Milli Məclisin payız sessiyasının yekunları

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dünyada qlobal iqtisadi böhranın hələ də yaşandığı şəraitdə 2013-cü ilin ikinci yarısında da Azərbaycanda dinamik iqtisadi inkişafı saxlamağa zəmin yaratmışdır.

2013-cü ildə Azərbaycan kosmik kluba üzv dövlətlər sırasına daxil oldu və ötən il davamlı iqtisadi inkişaf tempi ilə yadda qaldı. Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən etibarlı ölkə olduğunu bir daha sübuta yetirdi. Nüfuzlu Davos Forumunun ötən il Bakıda keçirilməsi məhz belə hadisələrdən biridir. İlin sonuna yaxın isə Azərbaycanın BMT kimi dünyanın taleyinin müzakirə olunduğu mötəbər qurumun Təhlükəsizlik Şurasının sədri olması ölkəmizin günbəgün artan nüfuzunun bariz nümunəsidir.

Dövlət başçısının yürütdüyü uğurlu və uzaqgörən siyasəti yüksək qiymətləndirən Azərbaycan xalqı 2013-cü ilin oktyabrında keçirilmiş seçkilərdə bir daha məmnuniyyətlə öz Prezidentinə - İlham Əliyevə səs verdi.

İlin sonuna yaxın isə Azərbaycan dünyaya səs salaraq "Şahdəniz-2" kimi tanınan layihənin - XXI əsrin möhtəşəm müqaviləsini imzaladı. Bununla ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha göstərmiş oldu.

Əminliklə deyə bilərik ki, ölkəmizin imza atdığı bu uğurlarda Milli Məclisin də öz töhfəsi, öz payı var. Milli Məclisin 2013-cü ilin payız sessiyasında qanun yaradıcılığı, parlamentlərarası münasibətlərin inkişafı və digər sahələrdə həyata keçirdiyi tədbirlərə nəzər saldıqda bunun şahidi olmaq mümkündür.

Parlamentin payız sessiyasında (30 sentyabr - 27 dekabr 2013-cü il) Milli Məclisin 10 iclası keçirilmiş, 170 qanun və qərar qəbul olunmuşdur.

Onlardan 1-i Konstitusiya qanununa dəyişikliklər, 9-u qanun, 139-u qüvvədə olan qanunlara dəyişikliklər və əlavələr, 10-u qərar, 11-i isə beynəlxalq müqavilələr və konvensiyalardır. Parlamentdə bu dövrdə bir sıra qanun layihələrinə birinciikinci oxunuşlarda münasibət bildirilmişdir.

Payız sessiyası ərzində Milli Məclis komitələrinin 62 iclası keçirilmiş, bütövlükdə komitələrdə 215 məsələ müzakirə olunmuş, onların böyük əksəriyyəti Milli Məclisin plenar iclaslarında müzakirəyə tövsiyə olunmuşdur.

Milli Məclis payız sessiyası dövründə demokratiya, plüralizm, qanunun aliliyi prinsiplərinə əsaslanaraq qanunvericilik səlahiyyətini tam həcmdə yerinə yetirmişdir. Qanunverici orqanın fəaliyyətinin əsas istiqamətləri hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin davam etdirilməsi, ölkədə aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi, parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi olmuşdur.

Milli Məclis dünyada baş verən prosesləri diqqətlə izləmiş, lazım gəldikdə ölkənin milli maraqları ilə bağlı məsələlərə öz münasibətini bildirmişdir. Bu dövrdə qanunverici orqanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət qəbul olunmuşdur.

2013-cü ilin payız sessiyasında parlamentdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın daha da inkişafı və ölkənin siyasi sisteminin təkmilləşdirilməsi istiqamətində davam etdirilmişdir.

Belə ki, payız sessiyası dövründə Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilmiş, "İctimai iştirakçılıq haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunlar qəbul edilmiş, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və digər qanunlara dəyişikliklər edilmişdir.

