Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır

 

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə 1993-cü  ilin ortalarından başlamışdır.

Həmin dövrdə ümummilli lider Heydər Əliyev demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.

Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana  çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu davamlı şəkildə artırır.

İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdirmışdır.

Azərbaycan xalqının İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəciliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata kecirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu kecdiyi inkişaf mərhələlərini qısa zamanda sürətlə adlayan Azərbaycan bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Ötən dövrün sosial iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri transmilli enerji və kommunikasiya layihələrini həyata kecirən, Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın  sosial-iqtisadi sahədə də yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir. Son illər Azərbaycanın ümumi daxili məhsulunun artım tempinə görə dünyanın lider dövlətlərindən biri olaraq qalması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini sübut edir.  Cənab İlham Əliyev hər yeni il ücün hökumətin həyata kecirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətində saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir.

 Qlobal enerji və nəqliyyat-kommunikasiya layəhələrinin uğurla gercəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı,yeni istehsalat müəssisələrinin acılması, işsizlik probleminin, yoxsulluğun tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri son 10 ildə dövlət bascısı İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil etmişdir. Ölkə rəhbəri özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardicillığa nail olmuş, Azərbaycanda dövlət idarəciliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun həyata kecirilməsini  təmin etmişdir.

Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar  xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda, respublikada tətbiq olunan  vergi yükü azaldılmışdır. Belə ki, mənfəət vergisinin dərəcəsi 35 faizdən 20 faizə, əlavə dəyər vergisi 28 faizdən 18 faizə, fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi 55 faizdən 25 faizə endirilmiş, 2001-ci ildən tətbiq edilən sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.

Ötən 10 ildə milli sahibkarlar sinfinin formalaşmasına xidmət edən məqsədyönlü siyasət iqtisadi inkişaf prosesinə mühüm təsir göstərmiş, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesinin daha da sürətlənməsinə təkan vermişdir.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ildə  ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində  nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci  və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 55 mindən artıq yeni müəssisə yaradılmış, 900 mini daimi olmaqla ümumilikdə 1,2 milyon yeni iş yeri açılmışdır.

Görülmüş tədbirlərin nəticəsidir ki, 2013-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 28.0 milyard ABŞ dolları olmuş, bundan 17.5 milyardı  daxili, 10.5 milyard dolları isə xarici investorların vəsaiti  olmuşdur.

Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar sahibkarlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut edir. Bunun bariz nümunəsi kimi,  28 avqust 2013-cü il tarixdə ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu göstərmək olar.

Göstərilən qanunda onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi cox əhəmiyyətli müddəalar nəzərdə tutulmuşdur. Hazırda ölkədə tətbiq edilən bu qanunun yoxlamaların planlı olması, yoxlamaların elektron ucotunun aparılması, vahid məlumat reyestrinin olması, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakcıların hüquqlarının qorunmasına yönəldilmişdir.

Buna baxmayaraq,  bəzən sahibkarlar öz fəaliyyətlərində müəyyən cətinliklərlə üzləşirlər. Biz çalışırıq ki, sahibkarlarla dövlət orqanları arasında körpü rolunu oynayaq. Bu sahədə xeyli planlarımız var. Sahibkarların  qarşılaşdığı cətinliklərdə onlara yaxından kömək etmək Konfederasiyanın əsas məqsədlərindən biridir.

Sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsi kimi 5 fevral 2014-cü il tarixdə Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyevin cıxışını qeyd etmək olar. Dövlət başçısı qeyd etdi ki, "Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir".

Konfransda, habelə qeyd olundu ki, son on il ərzində güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının  istehsalı və emalı layihələrinə yönəldilmişdir.

 İkinci Dövlət Proqramının icrasının yekunları  bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır.

Son illərdə Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi,  "bir pəncərə" prinsipinin tətbiqi, 10 il ərzində regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər  tədbirlər  nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Bütün bunlarla yanaşı, sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə də hökumət səviyyəsində ciddi dəstək verilir. Bu məqsədlə yaradılmış İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara dəstək verir. Sahibkarların işgüzar əlaqələrinin inkişafı məqsədilə həm ölkə daxilində, həm də xaricdə müxtəlif biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu cür tədbirlər yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması, xarici işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. Ictimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmış və bu uğurların qazanılmasında, təbii ki, sahibkarların rolu danılmazdır.

Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasuibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan  sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

Bu ilin yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti qeyd etdi ki, "Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən böyük vəsait fermerlərə verilir. Cari ildə də bu, davam etdiriləcəkdir. Yəni qeyri-neft sektorunun inkişafı bu il də bizim iqtisadi sahədə prioritet olaraq qalır".

İclasda 2013-cü ilin nəticələri müzakirə olunarkən qeyd edildi ki, bu dövrdə makroiqtisadi göstəricilər  müsbət olmuş, inflyasiya cəmi 2,4 faiz təşkil etmişdir. 2013-cü ildə qeyri-neft sektorunda 9,8 faiz artım olmuş, əhalinin pul gəlirləri təxminən 8 faiz  coxalmışdır. Kənd təsərrüfatında 5 faiz artım alınmış,  ümumi daxili məhsulun 83 faizi özəl sektorda formalaşmışdır. Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə  artaraq 50 milyard ABŞ dollarına çatmışdır.

Ölkə Prezidentinin xalqın mənafeyini daim uca tutmaqla həyata kecirdiyi iqtisadi siyasət strategiyasının uğurları, ilk növbədə, respublikamızın ötən 10 ildə qazandığı makroiqtisadi göstəricilərdə öz əksini tapır.

2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artmışdır. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə, işsizlik isə 5,0 faizə qədər azalmışdır. 2003-2013-ci illərdə Azərbaycan iqtisadiyyatına 160,0 milyard dollar investisiyadan yönəldilmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır.

Dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 39-cu, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxil olmuşdur.

Ötən il sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 4468 sahibkarlıq subyektinə 275  milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatı dövlət büdcəsindən verilmiş, 125 milyon manatı və ya təqribən 45 faizi  qaytarılan vəsaitlər hesabına olmuşdur. Kreditlərin 70 faizi aqrar sektorun, 30 faizi  isə sənaye və turizmin inkişafına ayrılmışdır.

Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi böhran ölkəmizdən yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan həmin böhrandan Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamışdır.

Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. Ötən ilin sonlarında  155 ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Meksikada "Böyük iyirmiliyin" sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin böyük siyasi-diplomatik qələbəsi və beynəlxalq nüfuzunun birmənalı etirafıdır.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilmiş və "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır".

 Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi ölkə ictimaiyyətində böyük maraq və təqdirlə qarşılanıb. Bu qərarın ölkəmizin neftdən asılılığını azaldacaq növbəti uğurlu mərhələ olacağı şübhəsizdir. Son bir neçə ildə sənayenin inkişafında nəzərəçarpacaq uğurlar qazanılmış, həcminə görə böyük müasir sənaye müəssisələri əsasən dövlət sərmayəsi hesabına yaradılmışdır. Sənaye zonalarının və müvafiq infrastrukturların yaradılması yönündə də çoxsaylı layihələr uğurla icra edilmişdir. Bununla da ölkəmizin istər dövlət sektorunda, istərsə də özəl sektorunda müasir sənaye müəssisələrinin yaradılması üçün mükəmməl zəmin yaranmışdır.

 Bu baxımdan 2014-cü ilin "Sənaye ili" elan oluması və "Azərbaycan Respublikasında sənayeinin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması barədə Prezident tapşırığının verilməsi vaxtında atılan addımdır, zamanın tələbidir. Bu, ölkəmizin dünyada tanınmasına əməli töhfə və nüfuzunun artması tempi ilə üst-üstə düşən təşəbbüsdür, həmçinin Azərbaycan istehsalı olan malların xarici bazarlarda daha tez yer tapa biləcəyinə real zəmindir.

"Sənaye ili" çərçivəsində görüləcək işlər, istərsə də "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın ölkəmizin inkişafında növbəti uğurlu mərhələ olacağı şübhəsizdir. Son dövrlərdə həyata keçirilən  böyük layihələr, qarşıya qoyulan hər hansı bir məqsədə çata bilmək təcrübəsi Azərbaycan üçün adi hala çevrilmişdır. Məhz Prezident İlham Əliyevin uğurlu strateji addımları və siyasi iradəsi sürətli inkişafın əsas mənbəyidir. Hər bir Azərbaycan sahibkarı bu proseslərdə ölkə rəhbərinə dəstək olmalı və proseslərdə iştirak şansı əldə etməyə çalışmalıdır.

