Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir

 

Naxçıvan Muxtar Respublikası-90

 

"Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli  yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır"

 

 

 

İlham ƏLİYEV

 

 

Bu il xalqımız müstəqil Azərbaycanın dilbər güşəsi - Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyini qeyd edir. Qədim, zəngin tarixə malik Naxçıvan diyarı Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərmişdir. Muxtar Respublikanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamında bu barədə belə deyilir: "Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləısiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır.

 

Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir..."

 

Ölkə Prezidentinin 14 yanvar 2014-cü il tarixli məlum sərəncamında qeyd olunduğu kimi, doğrudan da, Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm rol oynamış, milli dövlətçilik tariximizə adlarını əbədi həkk etmişlər. Türk dünyasının nadir tarixi simalarından sayılan, zəmanəsinin qüdrətli siyasətçiləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, müstəqilliyimizin memarı və banisi  ulu öndər Heydər Əliyev məhz mayası Vətənə və xalqa məhəbbətdən yoğrulmuş Naxçıvan torpağının yetirməsidir.

Heç də təsadüfi deyil ki, Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz ulu öndərin adı ilə bağlıdır.  1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həqiqi inkişaf yoluna qədəm qoydu. Bugünkü müstəqil dövlətimizin siyasi, iqtisadi və mədəni potensialı məhz 1969-1982-ci illərdə yaradılmışdır. Bu dövrdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası da əsl quruculuq, yüksəliş yolu keçmiş, 3500 illik tarixinin maddi və mənəvi intibah dövrünü yaşamışdır.

1969-cu ildən sonra Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işlərinin həcmi ölçüyəgəlməz dərəcədə artmışdır. Həmin illərdə ölkənin rəhbəri kimi, Heydər Əliyevin Naxçıvana hər gəlişi mühüm obyektlərin, yaşayış sahələrinin istifadəyə verilməsi ilə əlamətdar olmuşdur. Onun tapşırığı, diqqət və qayğısı ilə Naxçıvan şəhərində dəmir-beton məmulatı zavodu, evtikmə kombinatı, üzlük plitələr zavodu, qum-çınqıl karxanası, Babək və Şərur rayonlarında tikinti materialları müəssisələri, Naxçıvanda asfalt zavodu və başqa mühüm obyektlər həyata vəsiqə aldı. Bunların nəticəsində muxtar respublikanın ərazisində yeni yaşayış məntəqələri, mikrorayonlar salınmış, yüzlərlə sosial təyinatlı obyektlər tikilib istifadəyə verilmişdir. Çox təəssüf ki, sonralar SSRİ kimi böyük məkanda gedən proseslər Naxçıvana da mənfi təsirini göstərdi. Yalnız Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu sahədə vəziyyət müsbətə doğru dəyişdi.

XX əsrin əvvəlində əgər Naxçıvan sənayesi cəmi bir neçə yarımkustar emalatxanadan ibarət idisə, bu gün burada müasir tipli onlarca iri müəssisə fəaliyyət göstərir. Ümumiyyətlə, bu qədim diyarın sənayesi son 40 il ərzində müxtəlif sahələr üzrə ixtisaslaşdırılmışdır. Naxçıvan daş, duz, travertin, ipək, konserv, şüşə qablar, mineral sular, elektrik avadanlığı, xalçaçılıq, alt trikotaj və bir sıra başqa məhsullarla ölkənin vahid sənaye kompleksinə layiqli töhfə verir. Muxtar respublikanın zəngin təbii sərvətləri burada sənayenin daha sürətli inkişafı üçün geniş perspektivlər açır. Naxçıvanda tütün fermentləri, alüminium qablar, elektrotexnika, "Araz" təcrübə zavodları, taxıl, ət və süd kombinatları, Ordubadda, Şərurda konserv müəssisələri, Şahbuzda avtotəmir, Şərur rayonunda radio və Ordubadda elektron zavodlarının tikilib istifadəyə verilməsi nəticəsində minlərlə adam işlə təmin olunmuşdur.

