəzərdə tutan TAP kəmərinin seçimi üzrə müvafiq sənədlərin imzalanması enerji sahəsinə  Azərbaycan və Türkiyə tərəfindən iri investisiyaların yatırılmasına, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə stimul verməklə yanaşı, həm də  hər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək inkişaf mərhələsinə çatmasına  bilavasitə zəmin yaratmışdır. Ümumiyyətlə, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş hədəflərin reallaşdırılması istiqamətində 2013-cü il ərzində yüksək nailiyyətlər əldə edilmişdir. İlham Əliyev tərəfindən uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilən qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət sayəsində bu gün Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında ölkəmiz qarşısında heç bir maneə qalmamışdır.

2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin imzalanması Azərbaycanın təbii qazının dünya bazarına çatdırılmasında iki qardaş ölkənin uğurla reallaşdıracağı bir layihənin əsasını qoymuşdur. 2013-cü il iyunun 28-də Bakıdakı "Four Seasons" hotelində keçirilən tədbirdə "Şahdəniz" konsorsiumu Azərbaycan təbii qazını Avropaya ixrac edəcək 2 layihə - "Nabucco West", "Trans-Adriatik Pipeline" (TAP) arasından "Trans-Adriatik Pipeline" (TAP) boru kəməri layihəsini seçmişdir. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum xəttinin Azərbaycan və Gürcüstan ərazisindəki hissəsi) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard dollar təşkil edir. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2018-cı ildə başlanacaq və TAP kəmərinin tikintisi 3 il çəkəcək.

TAP layihəsinin seçilməsi Azərbaycanın təbii sərvətlərinin düşünülmüş istifadəsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə zəmin yaratmaqla bərabər, investisiyaların artımına da səbəb olacaq. Həmçinin TAP layihəsinin tikintisi ən ucuz başa gələn qısa marşrut olduğundan "Cənub Qaz Dəhlizi"nin mümkün qədər tez bir zamanda istismara verilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsi istiqamətində yeni bir mərhələdir.

"Cənub Qaz Dəhlizi"nin fəaliyyətə başlaması nəticəsində ölkəmizin neft-qaz sənayesində də mühüm nailiyyətlərin əldə edilməsi gözlənilir. "TransXəzər" layihəsinin gerçəkləşməsi, Xəzərin Azərbaycan sektorunda yerləşən yeni yataqların daha sürətlə işlənilməsi, "Azəri-Günəşli-Çıraq" blokunda yerləşən dərin qaz ehtiyatlarının mənimsənilməsi, "Abşeron", "Ümid", "Şəfəq-Asiman" və digər perspektivli yataqlarda hasilatın artırılması bu dəhlizin fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına qazandıracağı nailiyyətlərdir. Bundan başqa, layihənin reallaşdırılması məqsədilə Azərbaycan iqtisadiyyatına investisiyaların axınının qarşıdakı illərdə də davam etməsi gözlənilir.

2013-cü il dekabrın 17-də Bakıda Albaniyanın, Bolqarıstanın, Gürcüstanın, Xorvatiyanın, Monteneqronun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, İtaliyanın, Türkiyənin, Avropa İttifaqının, ABŞ-ın  dövlət, hökumət rəhbərlərinin və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı, "Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu", həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü Sazişi üzrə əməliyyat konsorsiumunun operatoru olan BP şirkəti arasında "Şahdəniz-2" üzrə yekun investisiya qərarı imzalanmışdır.

Ölkəmizin milli təhlükəsizliyini təmin edilməsində böyük rol oynayacağı hesab edilən   dünyanın ən böyük neft-qaz layihələrindən biri kimi qiymətləndirilən layihənin reallaşdırılmasına başlanılması ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək.

Yekun investisiya qərarına əsasən, Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin tikintisi ilə bağlı planlar gerçəkləşəcək. Bu layihələr eyni zamanda Azərbaycan qazını Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir "Cənub Qaz Dəhlizi" açacaq. "Cənub Qaz Dəhlizi" layihələrinin həyata keçirilməsi həmçinin Avropa üçün də yeni coğrafi reallıqlar, əməkdaşlığa və inkişafa yeni imkanlar vəd edir. Avropanın enerji sahəsində ən etibarlı müttəfiqi kimi hesab edilən Azərbaycan Avropa bazarlarını enerji ehtiyatları ilə təmin edən əsas təchizatçılardan biri olmaqla gələcəkdə Avropaya qaz ixracatçısı kimi aparıcı mövqeyə malik olacaq. Prezident İlham Əliyevin mərasimdəki çıxışında qeyd etdiyi kimi, 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək  Şahdəniz-2", TANAP və TAP layihələri dünyanın ən iri enerji layihələrindəndir və marşrut  boyu yerləşən ölkələrdə 30 mindən  çox yeni  iş yeri yaradılacaqdır.

Bu il yanvarın 14-də Türkiyənin "Rəsmi qəzet"ində Trans-Anadolu təbii qaz boru kəmərinin inşası ilə bağlı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı dərc edilmişdir. Təlimatda Türkiyə və Azərbaycan hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəmərinin inşasına dair sazişin, eləcə də Türkiyə hökuməti ilə "Trans Anatolian Gas Pipeline" şirkəti arasında ev sahibi hökuməti sazişinin 2012-ci il iyunun 26-da imzalandığı, həmin sazişlərin 19 mart 2013-cü il tarixində ratifikasiya edildiyi bildirilir. Sənəddə həmçinin Türkiyənin aidiyyati dövlət qurumları tərəfindən TANAP layihəsində tərəfdaş olan BOTAŞ şirkətinə lazımi dəstəyin göstərilməsi haqqında təlimat verilir və TANAP layihəsinin çox böyük əhəmiyyətə malik olduğu və bu layihə çərçivəsində Türkiyənin dövlət və özəl strukturları tərəfindən bütün işlərin vaxtında və sürətlə yerinə yetirilməsi zərurəti vurğulanır.

Ötən illərin yekunlarını təhlil etdikdə bir daha əminlik yaranır ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsi müşayiət olunsa da, respublikamızın daxili potensialına əsaslanmaqla Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dinamik inkişaf tempini qoruyub saxlamağa imkan vermişdir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək  iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir.

 

 

 

Natiq ƏLİYEV,

energetika naziri, iqtisad elmləri doktoru,

Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü

Azərbaycan.-2014.- 5 fevral.- S.4.