XVII Avrasiya İqtisadi Zirvəsində Azərbaycanın informasiya-kommunikasiya

 texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər diqqət mərkəzində olmuşdur

 

İstanbulda Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən, 42 ölkənin nümayəndələrinin iştirak etdikləri XVII Avrasiya İqtisadi Zirvəsinin ikinci günündə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar diqqət mərkəzində olmuşdur.

"İKT inkişaf üçün" adlı bölmə iclasında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir ki, Azərbaycan hökuməti müasir texnologiyaların tətbiq olunmasına xüsusi diqqət yetirir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında yaxın 10 ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payının iki dəfə artırılması hədəfində İKT-yə böyük ümidlər bəslənilir. Bu gün ölkəmizdə hər 100 nəfərdən 70-i internet istifadəçisidir ki, bu da MDB və Mərkəzi Asiya regionlarında ən yaxşı göstəricidir. Ölkə əhalisinin 98 faizi rəqəmli televiziya ilə əhatə olunmuşdur. Hər 100 istifadəçiyə 110 mobil telefon düşür. Azərbaycanda vergi, gömrük və digər xidmətlərin əksəriyyəti onlayn rejimdə həyata keçirilir. Yeni yaradılmış İKT-nin İnkişafı üzrə Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı sahibkarlar üçün yaxşı şərait yaradacaqdır.

Əli Abbasov bildirmişdir ki, Azərbaycan hökuməti internet iqtisadiyyatının formalaşdırılmasına da böyük diqqət yetirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu 2014-2016-cı illərdə bütün bölgələrdə genişzolaqlı internetin tətbiqini nəzərdə tutan xüsusi proqram hazırlamışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində ölkə əhalisinin 85 faizi yüksək sürətli internet xidmətlərindən yararlanacaqdır. Bundan başqa, Azərbaycan irihəcmli iki fiber-optik magistralın çəkilməsinə də başlamışdır. Bu təşəbbüslər Avropa və Asiyanı birləşdirəcək ən qısa marşrutlar üzərində qurulmuşdur. Layihələrdən biri - regional əməkdaşlığın bariz nümunəsi olan "Avropa-Yaxın Şərq informasiya magistralı" (EPEG) artıq keçən ildən fəaliyyətə başlamışdır. "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin reallaşmasında da böyük irəliləyişlər vardır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etməsi nəticəsində bu sektorda mühüm nailiyyətlər əldə edilmişdir. Ötən il sentyabrın 4-də BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə Avrasiya Rabitə Alyansının yaradılması haqqında qərar qəbul olunmuşdur. 2013-cü il fevralın 8-də "Azərspace-1" telekommunikasiya peykinin orbitə buraxılması və kommersiya fəaliyyətinə başlaması da ölkəmizin böyük uğurudur. İkinci peykin orbitə çıxarılması 2017-ci ildə planlaşdırılır.

Toplantıda çıxış edən Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya İdarəsinin sədri Tayfun Acarer, Qazaxıstanın rabitə və nəqliyyat naziri Askar Jumaqaliyev, İsrail parlamentinin deputatı Davud Tsur və digərləri Avrasiya məkanında İKT sahəsində əməkdaşlığın perspektivlərindən, həyata keçirilən layihələrdən bəhs etmişlər.

Zirvə çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən toplantıda Bosniya və Herseqovinanın Prezidenti Zivko Budimir, Fransa Senatının üzvü Joel Qarriod-Maylam, Bolqarıstan, Estoniya, Rumıniya və Sloveniyanın keçmiş prezidentləri Jelyu Jelev, Arnold Rüütel, Emil Konstantinesku və Danilo türk dünyasında və Avrasiya məkanında cərəyan edən siyasi-iqtisadi proseslərdən, sülhün və sabitliyin təmin olunması üçün dialoq prosesinin zəruriliyindən bəhs etmişlər.

 

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 7 fevral.- S.3.