Bu dövrdə hüquqi sahəyə aid bir sıra qanunlar qəbul edilmişdir. Onlardan İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrində, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yol hərəkəti haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Hərbi xidmətlərə görə", "Sərhəddə fərqlənməyə görə" medallarının Əsasnamələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri göstərmək olar. Bu dəyişikliklər ölkəmizin qanunvericilik sistemini daha da zənginləşdirmiş, onu dövrün tələblərinə uyğunlaşdırmışdır.

Bundan əlavə, "Hərbi qulluqçuların statusu haqqında" qanunun yeni layihəsinin işlənməsi istiqamətində işçi qrupu yaradılmış, qanun layihəsinin yeni variantı ilə bağlı 16 dövlət qurumundan müsbət rəy alınmış və 2014-cü ilin yaz sessiyasında həmin layihənin müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur.

"Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsi üzərində də işçi qrupu tərəfindən müəyyən işlər aparılmışdır.

Payız sessiyasında parlamentdə iqtisadiyyata aid qəbul olunan sənədlər də bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinə və ölkəmizin iqtisadi-ticari əlaqələrinin genişlənməsinə xidmət etmişdir.

Ötən sessiyada Milli Məclisdə "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun və büdcə zərfinə daxil olan sənədlər təsdiq edilmiş, Vergi, Mülki, İnzibati Xətalar Məcəllələrinə, "Sığorta fəaliyyəti haqqında", "Sosial sığorta haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında", "Patent haqqında", "Təbii inhisarlar haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" və digər qanunlara dəyişikliklər edilmişdir.

Payız sessiyasında Vergi Məcəlləsinə edilmiş çoxsaylı dəyişikliklər mühüm əhəmiyyət kəsb edir. Bu dəyişikliklər vergi münasibətlərinin yenilənməsini, ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasını, vergi ödəyicilərinin hüquqlarının müdafiəsinin güclənməsini özündə ehtiva edir.

Edilmiş dəyişikliklərə əsasən, yeni fəaliyyət sahələri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi, əhalinin müəyyən təbəqələrinin vergi yükünün azaldılması və başqa məsələlər nəzərdə tutulur.

Ötən sessiya dövründə bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini təmin edəcək Rəqabət Məcəlləsi üzərində davam etdirilmiş, sənəd müzakirəyə çıxarılmaq üçün hazırlanmışdır.

Payız sessiyasında "Akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi də birinci oxunuşda qəbul edilmişdir. Bu qanunun məqsədi ölkənin akkreditasiya sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, eləcə də ölkəmizdə akkreditə edilmiş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən verilmiş sertifikat, sınaq və inspeksiya hesabatlarının tanınmasını təmin etməkdir.

Ötən sessiyada parlamentdə aqrar sahənin inkişafına və ətraf mühitin mühafizəsinə xidmət edən bir sıra mühüm əhəmiyyətli sənədlər də qəbul edilmişdir. Payız sessiyasında "Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsi birinci oxunuşdan keçmişaqrar sahədə qüvvədə olan "Yeyinti məhsulları haqqında", "Toxumçuluq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Seleksiya nailiyyətləri haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" və "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanunlara bir sıra dəyişikliklər edilmişdir.

Bu dəyişikliklər ölkədə geni dəyişdirilmiş və ya modifikasiya olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, idxalı və satışına qoyulan qadağaları nəzərdə tutur.

Bunlarla yanaşı, "Balıqçılıq haqqında" qanuna təklif edilən akvakulturaya həsr edilmiş böyük dəyişiklik bloku - su hövzəsində balıqların, digər su heyvanları və bitkilərinin əmtəə məqsədilə süni yaradılmış məskunlaşma şəraitində inkubasiyası, yetişdirilməsi və saxlanması qaydalarının hüquqi əsaslarını müəyyən edir.

