«Euronews» televiziya kanalında «Bakıya uçuş. Müasir

 Azərbaycan incəsənəti» sərgisi ilə bağlı süjet yayımlanmışdır

 

Dünyanın nüfuzlu "Euronews" televiziya kanalında Bakıda, Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və "Baku" jurnalının birgə təşkilatçılığı ilə açılmış "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi haqqında süjet yayımlanmışdır.

AzərTAc xəbər verir ki, süjetdə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi barədə ətraflı məlumat verilmiş, sərgidə olduqca maraqlı əsərlərin nümayiş olunduğu bildirilmişdir. Vurğulanmışdır ki, bu əsərlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın  əsərləri də böyük maraqla qarşılanır.

Sərgidə müxtəlif janrlarda işləyən azərbaycanlı rəssamların 100-dən artıq əsəri nümayiş olunur.

Qeyd edilmişdir ki, bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılmışdır. "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilmişdir.

"Euronews" televiziya kanalının süjetində əminliklə bildirilmişdir ki, mart ayınadək davam edəcək sərgi ziyarətçilər üçün böyük maraqla qarşılanacaqdır.

Bu süjetin dünyanın nüfuzlu kanallarından biri olan "Euronews"da yayımlanması bir daha sübut edir ki, Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin, müasir incəsənətimizin dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir.

 

Azərbaycan.-2014.- 11 fevral.- S.2.