Azərbaycanlı deputat ATƏT Parlament Assambleyasının sessiyasında

 Ermənistan nümayəndəsinin səsləndirdiyi

 əsassız ittihamlara layiqli cavab vermişdir

 

Xəbər verildiyi kimi, fevralın 13-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyası işə başlamışdır.

Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Rəbiyyət Aslanova, Fəttah Heydərov, Eldar İbrahimov, Ağalar Vəliyev, Azay Quliyev daxildir.

ATƏT-ə üzv olan 54 ölkənin 260-dan artıq deputatının iştirak etdiyi sessiyada ilk olaraq qurumun Demokratiya, insan haqları və humanitar məsələlər üzrə baş komitəsinin iclası keçirilmişdir.

İclasda ATƏT məkanında miqrasiya məsələləri müzakirə edilərkən Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qiqanyan Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokada vəziyyətində saxlanıldığını, bu prosesin ölkənin iqtisadiyyatına və miqrasiya məsələlərinə ağır təsir göstərdiyini bildirmişdir. Erməni deputat ATƏT PA-nın Bakıda keçiriləcək illik yay sessiyası ilə bağlı narazılığını bildirmiş, həmin sessiyaya qatılmaqdan ehtiyatlandığını söyləmişdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxışında qeyd etmişdir ki, Azərbaycan demokratiktolerant ölkədir və yayda Bakıya səfər edəcək parlamentarilər bunun canlı şahidi olacaqlar. Bəzi deputatlar tərəfindən aqressiv çıxışların səsləndirilməsinin yersiz olduğunu qeyd edən R.Aslanova bütün deputatları cari ilin yayında Bakıda keçiriləcək sessiyaya dəvət etmişdir.

Azərbaycanın Qərbə inteqrasiya edən demokratik ölkə olduğunu vurğulayan R.Aslanova son illər ölkədə məhkəmə sisteminin müstəqilliyi, mühakimənin həyata keçirilməsinin səmərəliliyi, ədalətli mühakimə hüququ, dövlət qurumları və vəzifəli şəxslərin cavabdehliyi, hüquqi yardıma dəstək məsələlərində islahatların aparılması və irəliləyişlərin əldə olunması haqqında danışmışdır.

Siyasi məhbuslarla bağlı məsələyə münasibət bildirərkən R.Aslanova Avropanın mötəbər qurumlarından biri olan Avropa Şurası Parlament Assambleyasının xüsusi sənəd qəbul etdiyini və həmin sənəddə Azərbaycanda siyasi məhbusların olmadığının bildirildiyini söyləmişdir. Bu halda ATƏT PA-nın iclasında belə bir məsələnin qaldırılmasının anlaşılan olmadığını diqqətə çatdırmışdır.

ATƏT PA-nın qış sessiyası fevralın 14-də başa çatacaqdır.

 

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

Azərbaycan.-2014.- 14 fevral.- S.9.