Həmişə olduğu kimi, payız sessiyası dövründə də sosial məsələlər parlamentin diqqət mərkəzində olmuşdur. Bu sahəyə aid Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında, ölkəmizdə 2014-cü il üçün yaşayış minimumu və 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələri qəbul edilmiş, Əmək Məcəlləsinə, "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Təhsil haqqında", "Sığorta fəaliyyəti haqqında", "Uşaq hüquqları haqqında" qanunlara dəyişikliklər edilmişdir. Payız sessiyası ərzində "Uşaqların istirahəti haqqında", "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihələri müvafiq dövlət qurumlarının nümayəndələrinin, ekspert və mütəxəssislərin iştirakı ilə yenidən işlənmiş və layihələrin geniş müzakirələri keçirilmişdir. Hazırda bu qanun layihələri üzərində işlər davam etdirilir.

Ötən sessiyada parlament bir sıra rayonların inzibati ərazi bölgüsündə dəyişiklik etmiş, qəsəbələrin adlarında dəqiqləşmələr aparmışdır. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna dəyişikliklər edilmiş, həmçinin Xaçmaz rayonunun Xaraxoba kəndinin adı dəyişdirilərək Palıdlı kəndi adlandırılmışdır. Qanunvericiliyə edilmiş bütün bu dəyişikliklər ölkəmizdə inzibati idarəetmə sisteminin inkişafına xidmət edir.

Payız sessiyası dövründə bir sıra beynəlxalq sənədlər parlamentdə müzakirə olunaraq qəbul olunmuşdur. Onlardan "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə, "2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında, Gürcüstan hökuməti ilə fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi haqqında, Avropa İnvestisiya Bankı ilə AİB-in ölkəmizdə fəaliyyətini tənzimləyən Çərçivə Sazişinin təsdiq edilməsi haqqında, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirlikləri arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında Sazişin təsdiq edilməsi barədə və digər qanun layihələrini göstərmək olar.

Ötən dövr Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq təşkilatların işində yaxından iştirak etmişlər. Belə ki, Milli Məclis Sədrinin başçılığı ilə nümayəndə heyəti noyabrın 28-29-da Rusiyada MDB PA-nın Şura, plenar, daimi komissiyalarının iclaslarında və burada keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Səfər iki ölkə arasında, eləcə də MDB-nin parlamentləri səviyyəsində münasibətlərin inkişafı baxımından səmərəli olmuşdur.

Payız sessiyası dövründə millət vəkillərimiz GürcüstandaTacikistanda keçirilən prezident, Ukraynada və Türkmənistanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etmişlər.

Ötən sessiyada da Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatlardakı tədbirlərdə milli maraqlarımızla bağlı məsələlərin müzakirəsində fəallıq göstərmişlər. Nümayəndə heyətlərimiz ATƏT PA-nın payız sessiyasında (Monteneqro, Budva, 12-16 oktyabr), AŞ PA Bürosunun iclasında (Xorvatiya, Dubrovnik, 1-3 sentyabr), AŞ PA-nın payız sessiyasında (Fransa, Strasburq, 29 sentyabr-5 oktyabr), NATO PA-nın 59-cu illik sessiyasında (Xorvatiya, Dubrovnik, 10-15 oktyabr), Avronest PA-nın Büro iclasında (Ukrayna, Kiyev, 31 oktyabr-1 noyabr), İsraildə keçirilmiş Azərbaycan günlərində (Yerusəlim, 13-17 oktyabr), BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin konfransında (Panama, 24 noyabr-1 dekabr), Baltik Assambleyasının 32-ci sessiyasında (Latviya, Riqa, 28-30 noyabr), GUAM PA-nın 6-cı sessiyasında (Gürcüstan, Tbilisi, 28-30 noyabr), Asiya Parlament Assambleyasının 6-cı sessiyasında (Pakistan, İslamabad, 6-13 dekabr), Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyasının Federal Şurasının ikitərəfli parlamentlərarası komissiyasının XI iclasında (Rusiya, Moskva, 10-12 dekabr) və digər nüfuzlu qurumların tədbirlərində iştirak etmişlər.

