Azərbaycan Prezidentinin aqrar islahatlar proqramı

 

İbrahim MƏMMƏDOV,

"Azteleradio" QSC-nin sədr müavini

 

 

 

Preziden İlham Əliyev ötən həftə regionların sosial-iqtisadi inkişafına dair iki proqramın yekunlarına həsr olunmuş konfransda Azərbaycan iqtisadiyyatında və siyasi sistemində mühüm islahatların başlanğıcı haqda bəyanatlar verdi. Diqqəti cəlb edən birinci və genişmiqyaslı islahatlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən, əhalinin 52 faizinin məşğul olduğu kənd təsərrüfatı sahəsində bütün istiqamətləri əhatə edəcək islahatlardır. Prezident kənd təsərrüfatı sahəsində genişmiqyaslı islahatlar proqramının əsas istiqamətlərini bəyan etdi. Onun çıxışının tezisləri aqrar islahatlar proqramı idi.

 

Prezidentin çıxışının detallarından belə görünür ki, kənd təsərrüfatı sahəsində böyük dəyişikliklərə hazırlıq gedir. Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi də aparılacaq. Prezident bəyan etdi ki, islahatlar sistem xarakterli olmalıdır.

 

Kənd təsərrüfatı sahəsində daha bir mühüm məqam. Prezident müvafiq qurumlar qarşısında tapşırıq qoydu: "Şəmkirçay və Taxtakörpü su anbarlarının kanallarının tikintisi nəticəsində nə qədər torpaq dövriyyəyə buraxılacaq və bu torpaqlarda hansı məhsulların yetişdirilməsi məqsədəuyğundur. Bunu biz dəqiq bilməliyik ki, işimizi səmərəli quraq".

 

Üçüncü mühüm məqam: Prezident regionlar üzrə məhsul istehsalında ixtisaslaşmanın vacib olduğunu vurğuladı. Bu daxildə regionlar arasında əmək bölgüsünü formalaşdırmaqla gəlirlərin də regionlar arasında paylaşmasını və daxildə hamının ehtiyacının olduğu milli bazarın möhkəmlənməsi üçün mühüm qərardır. Yəni, bu yanaşma müxtəlif regionların bir-birinə ehtiyacını gücləndirir, məsələn, nar istehsalçısını kartof istehsalçısı, tərəvəz istehsalçısını pambıq istehsalçısı üçün vacib ticarət tərəfdaşına çevirir. Bu həm də regionları bir-birinə ticarət vasitəsilə bağlayan bir siyasətdir. Başqa tərəfdən bu məhsul istehsalında keyfiyyətin artırılmasına təkan verəcək bir yanaşmadır. Belə ki, müxtəlif regionların tarixən formalaşmış aqrar vərdişləri və torpağın təbii imkanları konkret məhsulun daha keyfiyyətli istehsalına təbii imkanlar yaradır. İndi bu rəsmi dövlət siyasətinə çevrilərək daha səmərəli ola bilər və dövlətin dəstəyi də məhz bu məqamlar nəzərə alınaraq tətbiq edilə bilər.

 

Kənd təsərrüfatı sahəsində genişmiqyaslı islahatlar bu sahədə subsidiya siyasətinin səmərəliliyinin artırılmasını zərurətə çevirir. Odur ki, bu sahədə korrupsiya mexanizmlərinin sındırılması tapşırıq kimi qoyuldu. Prezident fermerlərə verilən subsidiyaların bəzən onlara çatmamasından narazılığını ifadə etdi və bu sahədə şəffaflığın təmin edilməsini tələb kimi qoydu. Prezident kənd təsərrüfatı sahəsində yeni islahatyönümlü sərəncamın imzalanacağını bəyan etdi: "Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq sərəncam da imzalanacaqdır. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü sərəncam olacaqdır. Bütün mərkəzi və yerli icra orqanlarının nümayəndələri bir daha demək istəyirəm ki, ümumi məqsədə xidmət etməlidirlər. Ümumi məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım etməkdir".

 

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı çox ciddi bir məqama, özü də eyni zamanda ciddi xarici siyasət məsələsi olan (daxili bazarın qorunması bu gün mühüm xarici siyasət məsələsidir və bəzən dövlətlər buna görə ciddi təzyiqlərə məruz qalırlar - İ.M.) daxili bazarın qorunması məsələsinə də toxundu və bununla bağlı strategiyanı açıqladı. Azərbaycan öz fermer təsərrüfatlarını inkişaf etdirmək üçün daxili bazarı qoruyacaq. Məqsəd Azərbaycanda istehsal edilən məhsullar üçün daha əlverişli daxili bazar formalaşdırmaqdır. Bu məqsədlə Azərbaycan ÜTT-yə daxil olmadan da yerli fermerlərin maraqlarından çıxış edir. Bu heç də Azərbaycanın sərhədlərini xaricdə istehsal edilən kənd təsərrüfatı məhsullarının üzünə bağlamaq anlamına gəlmir. Bu siyasətin incəliyi də elə bundadır. Beləki, bir tərəfdən daxili bazarı qorumaq, o biri tərəfdən Azərbaycan məhsularına xarici bazarı təmin etmək, üçüncü tərəfdən də xaricdə istehsal olunan və Azərbaycan bazarının maraq göstərdiyi, ehtiyac duyulan məhsulları bazara buraxmaq kimi zəruri aspektləri uzlaşdırmaq lazım gəlir.

