İranın milli bayramı şərəfinə

 

Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam inqilabının 35-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

 

AzərTAc xəbər verir ki, Qurandan ayələrin oxunmasından

sonra Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir.

 

Səfir Möhsün Pakayin ölkəsinin inqilabdan ötən 35 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulamışdır. Bildirilmişdir ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətləri mövcuddur.

M.Pakayin İran və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, hər iki ölkənin gələcəyə doğru inamla addımladığını qeyd etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov əlamətdar gün münasibətilə İran xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının ən xoş arzularını çatdırmışdır.

Azərbaycan və İran arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıran Z.Məmmədov dövlət başçılarının qarşılıqlı səfərlərinin və imzalanan sənədlərin bu əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd etmişdir. Nazir ötən ay Davos İqtisadi Forumu zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşünü xatırlatmışdır.

Bildirilmişdir ki, ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində 100-ə yaxın sənəd imzalanmışdır. Bundan başqa, Azərbaycan ilə İran arasında beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq mövcuddur.

Z.Məmmədov birgə səylər nəticəsində iki ölkə arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Tədbirdə səfir Möhsün Pakayinin "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabının təqdimatı olmuşdur.

Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.-2014.- 12 fevral.- S.6.