Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
icrasına həsr olunmuş konfrans keçirilmişdir
Prezident İlham
Əliyev konfransda iştirak etmişdir
Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.
Mərkəzdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasından bəhs edən sərgi açılmışdır.
Sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynamışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçmişdir. Həmin dövrdə muxtar respublikada ümumi daxili məhsulun həcmi 13,9 dəfə, adambaşına ümumi daxili məhsul 12 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə artmışdır. Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə hərtərəfli yenidənqurma işləri aparılmışdır.
Sərgidə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, o cümlədən fondun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumatlar da geniş əksini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransı giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham
Əliyevin giriş nitqi
- Bu
gün biz Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının
icrasını müzakirə edəcəyik. Bildiyiniz
kimi, ikinci Dövlət Proqramı bir ay bundan əvvəl
başa çatdı. Beləliklə, bu
proqramların müzakirəsinə ehtiyac vardır.
Əslində, biz hər il bu
proqramların icrasını müzakirə edirik. Hər il təhlil edirik və görüləcək
işlər haqqında göstərişlər verilir.
2004-cü ildə birinci proqramın qəbul edilməsi
Azərbaycan regionlarının inkişafında xüsusi rol
oynamışdır. Mən birinci proqramın qəbul edilməsi
haqqında hələ 2003-cü ildə prezident seçkiləri
ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə,
ilk növbədə, Azərbaycanın regionlarının
inkişafı ilə məşğul olacağam, xüsusi
proqram qəbul ediləcəkdir.
Belə də oldu, proqram qəbul edildi. Birinci
beşillik proqram, demək olar ki, regionlarda böyük
dönüş yarada bilmişdir. Ondan
sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü
illəri əhatə edən proqram başa çatdı.
Deyə bilərəm ki, regionların
inkişafında, ümumiyyətlə, Azərbaycanın
iqtisadi potensialının gücləndirilməsində bu
proqramların çox böyük rolu olmuşdur.
Azərbaycanda
aparılan islahatlar, düşünülmüş siyasət
ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə
çox böyük ümidlərlə, nikbinliklə
baxır. Bunun əsas səbəbi iqtisadi
müstəqillikdir, iqtisadi gücümüzdür və
siyasi iradədir.
Son on il ərzində Azərbaycan dünyada ən
sürətli templərlə inkişaf etmişdir.
İqtisadiyyat 3,4 dəfə
artmışdır. Heç bir başqa ölkədə son
on il ərzində iqtisadiyyat bu qədər
artmamışdır. Bunun başlıca səbəbi
aparılan islahatlar, ölkəmizdə hökm sürən
sabitlik, ictimai asayişdir. Əlbəttə
ki, sabitlik və düşünülmüş siyasət
iqtisadi sahədə inkişafa da gözəl şərait
yaratmışdır. Azərbaycanda iqtisadi
islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki
istiqamət arasında uzlaşma vardır. Hesab edirəm
ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa
ölkələr üçün də maraqlı ola bilər.
İki
proqramın icra edilməsi nəticəsində sənaye
istehsalı 2,7 dəfə
artmışdır. Əgər proqramın icrasının
ilk illərində iqtisadiyyat və sənaye daha çox neft
sektoru hesabına artırdısa, son illərdə qeyri-neft
sektorumuz ölkəmizin uğurlu inkişafını təmin
edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən
10 faiz təşkil edirdi. Bu da dünya
miqyasında ən böyük göstəricilərdən
biridir. Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz
artmışdır.
Əlbəttə, 2006-cı ildə istifadəyə
verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti
nəticəsində ölkəyə böyük valyuta
axını başlamışdır. O illərdə iqtisadi artım daha
çox neft amilinə bağlı idi. Ancaq biz
neft gəlirlərimizdən çox səmərəli şəkildə
istifadə edə bilmişik. Bu sahədə də Azərbaycan
təcrübəsi nümunə ola bilər.
Şəffaflıq təmin edildi, neft gəlirləri
artırıldı, eyni zamanda, əldə edilmiş gəlirlər
iqtisadiyyatın real sektoruna, infrastruktur layihələrinə
istiqamətləndirildi. Yəni hesab edirəm
ki, biz burada da çox düzgün balans saxlaya bilmişik.
