Gürcüstan Prezidenti «Tufan» Dağ-Xizək

 Yay-Qış İstirahət Kompleksi ilə tanış olmuşdur

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 13-də Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olmuşdur.

Gürcüstan dövlətinin başçısına məlumat verilmişdir ki, kompleksin inşasının birinci mərhələsi ötən ay başa çatmış və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bildirilmişdir ki, bu kompleks Azərbaycanda turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində indiyədək kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə "Qolf resort" idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunmuş, on xizək yolundan beşində inşaat işləri başa çatmışdır. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Artıq bu mövsümdə kompleksə gələn turistlər kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə edirlər. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da istifadəyə verilmişdir. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı turistlərə ilin bütün fəsillərində xidmət göstərəcəkdir.

Ali qonağa məlumat verilmişdir ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biriburada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır.

Sonra Gürcüstan Prezidenti "Riverside" kanat xəttinin aşağı stansiyasında olmuş, orada yaradılmış şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, burada turistlərin istirahəti üçün hər cür şərait yaradılmış, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulmuşdur. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.

Daha sonra Prezident Georgi Marqvelaşvili kanat xətti ilə gəzintiyə çıxmışdır.

Gürcüstan Prezidentinə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə əldə edilən uğurlar, aparılan tikinti-quruculuq və abadlıq işləri haqqında ətraflı məlumat verilmişdir.

Ali qonaq Qəbələyə səfəri çərçivəsində rayonda yaradılmış digər müasir turizm infrastrukturları ilə də tanış olmuşdur.

Gürcüstan Prezidentinə məlumat verilmişdir ki, bu gün Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında mühüm rol oynayır. Beynəlxalq və irimiqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkarecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.

Qəbələyə səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qax rayonuna yola düşmüşdür.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 fevral.- S.8.