 

Nəhayət, Prezident kənd təsərrüfatı məhsulları istehsalında milli strategiyanı bir daha bəyan etdi. Azərbaycan təbii və keyfiyyətli məhsullar istehsalına üstünlük verməlidir. Bu mühüm, fundamental bir milli iqtisadiyyat fəlsəfəsidir. Məsələn, vaxtilə Almaniya iqtisadiyyatı müharibədən sonra yenidən qurulanda belə bir dilemmanı həll etmək lazım gəldi: "Ucuz və keyfiyyəti aşağı, yoxsa yüksək keyfiyyətli və baha məhsul istehsalını əsas götürmək?" Bu çox ciddi milli iqtisadiyyat dilemması idi. Start hansı yanaşma ilə verilsə idi sonrakı proseslər- kadr, texnologiya, avadanlıqlar və bazarlar kimi fundamental məslələr də bu starta uyğun həll olunacaqdı və bundan sonra iqtisadiyyatı tez-tez istədiyin istiqamətə dəyişmək kimi həvəsə düşmək qeyri-mümkündür, Prezident İlham Əliyev də əslində bu gün o zaman alman iqtisadiyyatı qarşısında durmuş və həll edilmiş və indi Azərbaycanın kənd təsərrüfatı qarşısında dayanan bu məsələyə dair qərar qəbul edib: "Azərbaycanın kənd təsərrüfatı ekoloji təmiz, təbii məhsullar istehsalını özünün inkişaf yolu kimi seçməlidir". Bu tarixi bir qərardır və bu qərar müasir dünyada kənd təsərrüfatı istehsalı sahəsində vəziyyətin təhlili, bazarların imkanlarının dövlətlərin siyasətlərinin araşdırılması nəticəsində verilib. Məhz bu "təbii imkanların Azərbaycanın üstünlüyünə çevrilməsi" kimi müdrik bir iqtisadi yanaşmadır.

 

Beləliklə, ötən həftə Prezident, artıq qeyd etdiyimiz kimi, aqrar islahatlar proqramını açıqlamış oldu. Bu kənd təsərrüfatı sahəsində islahatlar paketi olaraq təşkilati-struktur istiqamətindən başlamış istehsalın təşkili, dövlət dəstəyinin formaları, bazarın təmin edilməsi, bu sahədə xarici siyasət strategiyasına qədər bütün istiqamətləri nəzərdə tutan bir proqramdır. Onun əsas istiqamətləri isə aşağıdakılardır:

 

- Kənd Təsərrüfatı Nazirliyində struktur islahatlarının aparılması;

 

- İslahatların sistem xarakterli olması;

 

- Suvarılacaq torpaqların müəyyənləşməsi;

 

- Yeni dövriyyəyə buraxılacaq torpaqlarda hansı məhsulların istehsal edilməsi ilə bağlı siyasətin müəyyənləşməsi;

 

- Təbii, ekoloji təmiz məhsulun istehsalına üstünlük verilməsi;

 

- Regionlar üzrə məhsul istehsalında ixtisaslaşmanın dərinləşdirilməsi;

 

- Fermerlərin elektron qeydiyyat sisteminin yaradılması;

 

- Torpaqların elektron qeydiyyat sisteminin yaradılması;

 

- Kənd təsərrüfatında elmin tətbiqi və intensiv metodlara keçidin sürətlənməsi;

 

- İri fermer təsərrüfatı təcrübəsinin genişləndirilməsi;

 

- Kiçik və ailə fermer təsəsrrüfatlarının inkişafını dəstəkləmək;

 

- Elmi və intensiv metodların tətbiqinin sürətlənməsi;

 

- Kənd təsərrüfatı məhsullarının istehsalında bölgələr üzrə ixtisaslaşmanın aparılması;

 

- Torpaqların təyinatı üzrə istifadəsinə nəzarət;

 

- Ərzaq təhlükəsizliyinin 100 faiz daxili istehsal hesabına təmin edilməsi;

 

- Subsidiyaların verilməsində şəffaflığı təmin edən mexanizmlərin yaradılması;

 

- Fermerlərin aqrolizinq yolu ilə müasir texnika ilə təmin edilməsi;

 

- Daxili bazarın qorunması, fermerlər üçün əlverişli daxili və xarici bazar imkanlarının yaradılması...

Və bu dəyişikliklərin mahiyyəti məhsuldarlığın artırılması, keyfiyyətin yüksəldilməsi, ixracın artırılması, ərzaq təhlükəsizliyininn təmin edilməsi hədəflərini ehtiva edir. Bu islahatlar həm də Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının baza fəlsəfəsini elan edir.

 

 

Azərbaycan.-2014.- 12 fevral.- S.4.