Başa vurduğumuz ildə sosialyönümlü büdcə siyasəti, əhalinin  maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

 Ölkənin iqtisadi inkişafında Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da özünəməxsus payı var. Konfederasiya  tərəfindən bu işdə fəallıq göstərmək, sahibkarlara kömək etmək  məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Konfederasiya ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə  minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-a qədər assosiasiya və birlikləri birləşdirir.Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial - əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası yanında sahələr üzrə komissiyaların fəaliyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət verilərək son dövrlərdə onların sayı artırılmış, fəaliyyətləri isə  daha da canlandırılmaqdadır. Belə ki, 2013-cü ildə Konfederasiyanın yanında fəaliyyət göstərən "Peşə təhsili üzrə", "Qadın sahibkarlığının inkişafı üzrə", "Maliyyə İnstitutları ilə iş", "Xarici investisiyalı müəssisələr üzrə" və "Tikinti üzrə" komissiyaların fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gələcəkdə ölkədə biznes mühitinin təkmilləşdirilməsi müddəalarını özündə əks etdirir.  Bu baxımdan Konsepsiyanın "Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru" bölməsində göstərilir ki, biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdiriləcəkdir. Qanunların davamlı və adalətli tətbiqi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.

Ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlər davam etdiriləcəkdir. Antiinhisar qanunvericiliyi və praktikası təkmilləşdiriləcək, ticarətdə tətbiq edilən qeyri-tarif əngəllərinin aradan qaldırılması ücün əməli tədbirlər görüləcəkdir.

Qarşıda  duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini qərarlaşdırmışdır.

Qeyd etmək istərdim ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüs və təşkilatçılığı ilə dəfələrlə Türkiyə və Azərbaycan iş adamlarının görüşləri keçirilmiş, bu görüşlərdə nəqliyyat, metal, tikinti-inşaat, memarlıq, mebel istehsalı, podratçılıq, enerji sistemləri, turizm kimi mühüm məsələlər üzrə əməkdaşlığın qurulması və investisiya məsələləri müzakirə edilmişdir.

Həmçinin Azərbaycanın iş adamlarının Türkiyə Cümhuriyyətinə səfərləri təşkil olunmuş, Türkiyənin qabaqcıl biznes qurumları ilə əlaqələrin yaradılması, iki ölkənin iş adamları arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə İnvestisiya Dəstək və Təşviqat Agentliyi, Türkiyə Sənayeçilər və İş adamları Dərnəyi və Xarici İqtisadi Əlaqələr Şurası ilə ardıcıl görüşlər keçirilmiş, bu tədbirlərdə investisiya mühiti, iqtisadiyyatın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunmuşdur.

Belə mühüm tədbirlərdən biri də 20 dekabr 2013-cü il tarixdə Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat və  Sənaye,  Kənd Təsərrüfatı nazirliklərinin və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi,  Dış Ekonomik İlişkiler Kurulu (DEİK) və Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) təşkilatlarının dəstəyi ilə keçirilmiş, "Azərbaycan və Türkiyə iş birliyi çərçivəsində Aqrar Sahənin imkanları və inkişaf perspektivləri" mövzusuna həsr olunmuş  konfrans olmuşdur.

Konfransda cıxış edən natiqlər Azərbaycanın aqrar sektorunun inkişafı ücün Türkiyədə ting istehsalı, damazlıq təcrübəsi, quşculuğun və yem istehsalının inkişafı, aqrar sektorda yeni texnologiyaların tətbiqi və digər sahələrdə Türkiyə təcrübəsinin Azərbaycana gətirilməsinə, Azərbaycanın aqrar sektorunda bu sahələr üzrə calışan sahibkarlarla birgə calışmağa, təcrübə mübadiləsi məqsədilə həmin  sahibkarları Türkiyədə qəbul etməyə hazır olduqlarını bildirdilər.

Bununla yanaşı, hər iki ölkənin aqrar sektoruna investisiya yatırılması məsələləri də konfransda müzakirə olundu. Konfrans iştirakçıları bildirdilər ki, konfrans aqrar sahənin inkişaf etdirilməsi üçün maraqlı müzakirələrin aparılmasına, gələcəkdə prioritetlərin müəyyənləşməsinə səbəb olacaqdır.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir.

