Ulu öndər Azərbaycan dilinin böyük təəssübkeşi idi

 

Mənsub olduğu xalqın dilini, adət-ənənələrini sevmək, qəlbində yaşatmaq, daha da inkişaf etdirmək dahilik zirvəsinə ucalan şəxsiyyətlərin əsas keyfiyyət göstəricilərindən sayılıb. Bu mənada ulu öndərin həyatı, fəaliyyəti, tarixləşən mənalı ömür yolu parlaq nümunədir.

Ümummilli lider Heydər Əliyev azərbaycanlı olmağı ilə fəxr etməklə yanaşı, mühüm dövlət əhəmiyyətli mötəbər məclislərdə, yığıncaqlarda Azərbaycan dilində çıxışları, nitqləri ilə tanınır, sevilirdi. Hələ keçən əsrin 60-cı illərinin sonunda respublikamıza rəhbərlik etməyə başladığı ilk günlərdən ən zəruri məsələlərin mahiyyətini Azərbaycan dilində şərh edir, bununla da rəsmilərə, nazirlikbaş idarə, habelə ayrı-ayrı şəhər və rayon rəhbərlərinə nümunə, mənəvi təsir göstərirdi. Tarixə qovuşan ötən illərə nəzər salarkən görürük ki, ulu öndər 1969-cu ildən başladiğı Azərbaycan dilionun statusu ilə bağlı siyasətini 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra da əzmlə davam etdirmiş, milli dil siyasətini milli dövlətçilik siyasəti ilə məharətlə uzlaşdırmışdır. Onun 9 avqust 2001-ci ildə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı imzaladığı fərman bütün soydaşlarımızın ürəyincə oldu. Bu  mühüm tarixi əhəmiyyət kəsb edən fərmanda deyilir: "Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin".

Etiraf edək ki, ana dilimizlə, mənəviyyatımızla bağlı olan bu tarixi fərman müxtəlif sahələrdə çalışan mütəxəssisləri də ulu öndərin şəxsi nümunəsində Azərbaycan dilini, onun ifadə imkanlarını, milli dövlətçiliyin inkişafındakı mövqeyini daha yaxından öyrənməyə səfərbər etmiş, onlar gəldikləri qənaətləri ayrı-ayrı kitablarda, tədqiqat əsərlərində əks etdirmişlər. Azərbaycan Dövlət Tibb Universitetinin dosenti Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı ("Elm və təhsil" nəşriyyatı, I kitab, Bakı, 2013) yuxarıda göstərdiyimiz istiqamətlər baxımından xüsusi maraq doğurur. Otuz çap vərəqi həcmində olan bu kitab 15 fəsildən ibarətdir. Bu fəsillərin hər birində müəllifin problemə bələdlik səviyyəsi, fasiləsiz olaraq bu sahədə yaradıcılıq axtarışında olması daha aydın şəkildə nəzərə çarpır.

"Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində", "Heydər Əliyevin nitqində girişlər və sonluqlar", "Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq", "Heydər Əliyevin nitqində fəlsəfi fikirlər",  "Heydər Əliyevin nitqində qətiyyət", "Heydər Əliyevin nitqində nikbinlik", "Heydər Əliyevin nitqində proqnozlar", "Heydər Əliyevin nitqində poetik duyğular", "Heydər Əliyevin nitqində elmi üslub" və s. adlarla əks etdirilən fəsillərin hər biri maraqla oxunur. Hər fəslin adına, mahiyyətinə uyğun ulu öndərin heyrətamiz irsindən gətirilən konkret nümunələr əsərin elmi dəyərini, nəzəri-praktik əhəmiyyətini artırır. İlk baxışdan diqqəti cəlb edən cəhətlərdən biri budur ki, uzun müddət ümummilli liderin həyat və fəaliyyəti ilə yaxından tanış olan müəllif öz şərhini real fakt və hadisələrə istinadən nəzərə çatdırır. Məsələn, kitabın "Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində" adlı ilk fəslində ulu öndərin 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumundakı çıxışına istinad etməsi yerinə düşür; "...Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək; onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır".