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş sovetlər ittifaqının hər yerində olduğu kimi Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük imperiya çökürdü. SSRİ sərhədlərinin Azərbaycana aid hissəsinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Belə bir vaxtda Mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. Bu faciəyə qədər Naxçıvanın Ermənistanla sərhəddində ermənilər sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvanda həmin il yanvarın 19-da xalqın tələbi ilə Muxtar Respublikanın Ali Sovetinin sessiyası çağrıldı. Sessiyada Muxtar Respublikanın Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul olundu. Bu keçmiş ittifaqda misli görünməmiş hadisə idi. O dövrdə Naxçıvanda baş verən hadisələr Prezident Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında" fərmanında (4 fevral 1999-cu il) belə xarakterizə olunmuşdu: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir.

Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Ümumqoşun şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur.

Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə müsbət təsirini göstərdi".

Belə bir vaxtda keçmiş SSRİ-nin türk-müsəlman xalqlarının şəksiz lideri sayılan, ittifaq rəhbərliyindən istefa vermiş Heydər Əliyevə qarşı məkrli planları işə salındı. O, Moskvanın bütün təzyiqlərinə baxmayaraq xalqı ilə birlikdə olmaq, Azərbaycana qayıtmaq istəyini gizlətmirdi. Xalqının taleyinə biganə qala bilməyən böyük siyasətçi ciddi təhlükələrə rəğmən 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin onun Bakıda yaşamasına imkan verilmədi və iyulun 22-də Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana getdi. Sonralar Heydər Əliyev bu dövrü belə xatırlayırdı:

"O vaxt mən Azərbaycana gəlməyə çox can atdım. Hər vəchlə mənim qarşımı aldılar, çox maneələr törətdilər, hətta bunu mənə qadağan etdilər, inzibati təzyiq tədbirlərinə əl atdılar. Buraya gəlməyimi nə sovetlər ittifaqının o vaxtkı rəhbərliyi istəyirdi ("istəyirdi" demək olmaz, buna qəti etiraz edirdi), eyni zamanda Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyi buna etiraz edirdi.

O vaxt mən adi bir vətəndaş idim. Şübhəsiz, vətəndaş kimi istədiyim yerə gedə bilərdim. Axı, mən xaricə getmək istəmirdim. Sovetlər İttifaqı dövlət idi, onun daxilində istədiyim yerə gedə bilərdim, o cümlədən doğulduğum, yaşadığım, işlədiyim vətənimə də qayıda bilərdim. Ancaq onlar mənim hüquqlarımı tamamilə pozdular, dağıtdılar, tapdaladılar".

Naxçıvan əhalisi Heydər Əliyevi böyük izdihamla qarşıladı. Xalqın mənəvi sıxıntı məngənəsində boğulduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran keçirdiyi bir dövrdə onun Naxçıvana qayıtması respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam yaratdı. Belə bir şəraitdə Heydər Əliyev böyük qurtuluş savaşının Naxçıvan cəbhəsindən Azərbaycanın azadlıq mücadiləsinə qalxdı. Onun rəhbərliyi ilə Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəldi. Sonralar Heydər Əliyev Naxçıvana səfəri zamanı o dövrü belə xatırlayırdı:

"1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim böyük həyatımda həqiqətən xüsusi yer tutur.  Şübhəsiz ki, o illər biz sizinlə birlikdə Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, bəlkə də böyük faciələrdən birlikdə xilas etdik. Bu, hamımızın  birlikdə tarixi nailiyyətidir. Mən sizinlə bir idim, siz də mənimlə bir idiniz və bizim bu birliyimiz, dəyanətimiz, dözümlülüyümüz, fədakarlığımız Naxçıvan Muxtar Respublikasının əhalisini o ağır dövrdən, demək olar ki, müvəffəqiyyətlə keçirdi. O dövr böyük sınaq dörü oldu, naxçıvanlıların böyük sınaqdan keçməsi dövrü oldu, insanların öz torpağına, vətəninə sədaqətinin sınaqdan keçməsi oldu. Mənim üçün sınaq dövrü oldu və sizin üçün də sınaq dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq".

Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtmasından qorxuya düşmüş o dövrkü hakimiyyət bu parlaq şəxsiyyətə qarşı hər cür çirkin əməllərə rəvac verir, onun əleyhinə açıq-aşkar kampaniyalar təşkil edirdi. Lakin heç bir təzyiq və təqib böyük Vətən oğlunu öz amalından döndərə bilmədi.

1990-cı il sentyabrın 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.

Heydər Əliyev müdrik siyasətçi kimi ittifaqın dağılacağını qabaqcadan görür və Azərbaycanın müstəqillik ulduzunun yenidən parlayacağına qəlbən inanırdı. Belə bir ağır vaxtda o, Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın qanunvericilik orqanında məhz onun təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı.

Naxçıvan parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyasında muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı. Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. Bu dövrdə sözün həqiqi mənasında Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə idi. Sonralar o dövrü Heydər Əliyev belə xatırlayırdı:

"1990-1991-cı illərdə... müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan Muxtar Respublikası öz xidmətlərini göstərdi".

Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağımızı qaldırdığı vaxtda respublika rəhbərləri hələ fikirləşirdilər ki, müstəqillik yolu tutsunlar ya yox. Mərkəzi hakimiyyət və onun Bakıdakı əlaltıları hər vəchlə dağılmaqda olan sovetlər ittifaqını saxlamağa çalışırdılar.

Heydər Əliyevin və demokratik qüvvələrin ciddi etirazlarına baxmayaraq 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması barədə referendumda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul olundu. Yalnız Heydər Əliyevin iradəsi nəticəsində Naxçıvanda referendum keçirilmədi. O deyirdi:

"Naxçıvan parlamenti özünün sessiyalarında Azərbaycanın müstəqilliyi barəsində dəfələrlə məsələ qaldırılıb. Naxçıvan 17 mart - yeni ittifaq yaranması haqqında referendumda iştirak etməyib və yeni ittifaqın yaranmasının əleyhinədir, Azərbaycan Respublikasının yeni bir ittifaqa girməsinin tamamilə əleyhinədir".

1990-cı illərin əvvəllərində Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə kommunist partiyasına açıq etirazını bildirərək, 1991-ci il iyulun 19-da partiya sıralarından çıxdı. Həmin il avqustun 26-da Naxçıvan ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, bütün strukturları ləğv edildi.

Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul etdi.

1991-ci il sentyabrın 3-də Naxçıvanda yaşayan Heydər Əliyev əhalinin  təkidi ilə Muxtar Respublikanın Ali Məclisinə sədr  seçilməyə razılıq verdi. O, Muxtar Respublikaya başçılıq etdiyi ilk gündən təcili tədbirlər görməyə başladı. 1991-ci il sentyabrın 7-də  Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da Muxtar Respublikanın Ali Məclisi hər il dekabr ayının 31-nin "Dünya Azəri türklərinin həmrəylik və birlik günü" kimi bayram olunması barədə qərar qəbul etdi. 1992-ci il yanvarın 13-də Ali Məclis qanlı  yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat qəbul etdi.  1992-ci ilin martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. "Qars müqaviləsi"nin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparıldı.Türkiyə Nazirlər Kabineti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat verdi. Sonralar Naxçıvan Ali Məclisinin üzvləri ilə görüşündə (31 oktyabr 1996-ci il) Heydər Əliyev bu barədə belə deyirdi:

"1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir. Sonra  ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi. Onun məhz Azərbaycanın tərkibində olmasını bir daha təsdiq etmək üçün... 1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi bağlanmışdır.

1990-cı ildə və ondan sonrakı dövrdə Naxçıvanda bu müqavilələr səsləndi, insanlar bu sənədləri yada saldılar və həmin müqavilələrdən istifadə etdilər. 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik."

Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ilin avqustunda "İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında" sənəd imzalandı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı-Poldəşt keçid məntəqələri inşa olundu.  Muxtar respublika üçün həqiqətən həyati əhəmiyyət kəsb edən, xalq  arasında  "Ümid körpüsü" adlandırılan Sədərək  körpüsü tikildi.

