Redaksiyada görüş

 

Ölkəmizdə gənclərin təşəbbüslərini dəstəkləmək yolu ilə onları maarifləndirməyi, bilik və bacarıqlarını inkişaf etdirməyi özünün əsas məqsədi kimi müəyyən edən "IB Club"la Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı əsasında yeni layihəyə start verilib. "AzərFOTO" İnformasiya Agentliyinin media dəstəyi ilə keçirilən yeni layihənin adı "Jurnalistika ayı"dır.

Fevral ayının 1-dən start götürən media turun üzvləri dünən "Azərbaycan" qəzeti redaksiyasında oldular, baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovla görüşdülər. Öncə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev çıxış edərək bildirdi ki, media turu çərçivəsində "İB Club"un gənc üzvləri ölkənin tanınmış media təmsilçiləri, media təşkilatları, çapelektron media qurumlarının rəhbərləri ilə görüşlər keçirib onların jurnalistika səhəsindəki təcrübələrini, maraqlı fikir və təkiflərini dinləyəcəklər.

Sonra baş redaktor Bəxtiyar Sadıqov gənclər qarşısında Azərbaycan mətbuatının tarixi, jurnalistika ixtisası və jurnalist peşəkarlığı mövzusunda geniş məruzə etdi. Baş redaktor bildirdi ki, bu gün Azərbaycan mətbuatında ciddi problemlər mövcuddur. Bunlar qəzetlərin həddindən çox siyasiləşməsi, reklam bazarının formalaşmaması və peşəkarlığın aşağı səviyyədə olmasıdır. Onun sözlərinə görə, mətbuatda jurnalist peşəkarlığı çox mühüm problemlərdən biridir. Çünki bu sahədə peşəkarlığa heç də asanlıqla nail olunmur. Peşəkar jurnalistin böyük praktikası, təcrübəsi və daim axtarışda olması vacibdir. Jurnalist hər hansısa bir mövzu ilə bağlı yazı hazırlamaq fikrinə düşdükdə, ilk növbədə, o sahə üzrə bilgiyə malik olmalıdır. Əgər jurnalist həmin mövzuda yetərincə bilgiyə malikdirsə, sonrakı proseslərdə o, yazını hazırlamaqda öz bilik və bacarığı, təcrübəsindən yararlanmalı, sonda isə sərlövhə seçimi qabiliyyətinə malik olmalıdır. Jurnalistin dil-üslubunun zəif olması da onun düşündüyü maraqlı bir yazının sonda maraqsız formada oxucuya təqdiminə səbəb olur. Bu da peşəkarlığın bir qədər aşağı səviyyədə olmasından xəbər verir.

Sonra Bəxtiyar Sadıqov son zamanlar bəzi insanların çap mətbuatının öz yerini internet mediasına verməsi fikrinə də münasibət bildirdi. 45 illk jurnalistika təcrübəsi olan baş redaktor diqqətə çatdırdı ki, bir vaxtlar televiziya yarandıqda teatrın məhv olacağını düşünən insanlar var idi. Amma teatr bu gün də fəaliyyət göstərir. İnternet mediası bu gün operativ xəbər vermək funksiyasını daşıyırsa, çap mediası analitik mövzular, araşdırma yazılarla cəmiyyətə bilgi vermək, onu maarifləndirmək funksiyasını yerinə yetirir. Çap mətbuatının bir çox üstünlüyü ilə yanaşı, onun arxiv xüsusiyyəti də var. İllər keçir insanların evlərində, kitabxanalarda qəzetlərin nüxsələri saxlanılır.

Gənclərin suallarını cavablandıran Bəxtiyar Sadıqov sonda qeyd etdi ki, müasir Azərbaycan gəncliyi daha çevik, daha aktiv və vətənpərvər olmalıdır. Çünki bu dövlətin gələcəyi gənclərin əlində olacaq və gənc nəsil müstəqil dövlətimizi, dövlətçiliyimizi qoruyub saxlamaq, daha da inkişaf etdirmək üçün savadlı, bacarıqlı, peşəkar olmalıdır.

Gənclər "Azərbaycan" qəzetinin iş şəraiti ilə tanış olub, qəzetin əməkdaşları  ilə ünsiyyətə girmək imkanı da əldə etdilər.

 

Azərbaycan.-2014.- 14 fevral.- S.10.