Valyuta ehtiyatlarımız ildən-ilə
artır. Ancaq, eyni zamanda, ölkə
iqtisadiyyatına böyük investisiya qoyulmuşdur. Bu investisiya hesabına sahibkarlığın
inkişafı, infrastruktur layihələrinin icrası
mümkün olmuşdur. İndi Azərbaycanı
bunlarsız təsəvvür etmək mümkün deyildir.
Ümumiyyətlə,
2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi,
bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların
inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft
sektorunun inkişafı, idxaldan
asılılığımızın azaldılması, ixrac
potensialının yaradılması son illərin əlamətidir.
Əlbəttə, əldə edilmiş bütün bu nailiyyətlər
statistik göstəricilərdə də əks olunur. Qeyd etdiyim kimi, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə,
kənd təsərrüfatı 1,5 dəfə
artmışdır. Ölkədə bir milyon 200 min iş yeri
açılmışdır ki, onların 900 mini daimi iş
yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3
faizə düşmüşdür. İşsizlik
5 faiz təşkil edir. Bu göstəricilərə
görə Azərbaycan hətta inkişaf etmiş ölkələri
qabaqlayır. Xarici dövlət borcumuz 8
faiz təşkil edir. Hesab edirəm ki, bu
da dünya miqyasında, ən yüksək göstəricidir.
Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox
böyük dəqiqliklə, həssaslıqla aparırıq. Qoyulan
investisiyalar ya xaricdən cəlb edilən investisiyalardır,
ya da ki, dövlət büdcəsindən ayrılan, o cümlədən
Dövlət Neft Fondunun hesabına qoyulan vəsaitdir. Yəni biz beynəlxalq maliyyə bazarlarından
maliyyə resursları cəlb etməmişik. Yəni onları çox aşağı səviyyədə
cəlb etmişik ki, ölkə borclanmasın. Bu gün inkişaf etmiş ölkələrdə
bu göstərici 100 faizdən də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir. Misal
üçün, xarici dövlət borcunun 50 faizi ümumi
daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30 milyard dollar kredit resurslarını
alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə
olacaqdır. Yəni bu, Azərbaycanın
iqtisadi potensialını əyani şəkildə göstərən
amildir. Gələcək illərdə
xarici borcun aşağı səviyyədə saxlanması
hesab edirəm ki, düzgün siyasət olacaqdır.
Son on il ərzində ölkəmizə 160 milyard
dollar investisiya cəlb edilmişdir. Son illərdə
sərmayənin həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatmışdır,
Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə
qoyulmuşdur. Daxili sərmayələr artıq
xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır. Düzdür, daxili sərmayələrin tərkibində
dövlət investisiya xərcləri hələ ki,
üstünlük təşkil edir. Bu da təbiidir.
Çünki infrastruktur layihələri və
ölkə iqtisadiyyatı üçün lazım olan digər
proqramlar icra edilir. Ancaq özəl sektor da
Azərbaycana investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə
hökm sürən sabitliyin hesabınadır və özəl
sektorun Azərbaycanın gələcəyinə
inamının təzahürüdür. Ona
görə əminəm ki, gələcək illərdə
investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır.
Çünki görüləsi işlər
çoxdur.
Ümumiyyətlə, 160 milyard dollar həcmində
qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük
təkan vermişdir. Bu müsbət meyillər güclənir.
Gələcəkdə həm dövlət, həm
özəl, həm xarici və daxili sərmayələrin
qoyuluşu gözlənilir.
Azərbaycan,
baxmayaraq ki, əsas neft kontraktları artıq imzalandı və
icra edilir, yenə də xarici iş adamları
üçün cəlbedici ölkə kimi çox
maraqlıdır. Bu gün daha çox qeyri-neft
sektorunun inkişafına vəsait qoyulur. Əlbəttə
ki, biz bunu alqışlayırıq. Ölkəmizdə
yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin
qoyuluşuna görə Azərbaycan MDB məkanında ön
sıralardadır.