Göründüyü kimi, milli mənafe baxımından mühüm əhəmiyyət kəsb edən bu fikir sosial-didaktik mahiyyəti ilə səfərbəredici təsirə malik olur. Həmin nitqində ulu öndər bir az da irəli gedərək doğma dilimizin milli dövlətçiliyimizin inkişafı baxımından necə böyük məna kəsb etməsini də inandırıcı şəkildə nəzərə çatdırır. Kitabda nəzərə çatdırılan həmin fikirlər də problemliyi ilə diqqəti cəlb edir: "...Beşinci ildir ki, müstəqil şəraitdə yaşayırıq. Mən bunu dəfələrlə demişəm: danışanda, müzakirə aparanda, şübhəsiz ki, Azərbaycan dilindən savayı rus dilindən də istifadə etmək olar. Ancaq bunun da bir müddəti olmalıdır. Ona görə də mən indi də və bundan sonra da etiraz etməyəcəyəm ki, bizim ana dilimizi bilməyən adamlar hələ ki məruzələrini rus dilində  etsinlər. Ancaq xəbərdarlıq edirəm: artıq vaxt, illər keçir, dili öyrənmək lazımdır. İndi mən heç kimi günahlandırmıram. Keçmişdə ümumi işimiz belə olubdur ki, vəzifəli şəxslərin çoxu rus dilində təhsil alıb, işlərini rus dilində aparıblar. Mən bunların heç birisini günah hesab etmirəm. Keçid dövründə insanlar müəyyən qədər bu keçid prosesində yaşayırlar, bu da təbiidir, ancaq nə qədər, neçə il lazımdır ki, vəzifəli şəxslərimiz dövlət dilimizi öyrənsinlər və biz müzakirələri də bu dildə aparaq?"

Ulu öndər 2 fevral 1996-cı ildə keçirilən gənclərin birinci forumunda çıxış edərkən ana dilimizin mükəmməl öyrənilməsi ilə bağlı məsələni problem səviyyəsinə qaldırmış, vəzifəli şəxslərin, məmurların qarşısında ciddi, təxirəsalınmaz öhdəlik qoymuşdur. Təqdirəlayiq haldır ki, N.Zamanov araya-ərsəyə gətirdiyi bu fundamental kitabın elə ilk fəslində həmin problem məsələləri oxucuların nəzərinə çatdırmışdır.

"Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabını vərəqlədikcə, onun ayrı-ayrı fəsillərində şərh edilən məsələlərlə tanış olduqca bir daha ana dilimizin böyük təəssübkeşinin idrakına, bu istiqamətdə fəaliyyət konsepsiyasına heyran qalırıq. Hiss edirsən ki, müəllif qələmə aldığı kitabın mövzusuna sadiq qalaraq vaxtilə ulu öndərin dilindən eşidilən ən dəyərli məqamları diqqət mərkəzinə gətirməyi daha vacib saymışdır. Budur, kitabın "Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində" adlı fəslində oxuyuruq: "Azərbaycan dilinin hakim mövqe tutması yolunda  Heydər Əliyev qətiyyəti tam ciddiyyəti ilə işə düşür. Qətiyyətlə dolu ifadələr - "hakim dil etməliyik", "öz ana dilini bilməlidir", "səlis danışmalıdır", "bu dil sevilməlidir", "mütləq öyrənilməlidir", "birinci növbədə öz ana dilini bilməlidirlər", "Azərbaycan dilini öyrənin", "öyrənməsəniz, işdən çıxaracağam" - dil məsələlərində sərt bəyanat kimi qulaqlarda səslənir, dilimizə ögey münasibət bəsləyənlərə ciddi xəbərdarlıq edir, dil məsələlərinə münasibətdə Heydər Əliyev xarakteri milyonlarla insana  açılır: "Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili  sevməlidir".

Dərin vətənpərvərlik hissi ilə tədqiqat aparan Nağdəli müəllim haqqında bəhs etdiyimiz əsəri birdən-birə ortaya çıxarmamış, ayrı-ayrı fəsillərin məzmununu, problem məsələləri müxtəlif illərdə respublikada nəşr olunan ayrı-ayrı qəzet və jurnal səhifələrində əks etdirmişdir. İnanırıq ki, N.Zamanovun "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" üzrə araşdırmalarından bəhs edən 2-ci kitabı da yaxın vaxtlarda işıq üzü görəcək, mütəxəssislərin və qədirbilən oxucuların stolüstü kitabına çevriləcəkdir.

 

 

 

Vidadi XƏLİLOV,

pedaqogika üzrə elmlər doktoru,

professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi

Azərbaycan.-2014.- 9 fevral.- S.6.