1993-ci il fevralın 5-də  Naxçıvanda Türkiyə  Respublikasının, martın  8-də  isə  İran İslam  Respublikasının  konsulluqları  fəaliyyətə başladılar.  Heydər Əliyev ABŞ-ın, Türkiyənin, İngiltərənin, Fransanın səfirləri ilə keçirdiyi görüşlərdə dünya dövlətlərinin  diqqətini Azərbaycandakı vəziyyətə cəlb edə bildi.

Heydər Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun hissə  komandanlıqları  və Rusiya dövlətinin  rəhbərliyi ilə  apardığı  gərgin danışıqlar  nəticəsində  75-ci  motoatıcı diviziya və 441-ci  sərhəd  dəstəsi  öz əmlaklarını Azərbaycan  Silahlı  Qüvvələrinə təhvil verərək Naxçıvan  ərazisini tərk  etdilər.

Muxtar respublikada çətin və mürəkkəb şəraitdə  fəaliyyət  göstərməsinə baxmayaraq Heydər Əliyev Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin  vəziyyəti ilə də yaxından  maraqlanırdı. Onun təşəbbüsü  ilə 1992-ci ildə Naxçıvanda görkəmli Azərbaycan şairi Hüseyn Cavidin  110 illik yubileyi  böyük təntənə ilə qeyd edildi.

A.Mütəllibovdan sonra iqtidara gəlmiş cəbhəçilərin hakimiyyəti, yəni, başabəla AXC-Müsavat iqtidarı dövründə Naxçıvana qarşı təzyiqlər  daha da artırdı. Hətta iş o yerə  gəlib çatmışdı ki, AXC-Müsavat hakimiyyəti Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi üçün yollar arayırdı. 1992-ci il iyunun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəyasət heyətinin iclasında çıxış edən Heydər Əliyev Bakının rəsmi dairələrində Naxçıvanın statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçılıq siyasəti ilə eyniləşdirərək bu məsələyə özünün birmənalı münasibətini bildirdi: "Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır."

Ancaq o zaman hakimiyyətdə olanlar  unudurdular ki, Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyənləşdirilmişdir. Odur ki, onların bu məsələyə göstərdikləri ciddi-cəhdlər ən azı gülünc görünürdü. AXC-Müsavat iqtidarının nümayəndələri Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşırdı. Ancaq  xalqın taleyinə  biganə qala bilməyən ziyalılar, sadə  insanlar başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi  xilas edə bilər. Bu məqsədlə onlar  Heydər Əliyevin  rəhbərliyi altında yeni bir siyasi partiyanın  yaradılması barədə  görkəmli dövlət  xadiminə  müraciət etdilər. Bundan qorxuya düşən  Xalq Cəhbəsinin  silahlı qüvvələri 1992-ci il oktyabrın  24-də  Naxçıvanda çevriliş  etməyə, Heydər  Əliyevi tutduğu  vəzifədən devirməyə cəhd  göstərdilər. Bu, müstəqillik tariximizdə ilk dövlət çevrilişinə cəhd idi. Heydər Əliyev  xalqın dəstəyinə  arxalanaraq  dövlətçiliyə  balta vurmaq istəyənlərin məkrli  niyyətlərinin qarşısını  aldı.  Sonralar o, siyasi  hakimiyyətə  yenidən qayıtdıqdan  sonra - 1994-cü ilin oktyabrında və 1995- ci ilin martında  silahlı  müxalifət  tərəfindən  növbəti dəfə belə cəhdlər oldu. Ancaq  xalq yenə də Heydər Əliyevlə birlikdə öz kövrək addımlarını atmaqda olan müstəqil dövlətinin keşiyində möhkəm dayandığını bir daha nümayiş etdi.

