ATƏT Parlament Assambleyasının qış sessiyasında azərbaycanlı

 deputatlar mühüm məsələlərlə bağlı çıxış etmişlər

 

Fevralın 13-də Vyanada ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər üzrə baş komitəsinin iclasında məruzəçi Qordana Komiç qurumun Bakıda keçiriləcək yay sessiyası üçün ideya və fikirlər ətrafında çıxış etmişdir. Sessiyada həmçinin ATƏT-in insan ölçüləri komitəsinin sədri Robert KvileDemokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) rəhbəri Janez Lenarçiç çıxış etmişlər.

Milli Məclisin deputatı Ağalar Vəliyev J.Lenarçiçin çıxışına münasibət bildirərək demişdir ki, tez-tez müxtəlif beynəlxalq təşkilatlar seçki proseslərinə fərqli qiymət verirlər. Lakin eyni təşkilat tərkibində olan strukturlar - ATƏT PA və Demokratik Təsisatlar və İnsan Haqları Bürosu arasında fikir ayrılığı qəbuledilməzdir və ölkəyə qarşı ədalətsiz mövqedir. Bu, eyni zamanda, seçkilərə müşahidəçi missiyası göndərən həmin təşkilatın nüfuzuna da xələl gətirir. Bu hal ötən il Azərbaycanda da baş verdi. ATƏT PA və ATƏT DTHİB seçki missiyaları tamamilə fərqli nəticələrlə çıxış etdilər.

A.Vəliyev qeyd etmişdir ki, öz mandatına uyğun olaraq DTHİB tərəfsizlik, şəffaflıq, qərəzsizlik və peşəkarlıq prinsipləri əsasında çalışmalı, ATƏT-ə üzv ölkələrə qarşı siyasi təzyiq göstərilməsində vasitə kimi sui-istifadə edilməsinə yol verməməlidir. Təklif edilmişdir ki, "Helsinki+40" formatı çərçivəsində və eləcə də Parlament Assambleyasında bu qurumun seçki monitorinqi ilə bağlı fəaliyyəti müzakirəyə çıxarılsın.

Milli Məclisin deputatı Azay Quliyev çıxışında qeyd etmişdir ki, keçən il İstanbul Sammitində Azərbaycanın təşəbbüsü ilə "ATƏT məkanında vətəndaş cəmiyyətinin gücləndirilməsi" adlı qətnamə qəbul edilmişdir. Bu qətnamənin müddəalarına uyğun olaraq, ATƏT ilə vətəndaş cəmiyyəti arasında müzakirələr keçirilirbu da onu göstərir ki, Azərbaycan təkcə ölkə daxilində deyil, həm də ATƏT çərçivəsində bu dəyərlərə xüsusi önəm verir. Azərbaycanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası heç bir ayrı-seçkilik qoymadan bütün QHT-lərə maddi dəstək göstərir, ölkədə  QHT-lərlə bağlı yaradılmış hüquqi mühit onların sərbəst fəaliyyəti üçün tam şərait yaradır. Ötən ay ölkə Prezidentinin "İctimai iştirakçılıq haqqında" Qanunun tətbiqi ilə bağlı verdiyi fərman bütün vətəndaş cəmiyyəti institutlarına dövlət qurumlarına ictimai nəzarətin təmin olunmasına imkan yaradır. İstənilən ölkədə vətəndaş cəmiyyəti və hökumət arasında dialoq mühiti vacibdirqürurverici haldır ki, Azərbaycanda belə bir mühit mövcuddur.

Sessiyanın rəsmi açılış hissəsində ATƏT PA-nın prezidenti Ranko Krivokapiç, Avstriya Parlamentinin sədri Barbara Prammer çıxış etmiş, sonra isə ATƏT PA-nın baş katibi Spenser Oliverin ötən bir ildəki fəaliyyətə dair hesabat məruzəsi dinlənilmişdir.

Həmin gün ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsi və iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclasları keçirilmişdir.

Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclasında çıxış edən Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova İstanbul Bəyannaməsinin həyata keçirilməsi, "Helsinki+40" prosesi çərçivəsində gedən işlər barəsində danışmış, 2011-ci ildə Xorvatiyanın Dubrovnik şəhərində keçirilmiş payız sessiyasında Assambleyanın fəaliyyəti, planı və mövqeyini əks etdirən sənədin hazırlanmasına imkan yaradıldığını qeyd etmişdir. B.Muradova bu məsələnin Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə həvalə olunmasının münaqişələrin həlli prosesinə töhfə verəcəyinə və İstanbul Bəyannaməsinin həyata keçirilməsində ciddi addım olacağına ümid bəslədiyini vurğulamışdır.

İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclasında çıxış edən deputat Eldar İbrahimov dünyada su ehtiyatlarından rasional istifadənin ildən-ilə daha da böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Azərbaycanın əsas su arteriyaları sayılan Kür, Araz, Samur və digər çayların, həmçinin transsərhəd statusu daşıdığını, ölkəmizin 1992-ci ildə BMT-nin müvafiq konvensiyasına qoşulduğunu, bütün həmsərhəd ölkələrlə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, qonşu dövlətlərdən yalnız Ermənistan bu konvensiyaya qoşulmamış, bu azmış kimi, Azərbaycana qarşı "su terroru" həyata keçirir, işğal olunmuş ərazilərdəki çayların, xüsusilə Oxçuçayın məqsədli və mütəmadi çirkləndirilməsi həyata keçirilir. Bununla yanaşı, Ermənistanın işğalı altında olan ərazilərdə yerləşən Sərsəng su anbarı artıq qəzalı vəziyyətdədir və hər an orada baş verə biləcək qəza Azərbaycanın yarım milyondan artıq əhalisinin həyatı üçün təhlükə yarada bilər. O, ATƏT ölkələrinin bu problemə ciddi yanaşmalı olduğunu qeyd etmiş, beynəlxalq hüquq və BMT qətnamələri əsasında Azərbaycan torpaqlarının və su hövzələrinin işğalına son qoyulmasına dəstək verilməsinə çağırmışdır.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti Şimal (İsveç, İslandiya, Norveç, Finlandiya, Danimarka) və Baltikyanı ölkələrin parlamentariləri, eləcə də ATƏT PA-nın prezidenti Ranko Krivokapiç, qurumun baş katibi Spenser Oliver ilə görüşlər keçirmişdir.

Görüşlərdə Assambleyanın gündəliyinə dair məsələlər, ATƏT məkanında gedən proseslər, qarşıdakı Bakı sessiyasında müzakirəyə çıxarılacaq mövzular ətrafında fikir mübadiləsi aparılmış, belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin region üçün mühüm əhəmiyyət kəsb etməsi vurğulanmışdır.

R.Krivokapiç ilə görüşdə illik yay sessiyasının Bakıda keçirilməsi ilə bağlı bütün məsələlər artıq təsdiq edilməsi və sessiyadan öncə onun Bakıya mümkün səfəri barədə söhbət aparılmışdır.

Sessiyanın keçirildiyi Hofburq sarayının foyesində Bakıda keçiriləcək illik yay sessiyası ilə əlaqədar xüsusi guşə yaradılmış, Azərbaycanla bağlı kitab, broşür və informasiya materialları təqdim edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 fevral.- S.9.