İspaniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

 

Fevralın 6-da Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupunun üzvləri İspaniya parlamentinin nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan-İspaniya əlaqələri müzakirə edilib, tərəfləri maraqlandıran məsələlərdən söz açılıb.

Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupunun rəhbəri Fəzail Ağamalı qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan Avropada böyük nüfuz sahibi olan İspaniya ilə əlaqələrin möhkəmləndirilməsində hər zaman maraqlıdır. Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan parlamentinin başlıca məqsədlərindən birixarici ölkə parlamentləri ilə əlaqələri qurmaq və möhkəmləndirmək olub. Artıq bu sahədə böyük işlər görülüb: "İstərdik ki, İspaniya ilə olan əlaqələrimiz daha da möhkəmlənsin. Sizin dostluq qrupu tərkibində ilk dəfə olaraq Azərbaycan parlamentinə gəlişiniz artıq buna doğru addımlamaqdır. Azərbaycan və İspaniya parlamentləri arasında münasibətlər möhkəm təməl üzərində qurulub və inanıram ki, hər iki ölkə parlamentinin nümayəndələri daha möhkəm əməkdaşlıq əlaqələri quracaqlar".

Sonra İspaniya parlamentarilərinə Azərbaycanın müstəqillik əldə edənə kimi keçdiyi tarixi yol barədə məlumat verilib. Bildirilib ki, uzun illər çar Rusiyasının və sovetlər birliyinin tərkibində olan Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox insan öz yurd-yuvasından didərgin düşüb. Bununla bağlı BMT-nin 4 qətnaməsinin olduğu, lakin Ermənistan tərəfin buna böyük sayqısızlıqla yanaşması nəticəsində qərarların hələ də icra olunmadığı diqqətə çatdırılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadi inkişafına görə Qafqazın lider ölkəsinə çevrilib və dünyanın sürətlə inkişaf etməkdə olan ölkələrindən biridir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Görüşdə Xocalı soyqırımı haqqında da qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımının dünya parlamentləri tərəfindən tanınması prosesi gedir. İspaniya parlamentininbu soyqırımı tanıması ilə bağlı qərar qəbul etməsi təqdirəlayiq hal olar.

İspaniyanın Xalq Partiyasının Valensiya üzrə deputatı Xose Maria Çikiyo hər iki ölkə parlamentləri arasında dostluq münasibətlərinin olmasını çox yüksək qiymətləndirib: "Biz də istərdik ki, bütün sahələrdə sizinlə əməkdaşlıq edək. Çünki Azərbaycanda demokratik şəraitin, sərbəst fəaliyyətin şahidi olmuşuq. 2010-cu ildə İspaniya parlamentinin bir neçə üzvü ilə birgə Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak etdik. O zaman seçkilərin çox şəffaf və demokratik keçirildiyini gördük və Azərbaycana olan etimadımız daha da artdı. Düşünürəm ki, bundan sonra qarşılıqlı görüşlərimiz çox olacaq və Azərbaycan haqqında daha geniş bilgilər əldə edəcəyik".

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumatları var: "Biz başa düşürük ki, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağdır. İspaniya hər zaman sülhün tərəfdarı olub. Buna görə də münaqişənin sülh yolu ilə həll olunması üçün əlimizdən gələn dəstəyi verəcəyik".

Sonda maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 7 fevral.- S.3.