O dövrkü iqtidarın bütün təqib və təzyiqlərinə baxmayaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Heydər Əliyevin adı ilə bağlı olan bu partiya yeganə siyasi qurum idi ki, onun təsis konfransı paytaxtda - Bakıda deyil, ölkənin blokada şəraitində olan bir bölgəsində  keçirilirdi.  YAP tezliklə təşkilatlandı və respublikanın  siyasi  arenasında  öz dəsti-xətti olan siyasi qüvvəyə çevrildi və tezliklə iqtidar partiyası oldu. Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkənin bu bölgəsini daim diqqət mərkəzində saxlamış, blokada şəraitində olan Naxçıvanın dirçəlişi və inkişafı üçün qüvvə və bacarığını əsirgəməmişdir.

Təsadüfi deyil ki, müstəqil Azərbaycanın yeni Konstitusiyasının layihəsi hazırlanarkən ulu  öndər bu diyarın statusu məsələsinə xüsusi önəm verirdi.  Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında ümummilli lider birmənalı şəkildə bildirmişdir: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir və biz bunu qoruyub saxlamalıyıq."

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilən ölkənin əsas sənədində Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.  Əgər Moskva və Qars müqavilələri ilə Naxçıvanın tarixi-hüquqi statusu müəyyənləşmişdisə, müstəqillik dövründə qəbul olunan Konstitusiya ilə Naxçıvanın statusu yeni hüquqi məna kəsb etdi.

Naxçıvanın muxtariyyət statusunun qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində həmişə mühüm yer tutub. Onun siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində naxçıvanlılar bunu həmişə hiss etmişlər.

Bu gün ölkə Prezidenti İlham Əliyev də əsası ulu öndər tərəfindən qoyulmuş bu ənənəni və siyasi xətti uğurla davam etdirir. Muxtar respublikaya səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçısı naxçıvanlılara xitabən belə deyib: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü."

Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycanın, o cümlədən Naxçıvan MR-in iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında (2004-2008-ci illər və 2009-2013-cü illər) və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin, o cümlədən Naxçıvanın da inkişafında keyfiyyətcə yeni və növbəti  mərhələnin başlanğıcı oldu. Qeyri-neft sektorunun davamlı inkişafı təmin edildi, yüz minləri özündə ehtiva edən yeni iş yerləri və müəssisələr yaradıldı, sosial infrastrukturun keyfiyyəti yüksəldi, sahibkarlıq mühiti yaxşılaşdı.

Bu gün blokada şəraitində olmasına baxmayaraq, ölkə rəhbərliyinin apardığı genişmiqyaslı quruculuq işləri sahəsində Naxçıvan MR sürətlə inkişaf edən bölgəyə çevrilmişdir. Burada dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun xətti ilə onlarla məktəb binası tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təmin edilmişdir. Muxtar respublikada Diaqnostika Müalicə Mərkəzi, Olimpiya Kompleksi inşa edilmişdir. Naxçıvanda modul tipli elektrik stansiyası quraşdırılmış, Vayxir su anbarı üzərində elektrik stansiyası yaradılmış,  ulu öndərin adını daşıyan Naxçıvan Hərbi Liseyi tamamilə yenidən qurulmuşdur. İlham Əliyevin hakimiyyəti illərində burada tikilən binalar, çəkilən yollar, yeni istifadəyə verilmiş məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri diyarın simasını tamamilə dəyişmişdir. İqtisadiyyatda müşahidə olunan sürətli artım tempi sosial sahənin inkişafına da öz təsirini göstərmiş, yeni iş yerlərinin açılması ilə əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir. Blokada ilə əlaqədar mövcud çətinliklərə baxmayaraq Naxçıvan MR Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində özünün fəal iştirakı ilə müstəqil dövlətimizin daha da möhkəmlənməsinə, dünya birliyində öz layiqli yerini tutmasına mühüm töhfələr verir. Bəli, Naxçıvan diyarı tarixi missiyasını bu gün də şərəflə yerinə yetirir.

Ölkə Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının milli tariximizdə rolunu belə xarakterizə etmişdir: "Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır... Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur".

 

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

 iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 11 fevral.- S.4.