Bu məqsədlə son on il ərzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Respublikanın regionlarında 100 mindən çox sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə işi aparılmış, biznes forumlar, konfranslar keçirilmiş və nəticədə regionlarda güclü özəl sektor formalaşmışdır.

 

Keçən müddət ərzində Konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin komissiyaları və təşkilatları ilə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.

2013-cü ildə  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun xətti ilə yerli və xarici iş adamlarının, habelə beynəlxalq təşkilatların iştirakı ilə 70-dən cox biznes forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.

Konfederasiya Azərbaycan Respublikasını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasında müvəffəqiyyətlə təmsil edir. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes surası ilə səmərəli əməkdaşlıq davam etdirilir.

Belə ki, 20 fevral 2014-cü il tarixdə Azərbaycan Sahibkarlar Konfederasiyası, Birləşmiş Millətlər Təşkilatının üzvü olan Ərzaq Kənd Təsərrüfatı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının təşkilatcılığı, habelə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə "Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək  Səviyyəli   Forumu"  Bakı şəhərində keciriləcəkdir.

Konfederasiya ölkədə  və xaricdə təşkil olunan sərgi və biznes forumlarda sahibkarların iştirakına önəm verərək onların bu vasitələrdən yararlanmasına kömək göstərir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Almaniyanın Meklenburq - Vorpemmern Texniki Peşə Təhsil İnstitutu ilə birlikdə "Sosial Dialoq Sahəsində Əməkdaşlıq" mövzusunda 3 illik layihəni müvəffəqiyyətlə başa çatdırmışdır. Layihənin əhəmiyyəti nəzərə alınaraq onun 2-ci mərhələsi daha 3 illiyə uzadılmışdır.

Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişaf etdirilməsi, hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik faəliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.

Layihə çərçivəsində əmək qanunvericiliyi, əməyin mühafizəsi, assosiasiyaların təşkili və digər mövzular üzrə həm baş ofisdə, həm də regionlarda sahibkarlarla 6 seminar keçirilmişdir.

2013-cü ilin aprel ayında Avropa İttifaqı Texniki Yardım Layihəsi çərçivəsində "Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyə dair" seminarda Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı çox əhəmiyyətli olmuşdur.

Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının "Böhrandan uyğun və təhlükəsiz işə" adlı layihə sənədinə qoşulmuşdur. Layihə 2013-cü ilin dekabr ayına qədər nəzərdə tutulsa da, onun müddəti artırılmışdır. Layihənin əsas məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində işlə bağlı davamlı regional inkişaf və sosial ədalət, milli peşəkar təhlükəsizliyin və səhiyyə sisteminin modernləşdirilməsi, sosial müdafiə və sosial təhlükəsizliyin təmin olunmasıdır.

Yeri gəlmişkən, Avropanın təşəbbüskarlığı çərçivəsində Şərq regionunun mehriban qonşuluğunun iqtisadi inkişafına yönəldilən investisiya-ticarət əhatəsinin yaxşılaşdırılması üçün Şərq tərəfdaşlığı regional "Twinnig" layihəsi barədə də bir neçə kəlmə danışmaq istərdim. Bu layihə Avropa Birliyinin Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya qarşılıqlı investisiya münasibətlərində və əməkdaşlığında onların potensial inkişafına kömək etmək məqsədilə reallaşdırılır.

"Twinnig" layihəsi çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı ASK üzvlərinə "İxrac potensialının artırılması" mövzusunda Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası Almaniyadan dəvət olunmuş ekspertlərin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələrinin iştirakı ilə keçirilmiş  seminarda təcrübə mübadiləsi, təqdimatlar, digər məsələlər və sual-cavablar  maraqla qarşılanmışdır.

Bir mühüm məqama da toxunmaq istərdim. Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlət başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də  ölkədə istehsal edilən  məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan hökuməti ilə yaxından əməkdaşlığı şəraitində sahibkarlara keyfiyyətli kredit xidmətinin göstərilməsi, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və biznes mühitinin inkişafının təmin edilməsi məsələlərinə də mühüm önəm verir.

Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı da əsas fəaliyyət istiqamətlərindəndir, Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin  daha da dərinləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcək, müstəqillik yollarında inamla irəliləyən doğma Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.

 

 

 

Məmməd  MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

 Təşkilatları Milli Konfederasiyasının prezidenti

Azərbaycan.-2014.- 13 fevral.- S.10.