Biz son on il ərzində, eyni zamanda,
sahibkarlığın inkişafına çox böyük
diqqət göstərmişik. Xüsusilə
sahibkarların ölkə iqtisadiyyatına sərmayə
qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən
konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb
edilmişdir. Sahibkarlığa Kömək
Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya
qoyulmuşdur. Sahibkarlara güzəştli
şərtlərlə kreditlər verilmişdir. Sahibkarlığın inkişafı
üçün xüsusi tövsiyə planları da tərtib
edilmişdir. Ölkə iqtisadiyyatında ən
çox lazım olan sahələri inkişaf etdirmək
üçün artıq Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə kreditlər ayrılır.
Beləliklə, biz son illər ərzində əsas ərzaq
məhsullarımızla özümüzü daha da
böyük səviyyədə təmin edirik. Mən bir neçə il bundan əvvəl
qarşıya vəzifə qoymuşdum ki, biz
özümüzü 100 faiz təmin edək. Hələ
ki, buna çatmamışıq. Bu barədə
danışacağıq. Ancaq sahibkarların fəaliyyəti
hesabına və düşünülmüş dövlət
siyasəti sayəsində bu istiqamətdə də çox
ciddi addımlar atılmışdır.
Mən sahibkarlarla mütəmadi qaydada
görüşürəm. Son on il ərzində
bölgələrdə 1200-dən çox obyektin
açılışında şəxsən iştirak
etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə
göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir.
Yəni dövlət tərəfindən güzəştli
şərtlərlə ayrılan kreditlər
sahibkarlığın inkişafına böyük təkan
vermişdir və verir.
Son on ildə infrastruktur layihələrinin icrası
prioritet məsələ idi. Çünki biz
yaxşı başa düşürdük ki, bu layihələr
icra edilməsə, ölkəmizin inkişafı
mümkün olmayacaqdır. Xüsusilə
ölkəmizin enerji potensialının yaradılması
istiqamətində 2004-cü ildən başlayaraq çox
ciddi addımlar atılmışdır. Azərbaycanda 10
il ərzində 17
elektrik stansiyası tikilmişdir. Onların
ümumi generasiya gücü 2300 meqavatdır. Müqayisə
üçün deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz 6300
meqavatdır. Onların 2300-ü son on il ərzində
yaradılmışdır. Əgər bu elektrik
stansiyaları tikilməsə idi, bu gün ölkəmizin təxminən
30 faizi işıqsız qalardı və heç bir sənaye
inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycanda sənayenin
inkişafı, əlbəttə ki, infrastruktur layihələri
ilə təmin edilməlidir. Ona görə
biz, ilk növbədə, elektrik stansiyalarının
yaradılması ilə məşğul olduq. Deyə bilərəm ki, bu gün enerji təhlükəsizliyimizi
artıqlaması ilə tam təmin etmişik. Hazırda bizim təxminən 600-700 meqavat həcmində
ixrac potensialımız vardır.
Ancaq Azərbaycan dinamik şəkildə inkişaf edir. Əhali
artır, iqtisadiyyat inkişaf edir. Bizim gələcək
sənaye inkişafımızla bağlı böyük
planlarımız vardır. Azərbaycan
yüksək texnologiyaları ilə özünü göstərəcəkdir.
Azərbaycan müasir industrial ölkəyə
çevriləcəkdir. Yüzlərlə,
bəlkə də minlərlə yeni müəssisə
yaranacaqdır. Ona görə enerji
potensialımız tələbatımızı daim
qabaqlamalıdır. Ona görə gələcəkdə
elektrik stansiyalarının tikintisi nəzərdə
tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji
növlərinə də, əlbəttə ki, diqqət yetirəcəyik.
Son illərdə bu istiqamətdə də ciddi
addımlar atılmışdır.
Son on il ərzində qazlaşdırma ilə
bağlı böyük işlər görüldü. Bu, həm sosial, eyni zamanda, iqtisadi məsələdir.
