«Alman Parlament Cəmiyyəti»ndə Xocalı soyqırımının

 ildönümü ilə əlaqədar simpozium keçirilmişdir

 

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi və "Alman-Azərbaycan Forumu"nun birgə təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə Berlində "Alman Parlament Cəmiyyəti"ndə "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" mövzusunda simpozium keçirilmişdir.

Tədbirdə Almaniya Federativ Respublikası hökumətinin rəsmiləri, Bundestaqın deputatları, ictimai-siyasi və mədəni dairələrin, Berlindəki diplomatik korpusun, Azərbaycan diasporunun təmsilçiləri və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçılarını salamlayan səfir Pərviz Şahbazov 22 il əvvəl Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin təfərrüatlarından danışmışdır. Diplomat Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın Avropa İttifaqı və Almaniya ilə tərəfdaşlığının daim dərinləşdiyini qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sülhə böyük təhlükə olmaqla yanaşı, bölgənin inkişafı və Avropa İttifaqı ilə münasibətləri üçün ciddi maneələr yaratdığını vurğulamışdır. P.Şahbazov Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri və Xocalı soyqırımının ağrılarına baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə və ədalətli həllinə çalışdığını diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbul edilməzliyini və bunun dəyişməsi üçün beynəlxalq səylərin artırılmalı olduğunu vurğulamışdır. Nazir müavini demişdir ki, Avropa İttifaqı özünün etibarlı tərəfdaşı olan Azərbaycanın yerləşdiyi regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir. O qeyd etmişdir ki, işğala son qoyulması regional inkişafinteqrasiya proseslərinə təkan verəcəkdir.

"Alman-Azərbaycan Forumu"nun sədr müavini, Bundestaqın sabiq deputatı Helqa Daub Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasını, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyi Xocalı faciəsinin Azərbaycan ilə Ermənistan münasibətlərində dərin iz buraxdığını diqqətə çatdırmışdır.

Xocalı hadisələrini insanlığın faciəsi adlandıran Almaniyanın iqtisadi əməkdaşlıq nazirliyinin dövlət katibi Kristian Şmit ölkəsinin Cənubi Qafqaz dövlətləri ilə əlaqələrin inkişafına, münaqişələrin nizamlanması üçün tərəflər arasında qarşılıqlı etimadın yaradılmasına diqqət yetirdiyini vurğulamışdır.

 Sonra müzakirələr olmuş, Almaniya hökumətinin Rusiya, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələri üzrə əlaqələndiricisi Qernot Erler "Dağlıq Qarabağ münaqişəsinə Avropa İttifaqı-Rusiya-Cənubi Qafqaz münasibətləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Q.Erler bildirmişdir ki, Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Avropa İttifaqı və Rusiya arasında seçim etmək deyil, onların hər ikisi ilə münasibətlərini dərinləşdirmək xəttini seçmişdir. Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq yaratmağa çalışır, eyni zamanda, özünün bir nömrəli problemi olan ərazi bütövlüyünün bərpası naminə Rusiya ilə əməkdaşlığı genişləndirir. Tanınmış siyasətçi Ukraynadakı vəziyyətin Avropa İttifaqı və Rusiya münasibətlərində yaratdığı gərginliyin Cənubi Qafqaz üçün təhlükəli ola biləcəyini qeyd etmişdir. Onun sözlərinə görə, RusiyaAvropa İttifaqı arasında Şərqi Avropa ölkələrinə münasibətdə bəzilərinin "Soyuq müharibə" adlandırdığı ziddiyyətlər Dağlıq Qarabağ münaqişəsini daha da dərinləşdirə bilər. Hazırda Ukraynadakı bu ziddiyyətlərin Cənubi Qafqazda baş verməsinin qarşısını almaq üçün Avropa siyasətçiləri Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi fikir verməlidirlər.

Bundestaqın deputatı, ATƏT Parlament Assambleyası sədrinin müavini Doris Barnett, Bundestaqın Xristian-Demokratlar/Xristian-Sosialist fraksiyasının idarə heyətinin üzvü Marko Vandervits, tanınmış "Fokus" jurnalının MDB ölkələri üzrə bürosunun rəhbəri Boris Raytşusterin iştirakı və Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzerin moderatorluğu ilə keçirilmiş podium müzakirəsində Azərbaycanın Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyindəki yerirolu, Azərbaycan-Almaniya münasibətləri və bu mövzuların Almaniya mətbuatında işıqlandırılması barədə danışmışlar.

Tədbirin alman publisist Rixard Kislerin aparıcılığı ilə keçən ikinci hissəsində isveçrəli jurnalist Andre Vidmerin "Unudulmuş münaqişə. Dağlıq Qarabağ müharibəsindən 20 il sonra" adlı kitabının təqdimatı olmuşdur. Müəllif A.Vidmer Ermənistan təcavüzünün yaratdığı fəsadlar, işğal altındakı torpaqlardakı vəziyyət, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatı ilə bağlı təəssüratlarını bölüşmüş, münaqişə zonasından çəkdiyi şəkilləri nümayiş etdirmişdir.

 

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Azərbaycan.-2014.- 14 fevral.- S.11.