Regionların inkişafı dövlət proqramlarının icrası

 ölkənin iqtisadi potensialını gücləndirmişdir

 

Regionların inkişafına dair ikinci dövlət proqramının da icrası başa çatdı. Beləliklə, 2004-2008-ci illəri əhatə edən birinci və 2009-2013-cü illər üçün nəzərdə tutulan ikinci dövlət proqramı ölkə həyatının bütün sahələrinə bir yüksəliş, bölgələrə saysız-hesabsız yeniliklər gətirdi. Nəticədə şəhərlər, rayon mərkəzləri, ələlxüsus kənd və qəsəbələrimiz abadlaşdı, gözəlləşdi.

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində məlum hadisələrin mənfi təsirindən sükuta qərq olmuş, lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra dirçəlmiş və canlanmış obalarımızda həyat bulaq kimi qaynayır. Bu, dövlət başçısı İlham Əliyevin regionların inkişafına yönəldilən və öz təcəssümünü dövlət proqramlarının uğurla yerinə yetirilməsində tapan qayğı və siyasətinin bəhrəsidir.

Bu günlərdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda qazanılan nailiyyətlər barədə ətraflı söhbət açıldı.

Konfransda çıxış edən Prezident İlham Əliyev demişdir: "Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur".

Belə ki, ölkədə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. 10 ildə 1 milyon 200 min yeni yeri açılıb ki, onların da 900 mini daimidir. Yoxsulluq təxminən 50 faizdən 5,3 faizə enib. İşsizlik cəmi 5 faiz təşkil edir ki, bu göstəriciyə hətta bir sıra inkişaf etmiş ölkələr hələ nail ola bilməyib.

Bunlar adi rəqəmlər deyil. Onların arxasında Azərbaycanın müstəqilliyi, iradəsi, ölkədə bütün sahələrin tarazlı şəkildə inkişafına yönəldilmiş düzgün siyasət dayanır. Təsdiqi isə xalqın güzəranının ilbəil daha da yaxşılaşması, iri şəhərlərimizlə bahəm bölgələrimizin, ucqar kəndlərimizin simasının belə tanınmaz dərəcədə dəyişməsidir.

Dövlət başçısı "Əlbəttə, 2006-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axını başlamışdır. O illərdə iqtisadi artım daha çox neft amilinə bağlı idi. Ancaq biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə edə bilmişik", demişdir əldə edilən gəlirlərin iqtisadiyyatın real sektoruna, infrastruktur layihələrinə istiqamətləndirildiyini vurğulamışdır.

Son 10 ildə ölkədə yatırılan 160 milyard dollarlıq sərmayə iqtisadiyyatın inkişafına böyük təkan verib. Əsas neft müqavilələrinin bağlanmasına artıq icra edilməkdə olduğuna baxmayaraq, Azərbaycan xarici sərmayədarlar üçün yenə cəlbedici ölkədir. Bu gün qeyri-neft sektorunun inkişafına da böyük investisiyalar yönəldilir.

Bir vaxtlar "sənaye müəssisəsi" dedikdə yalnız böyük şəhərlərdəki zavod fabriklər göz önünə gəlirdi. Son 10 ildə ölkənin elə bir rayonu olmayıb ki, orada yeni sənaye müəssisəsi istifadəyə verilməsin. Bu dövrdə regionlarda 500-dən çox sənaye müəssisəsi açılıb. Onlardan yalnız bəzilərinin adını çəkmək kifayətdir. Gəncədə, Sumqayıtda, Naxçıvanda, Mingəçevirdə, Daşkəsəndə istifadəyə verilən müəssisələr öz yerində, rayonlarda çoxsaylı sənaye ocaqları yaradılıb. Məsələn, indi Qazaxda sement, Goranboyda gips gips məmulatları, Masallıda Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəydə qızıl emalı, Oğuzda qarğıdalı emalı qlükoza, İmişlidə şəkər, bitki yağları qarışıq yem müəssisələri fəaliyyət göstərir. Bu siyahını xeyli artırmaq da mümkündür.

Ölkənin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, sözügedən proqramların orada müsbət nəticələri görünməsin. Sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret işlər görülüb. Bu, sahibkarların işinin canlanmasına böyük təkan verib.

Dövlət başçısının göstərişlərinə əsasən, yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl 100 sentnerdən çox yüksək keyfiyyətli qarğıdalı yığılıb. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması yekunlaşmaq üzrədir.