Çünki qaz olmayan yerlərdə insanlar
daha çox elektrik enerjisindən istifadə edirlər. Bu, həm onlar üçün iqtisadi cəhətdən
çox səmərəsizdir, eyni zamanda, elektrik enerjisinə
tələbat artır. Belə olan halda, əlbəttə
ki, qazlaşdırma layihələrinə üstünlük
verildi. Hazırda ölkəmizin
bütün şəhərləri, kəndlərin əksəriyyəti
qazlaşdırılıb və ümumilikdə Azərbaycanda
təqribən 90 faizə yaxın qazlaşdırma təmin
edilibdir. Ancaq əlbəttə, bəzi kəndlərə
hələ ki, qaz xətləri çəkilməyib. Bu, proqramda vardır. Növbəti beş il ərzində qazlaşdırmanın
səviyyəsi 95-96 faizə çatdırılmalıdır.
Ölkəmizin hərtərəfli inkişafı
üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların
tikintisi məsələləri daim diqqət mərkəzində
olmuşdur. İlk növbədə,
magistral yollardan, ondan sonra şəhərlərarası, daha
sonra kəndlərarası, kənddaxili yollardan başladıq.
Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir. Burada əyləşən bütün rayonların
icra başçıları bu işlərə fəal şəkildə
cəlb edilmişlər. Mən hər bir
rayonda olarkən onlardan daha yeni təkliflər alıram.
Həm dövlət büdcəsindən, həm Prezidentin
Ehtiyat Fondundan kənd yollarının tikintisinə
böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti
beş il ərzində bizim bütün kəndlərimizdə
asfalt yollar, yaxşı yollar olmalıdır və
olacaqdır.
Sosial
infrastrukturun yaradılması ilə bağlı son on il ərzində böyük işlər
görülmüşdür. Su layihələri
icra edilir. Mən su layihələrini sosial
infrastruktur layihələrinə aid edirəm. Çünki bu, ilk növbədə,
sosialyönümlü tədbirlərdir. Bu
gün ölkəmizin hər bir şəhərində
içməli su, kanalizasiya layihələri icra edilir. Bir neçə şəhərdə artıq bu
layihələr başa çatıb. Mən
açılışlarda iştirak etmişəm. Artıq insanlara 24 saat ərzində fasiləsiz
olaraq Dünya Səhiyyə Təşkilatının
standartları səviyyəsində keyfiyyətli su verilir.
Növbəti beş il ərzində
bütün şəhərlərdə və əksər kəndlərdə
yeni su xətləri çəkiləcək, kanalizasiya sistemi
qurulacaqdır. Beləliklə, bütün
dövrlərdə Azərbaycan xalqına böyük əziyyət
verən su qıtlığı problemi aradan
götürüləcəkdir.
Digər sosial infrastruktur layihələri icra
edilmişdir, 2700 məktəb tikilmişdir. 500-dən
çox tibb müəssisəsi tikilmiş və təmir
edilmişdir. 41 Olimpiya idman kompleksi
yaradılmışdır, 8-i hələ tikilir və yenə
də tikiləcəkdir. Bizim mədəniyyət
ocaqları bərpa edilib.
Yəni, regional dövlət proqramlarının əsas
mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada
əhatə edilir. 2009-cu ildə qəbul olunmuş proqram mətbuatda
da dərc edilib. Hər bir vətəndaş
oxuya bilər, onun rayonunda, kəndində hansı işlər
görüləcəkdir. Bu iki
proqramın formalaşmasında Azərbaycan vətəndaşları
fəal iştirak etmişlər. Çünki
bu proqramlar yerlərdən gələn təkliflər
hesabına yarandı. Yerlərdə
yaşayan insanlar daha yaxşı bilirlər ki, orada hansı
işlər görülməlidir, ilk növbədə
hansı problemlər öz həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər
və arzular ümumiləşdirilib, proqram halına
salınıb, maliyyə resursları təşkil edilib.
Hər il dövlət büdcəsi qəbul
edilərkən proqramın icrası, investisiya qoyuluşu nəzərdə
tutulur. Beləliklə, bu proqramlar konkret xarakter
daşıyır.
Ümumiyyətlə, bizim bütün işlərimiz
konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər
yerinə yetirilir. Biz populizmdən
uzağıq. Qeyri-real vədləri
heç vaxt vermirik. Ancaq nəyi deyiriksə,
ona da əməl edirik. İki proqramın
icrası bunu bir daha təsdiq edir.
