Qayğının real bəhrəsi

 

Bütövlükdə Göygöl rayonunun inkişafı son illər uğurla gedir. 

 Yaxşı işlər görülür, müəssisələr tikilir, şəhər abadlaşır.

                                                               İlham ƏLİYEV

 

 

 

Bu yerlər yaranışından gözəldir, səfalıdır. Son illərdə insanın əli ilə hüsnünə yeni sığal çəkilir. Göygöl yeniləşir, abadlaşır, tanınmaz olur. Bu, günümüzün reallığı, ümumdövlət qayğısının real bəhrəsidir.

Son illərdə Prezident İlham Əliyev üç dəfə bu yerlərə səfər edib. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 5 sərəncam imzalayıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı isə hər sahədə iqtisadi-mədəni tərəqqisinə xüsusi təkan verdi.

Bu tükənməz qayğı və diqqətin bəhrəsidir ki, son illərdə rayonda ümumi məhsul istehsalı 4,7 dəfə artıb. Sahibkarların sayı 3,6  dəfə çoxalıb. Rayon üzrə 7 mindən çox yeni yeri açılıb. Orta aylıq əməkhaqqı 6,3, pensiyaların məbləği 5,7 dəfə yüksəlib. Son bir neçə il ərzində sahibkarlara 10,6 milyon manat məbləğində güzəştli kredit verilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 3,7 milyon manat məbləğində yardım edilib. Bütün bunların sayəsində bitkiçilik və maldarlıq sürətlə inkişaf edir. Ənənəvi sahə olan üzümçülük və şərabçılıq bərpa olunur. Rayonda sosial problemlər uğurla həll edilir. Abadlıq və quruculuq işləri geniş miqyas alır. 

Aylar, illər keçdikcə Göygöl rayonu tanınmaz olur. Budur, üzüm bağları ilə əhatə olunmuş ikitərəfli asfalt yol mərkəzə doğru qalxır. Ətrafda qar olsa da, yol təmizdir, rahatdır. Son vaxtlarda Göygöl başdan-başa yenidən qurulub. Küçələr abadlaşıb, səkilər salınıb, işıq sistemi təzələnib, 700 binanın dam örtüyü dəyişilib, fasadları müasir üslubda təmir edilib. Aşıq Şəmşir, Hüseyn Cavid, Nəsimi, Məmməd Araz, Hacı Zeynalabdin Tağıyev küçələrində və başqa yerlərdə 25 min kvadratmetr sahəyə asfalt döşənib. Bir neçə müəssisə üçün inzibati bina tikilib, yüzlərlə fərdi ev inşa olunub. Göygöl 1 və 2 saylı uşaq bağçalarında istilik sistemi quraşdırılıb. Yenizod kəndində uşaq bağçası və mədəniyyət evi, Qızılcada tibb məntəqəsi təmir edilib.

Şəhər aybaay, ilbəil böyüyür, gözəlləşir. Cari ilin ilk günlərində dörd obyekt istifadəyə verilib. Gənclər sarayı, uşaq əyləncə mərkəzi, yay kino teatrı və bir də açıq idman meydançası. Hamısı bir-birindən gözəl, bir-birindən yaraşıqlı.     

Heydər Əliyev Parkında müasir üslubda inşa olunmuş gənclər sarayı göz oxşayır, yanında da Uşaq əyləncə mərkəzi. Burada əsl gənclər şəhəri yaradılıb. Gənclər və idman idarəsinin rəisi Zaur Abbasov deyir ki, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, dünyagörüşlərinin yüksəldilməsi, maraqlı, məzmunlu istirahətin təşkili üçün burada hər şərait var. Müasir quruluşlu diskoteka, internet-klub, linqafon otağı, kafe, rəqs meydançası və s. Açıq idman meydançasının yaşıl sahəsi, Uşaq əyləncə mərkəzinin bir-birindən yaraşıqlı otaqları da hər gün məktəblilərlə dolu olur. Bütün bunlar Prezident İlham Əliyevin gənc nəslin təlim-tərbiyəsinə verdiyi misilsiz diqqətin bəhrəsidir. İndi burada rayon təhsil, mədəniyyət və turizm şöbələrinin iştirakı ilə bir-birindən rəngarəng tədbirlər keçirilir. Ulu öndər Heydər Əliyevin irsi öyrənilir, müstəqilliyin bəhrələrindən geniş söhbət açılır. Göygölün sənətkarlar mərkəzi elan edilməsi ilə əlaqədar burada istedadlı gənclərin əl işləri nümayiş olunur. Bir sözlə, bu yerlər maraqlı, məzmunlu görüşlərin mərkəzinə çevrilir.