Regionlarda 50 başlıq sudlük cins heyvandarlıq ailə təsərrüfatlarının yaradılmasına başlanıb. Bu mexanizm ət süd məhsullarının artırılmasında, emal sənayesinin xammalla fasiləsiz təmin olunmasında, mal-qaranın cins tərkibinin yaxşılaşmasında, kiçik sahibkarlığın inkişafında əhəmiyyətli addım olacaq.

Aqrar sektorda görülən çoxsaylı məqsədyönlü tədbirlər öz bəhrəsini verir. Təsadüfi deyil ki, son illərdə əsas ərzaq məhsulları ilə özümüzü təmin edə bilirik. Hədəf isə ərzaq məhsullarının idxalını minimuma qədər azaltmaq, yerli ərzaq məhsulları ilə təminatı 100 faizə çatdırmaqdır.

Proqramlarda infrastruktur layihələrinin həyata keçirilməsinə önəm verilmişdi. Nəticəsi göz qabağındadır. Ölkədə son 10 il ərzində ümumi generasiya gücü 2300 meqavat olan 17 elektrik stansiyası tikilib. Başqa sözlə, Azərbaycan artıq öz enerji təhlükəsizliyini təmin edib. İndi ölkəmiz hətta 600-700 meqavatlıq ixrac potensialına malikdir.

İnsanların, xüsusilə rayon kənd camaatının qaz sarıdan çəkdiyi əziyyət hamının yaxşı yadındadır. Son illərdə ölkədə qazlaşma geniş vüsət aldı. Hətta sovet dönəmində qaz verilməyən ucqar kəndlərədək mavi yanacaq xətləri çəkildi. İndi ölkədə qazlaşdırma 90 faizə çatıb. Qazlaşdırılmamış yalnız bəzi kəndlər qalır ki, onlarda da yaxın bir neçə ildə mavi yanacaq şölələnəcək.

Yeni yollar tikilib, körpülər salınıb. Şəhərlərarası yollarla yanaşı, kəndarası kənddaxili yollar təmir olunub, qaydaya salınıb.

Şəhər rayonların su ilə təminatı yaxşılaşdırılıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikilib istifadəyə verilməsi ilə paytaxt Abşeron yarımadası əhalisinin su təchizatında sabitlik yaranıb. Təkcə keçən il artezian  quyularının qazılması yolu ilə 104 kəndin su təchizatı təmin edilib. Çay kənarında yerləşən kəndlərdə sutəmizləyici qurğular işə salınıb.

Artıq 8 şəhərdə su təchizatı kanalizasiya sisteminin yaradılması başa çatıb. 12 şəhər yeni mənbələrdən su alır. Nəticədə həmin rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

Sudan söz düşmüşkən: suvarma suyu bolluğu yaratmaq üçün böyük layihələr həyata keçirilib. Keçən il Taxtakörpü su anbarı istifadəyə verildi. Bu ilin sonunda isə Şəmkirçay su anbarı hazır olacaq.

Bu illər ərzində 2700 məktəb tikilib. 500-dən çox tibb müəssisəsi inşa, yaxud təmir edilib. 41 Olimpiya İdman Kompleksi istifadəyə verilib 8-i tikilməkdədir. Bütün bunlar şərhə ehtiyacı olmayan faktlardır.

Bir sözlə, biz böyük uğurlara nail olmuşuq. Prezident İlham Əliyevin dediyi kimi: "Biz güclü dövlət qurmuşuq. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Təsadüfi deyildir ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən dünya birliyinin böyük əksəriyyəti bizim namizədliyimizi dəstəkləmişdir - 155 ölkə, dünya birliyinin üçdə iki hissəsi.

Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır bu, rekord göstəricidir, analoqu olmayan inkişafdır".

Konfransda iki dövlət proqramının icrası nəticəsində görülmüş genişmiqyaslı işlərdən danışılarkən toxunulan sahələrdə gələcəkdə qarşıda duran vəzifələrdən bəhs edilmişdir. O vəzifələrdən ki, onlar növbəti, üçüncü proqramda öz əksini tapacaq. Bunu dövlət başçısı yekun nitqində vurğulayaraq demişdir: ¸Bir sözlə, demək istəyirəm ki, son 10 il ərzində qurşıda duran vəzifələrin hamısı icra edilib. İki dövlət proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul ediləcək növbəti - üçüncü proqram da vaxtında icra olunacaq beləliklə, ölkəmizin uğurlu dinamik inkişafı təmin ediləcəkdiri.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 8 fevral.- S.4.