Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Fevralın 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov öncə ölkələrimizin tarixi dostluq münasibətlərindən geniş söz açıb. Bildirib ki, Azərbaycanla Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin xüsusi rolu olub. Z.Əsgərov ölkəmizin əldə etdiyi uğurlardan, iqtisadi inkişafından, reallaşdırdığı iri layihələrdən, o cümlədən qədim İpək Yolunun tərkib hissəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən geniş bəhs edib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı bünövrənin olduğunu deyib.

Dağlıq Qarabağ münaqişəsindən də danışan Ziyafət Əsgərov vurğulayıb ki, beynəlxalq qurumların çoxsaylı qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurdundan qaçqın və məcburi köçkün düşüb. Z.Əsgərov Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini dəstəklədiyinə görə Çin hökumətinə təşəkkürünü bildirib.

Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsi nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Çjoy Li ölkəmizlə yüksək səviyyədə olan dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Deyib ki, Azərbaycan və Çin dünyada inkişaf edən, sülhü sevən, qədim tarixə, mədəniyyətə, yüksək dəyərlərə sahib  ölkələrdir. Qonaq ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıqdan da razılıq edib.

Dağlıq Qarabağ münaqişəsindən danışan Çjoy Li ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz olduğunu və hər zaman Azərbaycanın haqq səsini dəstəklədiyini deyib.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 11 fevral.- S.2.