Azərbaycan ilə İspaniya arasında bir çox sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilmişdir

 

Fevralın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi  və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Elmar Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyinibu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulamış, parlamentlərarası əlaqələrin vacibliyini qeyd etmişdir.

Nazir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyi haqqında İspaniya nümayəndə heyətini ətraflı məlumatlandırmış, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə rəğmən beynəlxalq təşkilatların sənədlərini, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyini bildirmişdir.

İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını bildirmişdir. O, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulamış, Azərbaycanın mövqeyinin haqq-ədalətə əsaslandığını söyləmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 7 fevral.- S.4.