Qəbələ konserv zavodu ilə tanışlıq

 

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin

 Azərbaycana rəsmi səfəri

 

Fevralın 13-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olmuşdur.

Ali qonağa məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur.

Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilmişdir. Xüsusi temperaturgigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasını təmin edir.

Prezident Georgi Marqvelaşvili istehsal prosesini yaxından izləmiş, meyvə qəbulu bölməsinə baxmış və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış "Tetra Pak" xəttində işin gedişi ilə tanış olmuşdur.

Sonda qonaq müəssisədə istehsal edilən məhsulların dadına baxmışdır. 

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 fevral.- S.8.