«Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»nın

icrasına dair müzakirələr səmərəli olmuşdur

 

Fevralın 11-də Bakıda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Əlaqələndirmə Şurasının sədri, gənclər və idman naziri Azad Rəhimov əvvəlcə ötən dövrdə görülən işlər barədə məlumat vermişdir.

Dövlət proqramının reallaşdırılmasına gənclər təşkilatlarının fəal qoşulduqlarını deyən Şuranın sədri bildirmişdir ki, ölkəmizdə 3 milyona yaxın gənc vardır. Onların mənəvi və fiziki sağlamlığı, məşğulluğu, ictimai işlərdə fəallığı, vətənpərvərlik ruhunda tərbiyəsi, yaradıcılıqlarının dəstəklənməsi, qeyri-formal təhsili, intellektual inkişafı, beynəlxalq səviyyədə əməkdaşlığı və digər istiqamətlərdə əhəmiyyətli işlər görülmüşdür. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar.

"Bu gün Azərbaycanda gənclər siyasəti uğurla aparılır", - deyən A.Rəhimov bildirmişdir ki, "2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" dövlət başçısının 2014-cü il 1 fevral tarixli sərəncamına əsasən elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir qrup gəncə mükafatlar verilmişdir.

Qeyd olunmuşdur ki, Gənclər və İdman Nazirliyi tərəfindən ötən il 5 milyon 500 min manat dəyərində 137 layihə maliyyələşdirilmiş, 23 şəhər və rayonda gənclər evi-mərkəzi istifadəyə verilmiş, daha 14-nün tikintisinə başlanılmışdır.

Gəncə şəhərinin Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçilməsi isə xüsusi qeyd olunmalıdır.

Əlaqələndirmə Şurasının sədri bildirmişdir ki, ümumiyyətlə, gənclərlə bağlı həyata keçirilən layihələrdə əsasən maarifləndirmə, intellektual inkişaf və vətənpərvərlik mövzularına daha çox yer verilmişdir. Ötən dövrdə gənclər arasında sosioloji tədqiqatlar aparılmış, gənclər "qaynar xətti" yaradılmış, müxtəlif müsabiqələr təşkil edilmişdir. Bu istiqamətdə gələcəkdə də müvafiq addımlar atılacaqdır.

Sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Ötən bir ildə görülən işlərdən danışan İ.Babayev demişdir ki, gənclər arasında keçirilmiş sosioloji tədqiqatların nəticəsi olaraq bir çox sənədlər, o cümlədən "Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması"  aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilmişdir.

Vurğulanmışdır ki, dövlət gənclər siyasətinin ən vacib istiqamətlərindən olan vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi sahəsində bir çox işlər görülmüşdür.

Eyni zamanda, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı ilə əlaqədar nazirlik tərəfindən istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının ilkin versiyası, proqram təminatı və əsasnamə layihəsi hazırlanmışdır. Digər icraçı qurumlar tərəfindən də oxşar məlumat bazaları yaradılmışdır.

Gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili ilə əlaqədar Elmin İnkişaf Fondu tərəfindən elmi tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə "Gənc alim və mütəxəssislərin" qrant müsabiqələri keçirilir.

Bundan əlavə, 2013-cü ilin oktyabrından Azərbaycanın "Online fikir bankı" layihəsinə başlanmış, www.fikirbanki.az veb-saytı yaradılmışdır. Gənclər və İdman Nazirliyi tərəfindən hesabat dövründə intellektual oyunlar üzrə müxtəlif layihələr, televiziya verilişləri reallaşdırılmışdır.

Qeyd olunmuşdur ki, "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması ilə bağlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təklifləri əsasında "Azərbaycan tələbə kartı"nın layihəsi hazırlanmışdır. Kart beynəlxalq güzəştli kartlar sisteminə qoşulmuşdur. Hazırda kart 172 min tələbəyə təqdim olunmuşdur. Kart Azərbaycan tələbələrinə Azərbaycan ərazisində və 30-dan çox Avropa ölkələrinin  80 mindən artıq mədəniyyət, turizm, ticarət obyektlərində mal və xidmətlərin güzəştlərlə faydalanmasına imkan yaradır.

Qeyd edilmişdir ki, Bakı şəhərində İDEA ekoloji kampaniyasının təşkilatçılığı ilə "Rio+20-dən gənclər nə əldə etdilər?" mövzusunda Beynəlxalq Gənclər Forumu, "Beynəlxalq Novruz Festivalı Azərbaycanda" adlı tədbir keçirilmiş, gənclərin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atılmışdır.

Daha sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva "İstedadların hazırlığı laboratoriyası" layihəsi barədə məlumat vermişdir.

Əlaqələndirmə Şurasının iclası digər çıxışlarla davam etdirilmiş, dövlət orqanlarına təqdim edilmək üçün bir sıra təkliflər irəli sürülmüşdür.

 

Azərbaycan.-2014.- 12 fevral.- S.4.