Sahillərin birləşməsinə çox qalmayıb

 

Salyan şəhərinin mərkəzində - Kür çayı üzərində tikilən körpünün yazda istifadəyə verilməsi gözlənilir

 

 

Biz tikintidə olanda 6 aşırımlı körpünün axırıncı dayaqlarında gedirdi. Mühüm əhəmiyyətli bu obyektin tikintisinə keçən ilin sentyabrında başlanıb. "Körpü-Bina-Tikinti" MMC-nin kollektivi hər saatdan səmərəli istifadə etmişdir desək, yanılmarıq.

Elə buna əsasən də icraçısı Səyədulla Manafov işin əsasını gördüklərini bildirdikdə, yanındakı Türkiyədən olan mütəxəssis Məhmət Qaraca: "Əfəndim, körpü tikintisində kolay olmaz, xüsusən də bu böyük əhəmiyyət kəsb edirsə" - dedi. Yeri gəlmişkən, M.Qaraca körpü tikintisində ixtisaslaşmış mütəxəssisdir. O, İstanbuldakı Qalata körpüsünün, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin liman hissəsinin, Səudiyyə Ərəbistanının Məkkə şəhərində drenaj şəbəkəsinin, Pakistanın Kəraçi şəhərində Port-Qasım limanının, habelə Türkmənistanda, Dubayda mühüm obyektlərin inşasında iştirak etmişdir.

 Salyan şəhərində tikilən körpünün əhəmiyyətinə gəldikdə isə bunları demək olar: Kür çayı bu şəhəri ikiyə bölərək axıb gedir. Şəhərin Babazanan ərazisində yaşayan sakinlər çayın qarşı sahilinə keçmək üçün çox çətinlik çəkirdi. Çünki rayonun idarə, müəssisə və təşkilatları, bazar-dükanlar çayın sağ sahilindəki ərazidə yerləşir. Ən sadə üçün Babazanan sakinləri günün müxtəlif vaxtlarında çayı qayıqla keçmək məcburiyyətində qalırdılar. Yazda çayda suyun artması, yayda düşməsi də müəyyən çətinliklər yaradırdı. Elə buna görə də çay üstündən körpü salınması Salyan camaatının həmişə arzusu olmuşdur. Müxtəlif dövrlərdə bununla əlaqədar təşəbbüs də göstərilmişdir. Əlaqədar təşkilatlar tərəfindən ölçü-biçi aparılmış, körpünün yeri müəyyənləşdirilmişdir. Lakin zaman keçmiş, körpü məsələsi öz həllini tapmamışdı.

Sakinlərin çoxdankı arzusu, nəhayət, keçən il  reallaşmağa başladı. Ölkə rəhbəri İlham Əliyev sentyabrın 6-da əhalinin xahişini nəzərə alaraq Kür çayı üzərində körpünün tikilməsi üçün sərəncam imzaladı.

Obyektin bu ilin mayında istifadəyə verilməsi üçün inşaatçılar hər bir işi vaxtında və yüksək keyfiyyətlə icra edirlər. Salyan Rayon İcra Hakimiyyətinin başçısı hər həftə tikintiyə baş çəkir, işlərin gedişi ilə maraqlanır. Material, texnika sarıdan heç bir çətinlik yoxdur. Tikintidə xaricdə istehsal olunan ən keyfiyyətli armatur və sementdən istifadə edilir. 10-dan çox müasir maşın-mexanizm və digər texnika körpüsalanların ixtiyarındadır.

Körpünün texniki göstəricilərinə gəldikdə isə qeyd edək ki, 6 aşırımlı körpünün uzunluğu 200, eni 11,5 metrdir. Bundan əlavə, hər iki tərəfdə 1,5 metr enində piyada yolu olacaq. Körpünün sudan hündürlüyü və aşırımlar arasındakı 33 metrlik məsafə çayda gəmiçiliyin inkişaf etdirilməsinə şərait yaradacaq. Yükgötürmə qabiliyyətinə gəldikdə isə körpü NK-100 yüklərinə hesablanmışdır. İş icraçısı bildirdi ki, ağır yükləri buradan keçirmək problem olmayacaq. O, körpünün tikilən hissəsinin üstündə dayanan kranı göstərərək "baxın, o kranın ağırlığı 160 tondur, hələ üstəlik yan-yörəsində çoxlu tikinti materialları da var" - dedi.

Körpü salmaq dədə-babadan savab , xeyirxah əməl sayılıb. Çünki körpülər uzun yolları qısaldır, insanlara rahatlıq gətirir, sahilləri biri-birinə qovuşdurur.

 

 

 

Seyran CAVADOV,          

Azərbaycan.-2014.- 6 fevral.- S.9.