Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avropa

 İttifaqı arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mardı ilə görüşmüşdür.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir S.Müslümov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara toxunmuşdur.

Bildirmişdir ki, bu islahatlar nəticəsində ölkədə yoxsulluqişsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial cəhətdən həssas əhali qruplarının müdafiəsi gücləndirilmişdir. S.Müslümov ölkəmizin yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyduğunu və ölkə rəhbərliyi tərəfindən bu məqsədlə prioritetlərin müəyyən edildiyini, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini vurğulamışdır.

Qeyd etmişdir ki, ölkəmizdə sosialyönümlü iqtisadi siyasət həyata keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm verildiyindən nazirliyin də qarşısında mühüm vəzifələr qoyulub.

Nazir bildirmişdir ki, başlıca məqsəd inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulmasıdır.

S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini vurğulamışdır. Qeyd etmişdir ki, nəzərdə tutulan institusional islahatlarqanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da tez reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaqdır.

S.Müslümov əməkhaqqı siyasəti,  məşğulluq və demoqrafiya, ünvanlı dövlət sosial yardımı, müavinətlər, əlilliyin təyini, müxtəlif sosial xidmətlər sahələrində görüləcək işlər barədə ətraflı məlumat vermişdir.

Eyni zamanda nazir ünvanlı dövlət sosial yardımının təyininin avtomatlaşdırılması istiqamətində görülən işlərdən və bu ilin sonuna kimi prosesin yekunlaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu demişdir.

Xanım Malena Mard həyata keçiriləcək islahatların onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi qurumun ƏƏSMN ilə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu vurğulamışdır.

Görüşdə Avropa İttifaqı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

 

Azərbaycan.-2014.- 12 fevral.- S.6.