Deputatlarımız ABŞ-da, Rusiyada, Türkiyədə, İspaniyada, Belçikada, Almaniyada, Fransada, Portuqaliyada, Avstriyada, İsraildə, Yunanıstanda, Litvada, Latviyada, Gürcüstanda, Ukraynada və digər ölkələrdə səfərlərdə olmuş, səfər çərçivəsində keçirdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmışlar.

Parlamentin beynəlxalq əlaqələrinin inkişafında xarici ölkələrin qanunvericilik orqanları ilə dostluq qrupları mühüm rol oynayır. Hazırda Milli Məclisdə dünyanın 70-dən çox ölkəsi ilə belə qrup yaradılmışdır.

Ötən dövr bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuşlar. Belə ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutskiy, prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi Mişel Vuazən, ATƏT PA-nın Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Doris Barnett, AŞ PA-nın Xüsusi Komitəsinin seçkiqabağı missiyasının üzvləri, İran İslam Respublikası Parlamenti sədrinin ofisinin rəhbəri Məhəmməd Cəfəri, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Xarici Siyasət Komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin, Fransa Senatının, İtaliya Senatının, Avropa Parlamentinin, MDB PA-nın, Pakistan Milli Assambleyası və Senatının, TÜRK PA-nın seçki müşahidə missiyalarının üzvləri, Böyük Britaniya Lordlar Palatasının üzvləri, Malta Respublikasının Nümayəndələr Palatasının sədri, III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Moldovanın İnsan haqları üzrə müvəkkili xanım Aurelia Grigoriu, AŞ PA-nın sabiq prezidenti senator Rene van der Linden, Braziliya Deputatlar Palatasının müvəkkili, dostluq qrupunun rəhbəri Klaudio Kajado, Efiopiya Parlamentinin sədri, İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti və digər rəsmi şəxslər parlamentdə görüşlər keçirmiş, faydalı fikir mübadiləsi aparmışlar.

Ötən sessiya ərzində Milli Məclisdə beynəlxalq təşkilatların xətti ilə 3 tədbir keçirilmişdir. Milli Məclis nüfuzlu parlament qurumlarının toplantılarına ev sahibliyi etmişdir. Payız sessiyasında Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit məsələləri komitəsinin 41-ci iclası, Parlament Tədqiqatları və Sənədləşmə məsələləri üzrə Avropa Mərkəzinin (ECPRD) "Parlamentlərdə informasiya və kommunikasiya texnologiyaları üçün maraq sahələri" mövzusunda seminar və "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirilmə yolları və tətbiq praktikası" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Hər üç tədbir yüksək səviyyədə təşkil edilmiş və səmərəli olmuşdur.

 2013-cü ilin payız sessiyasında Milli Məclisə vətəndaşlardan 2353 təklif, ərizə və şikayət daxil olmuş, parlamentdə 1206 vətəndaş qəbul edilmişdir. Milli Məclisin komitə və komissiya sədrlərinin, Aparat rəhbərinin və şöbə müdirlərinin qəbuluna yazılmış şəxslərin qəbulu aylıq cədvələ əsasən vaxtında keçirilmişdir.

Payız sessiyası dövründə Milli Məclisdə 72 KİV akkreditə olunmuşdur. 17 televiziyaradio, 32 qəzet, 23 agentlik parlamentin fəaliyyətini işıqlandırmışdır.

Bütün bunlar deməyə əsas verir ki, parlamentin qarşıdan gələn 2014-cü ilin yaz sessiyası da yüksək səviyyədə keçəcək, Milli Məclis bundan sonra da ölkəmizin Konstitusiyasına uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

 

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin mətbuat katibi

Azərbaycan.-2014.- 7 fevral.- S.3.