Xose Maria Çikiyo: Azərbaycanla yüksək səviyyəli əlaqələr yaratmaq İspaniya üçün çox vacibdir

 

Fevralın 8-də ölkəmizdə səfərdə olan İspaniya Parlamentinin deputatı Xose Maria Çikiyonun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə mətbuat konfransı keçirmişdir.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirdi ki, İspaniya Parlamentinin deputatı Xose Maria Çikiyonun rəhbərlik etdiyi nümayəndə heyəti üç gündür ki, ölkəmizdədir. Səfər müddətində onlar bir sıra səmərəli görüşlər keçirmişlər.  Bugünkü mətbuat konfransı da səfərin yekunları barədədir.

Mətbuat konfransında çıxış edən Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı bildirdi ki, Milli Məclisdə İspaniya parlamenti ilə işçi qrup fəaliyyət göstərir. İspaniya bizim üçün çox əhəmiyyətli ölkə olduğuna görə istəyirdik ki, İspaniya parlamentində də belə bir qrup olsun. Bu dostluq qrupunun ölkəmizə səfəri zamanı Milli Məclisin rəhbərliyi, xarici işlər naziri, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət Komitəsinin rəhbərliyi, iqtisadiyyat və sənaye naziri ilə bir sıra faydalı görüşlər keçirildi, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıldı. Ümidvarıq  ki, belə səfərlər qarşılıqlı və davamlı olacaq, ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək.

İspaniya parlament nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo səfər zamanı Azərbaycan haqqında mühüm və ətraflı məlumatlar aldıqlarını, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə yaxından tanış olduqlarını diqqətə çatdırdı. Bildirdi ki, ölkələrinə qayıdan kimi Azərbaycan haqqında ətraflı məlumat hazırlayıb yayacaq və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəklər.

Qonaq daha sonra dedi ki, İspaniya BMT-nin bu münaqişə barədə qəbul etdiyi 4 qətnamənin də icra olunmasına çalışacaqdır. Çünki BMT kimi nüfuzlu qurumun qətnamələri kağız üzərində qala bilməz.

Sonra qonaq ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, bunun üçün müxtəlif istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd etdi.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 9 fevral.- S.4.