Bu illər ərzində Azərbaycan böyük
uğurlara imza atmışdır. Şəhərlərimiz
abadlaşdı. Hər bir şəhərdə,
hər bir rayonda abadlıq işləri görülür,
ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət
ocaqları, küçələr, binalar abadlaşır.
Əlbəttə ki, Bakı hər bir şəhər
üçün nümunədir. Bakı bu gün
artıq dünya miqyasında ən gözəl şəhərlərdən
biridir, dünyanın ən gözəl şəhərlərindən
biridir. Əlbəttə, təbiidir ki, digər
şəhərlər də Bakıya oxşamaq istəyir.
Ancaq hər bir şəhərin öz
xüsusiyyəti, tarixi, özəlliyi vardır. Əsas
odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə,
hər bir kənddə yaşamaq, işləmək, istirahət
etmək üçün normal, yaxşı şərait
yaradılsın.
Bu gün Azərbaycan dövləti güclü dövlətdir,
Azərbaycan xalqı təhlükəsizlik şəraitində
yaşayır.
Biz bu təhlükəsizliyi, ictimai asayişi,
iqtisadi inkişafı təmin edirik. Azərbaycan
dünya miqyasında öz sözünü deyən ölkələrdəndir.
Bizim hər bir məsələ ilə
bağlı öz fikirlərimiz, mövqeyimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət
aparmaq üçün ilk növbədə, daxildə
bütün işlər lazımi səviyyədə təşkil
edilməlidir. Əlbəttə ki, bizim
iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi
müstəqilliyimizi böyük dərəcədə
gücləndirmişdir.
Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri
həll edilir.
Nəqliyyat təhlükəsizliyi həll
olunur. Bu gün biz dünya
üçün, nəinki qitə üçün, dünya
üçün nəqliyyat mərkəzinə
çevrilirik. Əlbəttə ki,
infrastruktur layihələri bizim coğrafi vəziyyətimizi
daha da yaxşılaşdırır. Çünki
infrastruktur, logistika, nəqliyyat infrastrukturu olmadan heç bir
coğrafi vəziyyət heç bir məna
daşımır, necə ki, təbii resurslar. Dənizin altında, dərinlikdə yerləşən
təbii resurslar çıxarılmasa, heç bir dəyəri
yoxdur. Ancaq o dəyər təbii resurslar
çıxarılanda yaranır. Ona
görə enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi
bizim əsas diqqət yetirdiyimiz sahələrdir və hər
istiqamət üzrə gözəl nəticələr
vardır.
Bu gün Azərbaycan enerji təhlükəsizliyi
baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa
çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin
kontraktı imzalanmışdır. "Əsrin
kontraktı", yəni, XX əsrin kontraktı uğurla icra
edilir, XXI əsrin kontraktı imzalanmışdır. Bu salonda böyük tədbir keçirilmişdir.
Müxtəlif ölkələrdən dövlət,
hökumət başçılarının iştirakı ilə
tədbir keçirilmişdir. Azərbaycan
əsas iqtisadi yükü və əsas məsuliyyəti
öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz liderlik
göstərərək bu layihələri, böyük layihələri
icra edə bilərik.
Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng
enerji layihələri Avropanın ən böyük enerji və
infrastruktur layihələridir. Artıq bu sözlər
özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir.
Biz inamla irəliləyirik. Qarşıda
duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı
üçün çalışırıq. İki proqramın icrası nəticəsində
bölgələrdə yaşanan bu inkişaf və tərəqqi
əlbəttə ki, bizi daha da gücləndirir.
Bu gün biz görülən işlərlə
bağlı məruzələri dinləyəcəyik. Burada daha da
konkret fikirlər, faktlar səslənəcəkdir. Üçüncü dövlət proqramının
qəbul edilməsi ilə bağlı işlər artıq
görülür. Artıq bir neçə
aydır ki, Üçüncü dövlət proqramı
hazırlanır və qəbul ediləcəkdir. Beləliklə,
növbəti beş il üçün
bir fəaliyyət planı tərtib ediləcəkdir.
Azərbaycan.-2014.- 6 fevral.- S.1;2.