Əbəs demirlər ki, daha xoş günlərimiz hələ öndədir. Bu günlərdə Prezident İlham Əliyevin Göygölə etdiyi səfər əsl el bayramına çevrildi. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi. Gənclər sarayı ilə tanış oldu. Cənab İlham Əliyevin xeyir-duası ilə çox mühüm obyektlər istifadəyə verildi. Bayraq meydanı, Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, içməli su sistemi... Bunların hər biri məhz ölkə rəhbərinin təşəbbüsü ilə yaradılmışdır. Hamısı bir-birindən gözəl, bir-birindən gərəkli obyektlərdir. Orijinal üslubda inşa edilən Heydər Əliyev Mərkəzi Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu yaraşıqlı binada müxtəlif tədbirlərin keçirilməsi üçün aktkonfrans zalları yaradılmışdır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rəsm, xalçaçılıq, tikiş dərnəkləri və s. fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin elektron kitabxana, fotostudiya, şahmat zalı, muğam otağı və 3D kinoteatrı da var.

Sərhəd bölgəsində yerləşən Göygöldə vətənin mərd mübarizləri yetişir. Rayonun idmançıları  beynəlxalq və respublika səviyyəli yarışlarda mühüm nailiyyətlər qazanırlar. Hazırda burada idmanın müxtəlif növləri üzrə 2 Avropa və 14 dünya çempionu var. Şübhə yoxdur ki, ən yüksək səviyyədə tikilmiş, müasir avadanlıqla təchiz olunmuş Olimpiya İdman Kompleksi müxtəlif yarışlarda yeni-yeni uğurların qazanılmasına yol açacaq. Kompleksdə yaradılmış şəraitlə tanış olan dövlət başçısı dedi: "Göygöl Olimpiya Kompleksinin gözəl gələcəyi olacaqdır... Biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik. Gərək yaxşı nəticələr, qələbələr olsun, həm ölkə çempionatlarında, həm də beynəlxalq turnirlərdə. İndi belə şəraitdən sonra gərək yaxşı da nəticələr olsun".

Prezident İlham Əliyevin səfəri zamanı Göygöl şəhərinə içməli suyun verilməsinə başlanılmışdır. Su kəməri Murovdağın ətəyindən gəlir. Kürəkçayın başlanğıcında yerüstü suların yığılması və süzülməsi üçün ümumi sahəsi 15 min kvadratmetr olan möhtəşəm hidrotexniki suqəbuledici təmizləyici-ötürücü qurğular kompleksi tikilmişdir. Su xəttinin layihə üzrə gücü saniyədə 132,5 litrdir. Göygöl şəhəri ilə yanaşı, Toğana, Çaykənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərinin əhalisi fasiləsiz olaraq içməli su ilə təmin ediləcək. Yeni xəttin çəkilişi ilə əlaqədar şəhərin mərkəzində 134,5 min metr uzunluğunda kanalizasiya sistemi qurulmuşdur.

İctimaiyyətin nümayəndələri qarşısında çıxış edən Prezident İlham Əliyev dedi:  "Bütövlükdə, rayonda bu gün bir neçə tədbirdə iştirak eləmişəm. Onların içərisində, əlbəttə ki, su-kanalizasiya layihəsini xüsusi qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, Göygöl rayonunda su təchizatı həmişə böyük problem olub. Təmiz, keyfiyyətli içməli su həmişə problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi ölkəmizdə ən təmiz və keyfiyyətli sulardan biri artıq Göygölə verilir. Şəhər içməli su ilə təmin edilib. Bu su kəmər boyu yerləşən 7 kəndə verilir. Gələcəkdə başqa kəndlərin su problemi də həll ediləcək. Bu, tarixi layihədir, tarixi nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt keyfiyyətli su olmamışdır. Bax, Azərbaycan dövlətinin siyasəti və gücü bunda özünü göstərir".

Rayonun ən baxımlı yerində ucaldılan Bayraq kompleksi də hamının diqqətini cəlb edir. Məşhur Hacıkənd-Göygöl qoruğu yolunun üstündə, səfalı bir guşədə 50 metr yüksəkliyə qaldırılmış Dövlət bayrağı rayonun hər yerindən aydın görünür. Kompleksdə geniş əraziyə malik gəzinti zolaqları yaradılmışdır. "Azərbaycan dövlətinin rəmzləri muzeyi"nin işıqlı, yaraşıqlı zalları var. Burada ölkəmizin müxtəlif dövrlərindəki gerbləri, o cümlədən Nuxa, Yelizavetpol (Gəncə), Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzaları və Bakı quberniyasının bayraqları, gerbləri nümayiş etdirilir. Əslində bu, istiqlal muzeyinin parçasıdır. Dəstə-dəstə adamlar həvəslə gəlir, maraqla baxır, xoş əhvalla qayıdırlar.

Rayonda hamı dövlət başçısının səfərinin xoş təəssüratı ilə yaşayır. Hər yerdə əsas söhbət  Prezidentin görüşlərindən gedir. Yeni istifadəyə verilmiş obyektlərə baxır, sabahın yüksəliş yolu haqqında danışırlar. Söhbət əsnasında rayon Ağsaqqallar Şurasının sədri Abdulla Qasımov Göygöl sakinlərinin fikrini ifadə edərək ümumən regionlara, eləcə də Göygölə göstərilən tükənməz qayğı və diqqətə görə rayon sakinləri adından dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

 

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 6 fevral.- S.9.