Azərbaycan Amerika Alyansı ənənəvi Xocalı soyqırımını tanıtım aksiyasına başlamışdır

 

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı (AAA) Xocalı soyqırımı ilə bağlı ənənəvi geniş maarifləndirmə kampaniyasına başlamışdır.

 

AAA-dan bildirmişlər ki, Alyansın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə "XOCALI...Azərbaycana qarşı bəşəri faciə" başlığı altında yüzlərlə məlumatlar VaşinqtonNyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, meydanlara yerləşdirilir. Mobil proyeksiya vasitəsilə Xocalı soyqırımı haqqında məlumatlar mərkəzi küçələrdə yerləşən binaların divarları üzərində əks olunur.

Anar Məmmədov aksiya ilə bağlı demişdir: "Azərbaycan Amerika Alyansı artıq üçüncü ildir ki, ABŞ-da Xocalı soyqırımını tanıtım kampaniyasını həyata keçirir. Aksiyanın növbəti dəfə keçirilməsinin məqsədi nəinki Azərbaycan, hətta dünya tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımını tam miqyası ilə okeanın o tayında tanıtmaqdır. Hesab edirəm ki, amerikalılar 22 il bundan əvvəl Azərbaycanda, Xocalıda baş verən bu dəhşətlərdən xəbərdar olmalı, bu soyqırımı tanımalıdırlar. Azərbaycan Amerika Alyansı olaraq okeanın o tayında ölkəmizin qeyri-maddi mədəni irsini, milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ etdiyimiz kimi, müasir tariximizi də tanıtmalı, müstəqilliyimizə aparan yolda hansı məşəqqətlərdən keçdiyimizi bəyan etməliyik. Çox geniş auditoriyanı əhatə etmək iqtidarında olan bu kampaniyadan sonra əminəm ki, daha da çox insan Xocalı soyqırımı, Azərbaycan həqiqətləri haqqında məlumatlanacaqdır".

İctimai maarifləndirmə kampaniyası bir neçə həftə ərzində davam edəcəkdir. Ənənəvi mətbuat vasitələri olaraq, qəzetlərdə məqalə və redaktə qeydləri yer aldığı halda, "Facebook", "Twitter" və "Youtube" kimi sosial şəbəkələrdə də yazılar dərc olunacaq və müzakirələr aparılacaqdır. Aksiyanın gedişi, videofotohesabatlar, məqalə, redaktə qeydləri, hadisələrə dair məlumat və kampaniyanın sosial şəbəkə komponentlərinə keçidlərini Azərbaycan Amerika Alyansının www.azerbaijanamericaalliance.org internet səhifəsindən əldə etmək mümkündür.

Fevralın 11-dən başlanmış kampaniya VaşinqtonNyu-York ştatlarını əhatə edəcəkdir. Nəqliyyatın gur olduğu ərazilərdə, metro stansiyalarında plakatlar yerləşdiriləcək, Nyu-Yorkun məşhur "Tayms" meydanında quraşdırılan monitorlarda Xocalı soyqırımı haqqında məlumatın əks olunduğu banner nümayiş etdiriləcəkdir. Bir sıra təhsil müəssisələrində Xocalı qurbanlarını anma tədbirlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixinin, mədəniyyətinin, incəsənətinin, təhsilinin, idmanının, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstəyi təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlarsiyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 fevral.- S.11.