Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində

 yaradılacaq «SABAH» qruplarının təqdimatı olmuşdur

 

Fevralın 13-də "Hyatt Regency" mehmanxanasında Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimatı olmuşdur.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov "SABAH" qruplarının yaradılması zərurəti, onun fəlsəfəsi, məqsədi barədə fikirlərini açıqlamışdır.

Nazir diqqətə çatdırmışdır ki, insan amili, yəni tələbə və müəllim vəhdəti müəyyən mənada təhsilin keyfiyyətini şərtləndirən əsas meyarlardandır.

Təhsil naziri qloballaşan dünyada yeni biliklərə və texnologiyalara yiyələnməkdə xarici dillərin öyrənilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini xatırlatmış və "SABAH" qruplarında bu məsələlərə də xüsusi diqqət veriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, daha savadlı, bacarıqlı hər bir azərbaycanlı tələbəsinə "SABAH" qrupları açıq olacaqdır.

Qeyd olunmuşdur ki, Təhsil Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialını inkişaf etdirməyi nəzərdə tutur.

Natiq onu da diqqətə çatdırmışdır ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Onların intellektual və yaradıcılıq potensialının inkişafı, elm, təhsil və yeni texnologiyalara marağının artması da bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini aktuallaşdırmışdır. Müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğun mütəxəssis hazırlığının təmin olunması əsas vəzifələrdəndir.

Mikayıl Cabbarov "SABAH" qruplarına tələbələrin Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə əyani şöbənin birinci kursunu müvəffəqiyyətlə bitirənlərin arasından seçiləcəyini söyləmişdir.

Elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə "SABAH" qruplarına seçilmiş tələbələrin ikinci kursdan təhsilini davam etdirmələri nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayan Mikayıl Cabbarov ölkəmizdə müvafiq sahənin inkişafı üzrə reallaşdırılan tədbirlərin, o cümlədən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətindən də geniş söhbət açmışdır.

Təhsildə dünya təcrübələrindən bəhrələnməyin faydalı olduğunu xatırladan nazir, "SABAH" qruplarında müvafiq sahənin inkişafı üçün səmərəli olan təcrübələrin tətbiq olunacağını da diqqətə çatdırmışdır.

Mikayıl Cabbarov təhsil sahəsində reallaşdırılacaq digər tədbirlərdən də danışmışdır.

Tədbirdə Təhsil Nazirliyin əməkdaşı Sülhəddin Gözəlov "SABAH" qrupları ilə bağlı təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, bu qruplar nazirliyin tabeliyində olan  20 ali təhsil müəssisəsindən 15-nin bazasında yaradılacaq və həmin ali məktəblərin 8 ixtisas qrupunun 5-i üzrə, ümumilikdə, 15 minə yaxın tələbəni əhatə edəcəkdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 fevral.- S.10.