Qaradağlı – «ikinci Xocalı»

 

 

 

Bu da zamanın, vaxtın sürəti. 20 Yanvar acısının ardınca Qaradağlı faciəsi gəlib yetişdi. Ona indi "ikinci Xocalı" da deyirlər. Baxmayaraq ki, o acıları Xocalının özündən 10 gün əvvəl - fevralın 17-də yaşayıb.

Bu kəndin təkliyi çoxdan başlayıb, hələ sovet hakimiyyəti illərində Vərəndəli, Bəhrəmli və Xanlıq kəndlərinin əhalisi köçməyə məcbur edildikdən sonra. Xankəndi və Xocavənd şəhərlərini birləşdirən yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşən, 800 evdən ibarət Qaradağlının döyüş ruhunu qırmaq isə hələ heç kimə nəsib olmamışdı. Ermənilər həmişə Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı müxtəlif təxribatlar törədirdilər. 1967-ci ildə ermənilər əslən Qaradağlıdan olan üç nəfərə böhtan ataraq onları həbs etdirdilər. Məhkəmədə bəraət alan həmin şəxsləri erməni quldurları günün günorta çağı Xankəndidə, sovet əsgərlərinin gözü qarşısında qətlə yetirdilər. O vaxt azərbaycanlıların etirazlarına baxmayaraq, günahkarlar layiqincə cəzalandırılmadı. Cəzasızlıq isə özünü çox gözlətmədi - 1987-ci ilin ağır günləri başladı. Bu illərdə Qarabağın digər azərbaycanlı kəndləri, şəhərləri kimi, taleyin hökmünə buraxılan Qaradağlı da özünə nicat yolu axtarmaqda idi. Hər gün hansısa faciəli hadisə baş verirdi və qaradağlılar daima gərginlik içində yaşamaq məcburiyyətində idilər. Ümumiyyətlə, ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində kənd itkilər versə də, düşmən layiqli cavabını alırdı. Hücumların isə ardı-arası kəsilmirdi.

Markar Melkonyan qardaşı, "ASALA" beynəlxalq erməni terror təşkilatının rəhbərlərindən biri olmuş Monte Melkonyana həsr etdiyi "Mənim qardaşımın yolu" kitabında Montenin Qaradağlının işğalında iştirakı ilə bağlı bunları yazır: "...O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı. Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edənlər kəndi güllə yağışına tutdu. ...Günorta saat 5-də dəstələr tapşırığı yerinə yetirdi. Həmin gün erməni tərəfdən cəmi bir döyüşçü öldürülmüşdü. Düşmən tərəfdən isə iki nəfər öldürülmüş, əsir götürülmüş 48 nəfər azərbaycanlı isə yük avtomobilinə tərəf irəliləyirdi. Əsirlər Stepanakertə (Xankəndiyə - red.) aparıldı və azərbaycanlıların əlində olan erməni əsirləri ilə dəyişdirilənə qədər orada saxlanıldı.

...AraboAramo dəstələrinin döyüşçüləri (Qaradağlı kəndinin işğalında iştirak etmiş muzdlu erməni terrorçularından ibarət dəstələr - red.) kəndin kənarında içərisində dinc insanların, o cümlədən qadınların da olduğu 38 əsiri xəndəyə atdılar. AraboAramo dəstələrinin əsgərləri əsirləri güllələməyə başladılar və bıçaqları ilə istisnasız olaraq hamısını doğradılar. Aştarakdan olan vətənpərvər dəstəsinin 5 üzvündən biri olan Edo bir neçə nəfərin üzərinə benzin tökdü və yandırılmış kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada yanmış meyitlərin qalıqları var idi. ...Ümumilikdə iki gün ərzində Qaradağlıda və onun ətrafında 53 azərbaycanlı qətlə yetirilmişdi..."

Bu vəhşiliklərin şahidləri hələ sağdır və daha dəhşətli faktlardan xəbər verirlər. Qara Hüseyn oğlu Kərimov olanları belə xatırlayır: "Kənddə Zivər adında bir qadın vardı. Nəvəsi Vəfa üçün saxladığı toy üzüyünü sandıqdan çıxarıb barmağına taxmışdı ki, kənd birdən işğal olunsaqaçmaq məcburiyyətində qalsa, heç olmasa onu özü ilə apara bilsin. Ermənilər onu öldürüb üzüklü barmağını da kəsib aparmışdılar... Həmin günün gecəsi postda Nobili, Xanalı və Altayı da öldürmüşdülər. Meyitləri yandırmışdılar. Fevral ayının 17-si səhər saat 5 olardı. Ermənilər hər tərəfdən binanı atəşə tutmuşdular. Oğlum Əliqismət üst mərtəbədə düşmənlərə cavab atəşi açırdı. Ermənilər Əliqisməti vurdular. O, ölüm ayağında ürək-dirək verib dedi ki, düşmənə təslim olmayın, son nəfəsinizədək kəndi müdafiə edin, qoymayın işğal altına düşsün. Çıxış yolumuz yox idi, bizi əsir götürdülər. Əllərimizi bağlamışdılar. Oğlum Əliqismət hələ də can verirdi. Gözlərimin içinə baxırdı. İstədim yaxınlaşam, kömək edəm, qoymadılar. Ermənilər orada çəkiliş də aparırdılar. Kamera qarşısında elə danışırdılar ki, guya ölənlərin hamısı ermənilərdi. Əllərində qırmızı plakat tutmuş ermənilər də vardı. Ermənicə başa düşməsək də, plakatlara nəsə şüar yazdıqları bilinirdi. Bilinirdi ki, bu yalançı çəkilişi haradasa yaymaq üçün edirlər. Çəkilişləri aparandan sonra bizi cərgəyə düzdülər. Yaşlıları, qadınları və yaralıları bir maşına, cavanları isə başqa maşınlara doldurdular. Kənddən çıxanda müqəddəs pirin yanında maşını saxladılar. Gündüz saatları idi. EldarŞahmurad adlı iki nəfəri öldürüb meyitlərini yola atdılar. 10-15 km getdikdən sonra maşını Cəmiyyət (Ningi) kəndinin toyuq ferması olan ərazisində saxladılar. Bizi aparan erməni komandir poçtun müdiri Həbibi orada öldürdü. Silahlıların içərisində qonşu kəndlərdən olan ermənilər də var idi. Onlardan biri kəndçimiz Zahidi əvvəllərdən tanıyırmış. Birdən həmin erməni soruşdu ki, Zahid də aranızdadırmı? Zahid cavab verəndə erməni komandiri onu da güllələdi. Biz Malıbəyli körpüsünə çatanda erməni silahlıları maşını saxlayıb yerə düşməyimizi əmr etdilər. Bu vaxt cavanları gətirən maşın da Malıbəyli körpüsünə çatdı. Maşında adam az qalmışdı. Kəndçimiz Əbülfəti gördüm. Ondan soruşdum ki, bəs uşaqlar hanı? Dedi ki, uşaqları öldürdülər. Məlum oldu ki, ermənilər cavan əsirləri mindirdikləri maşını Bəylik bağı deyilən ərazidə saxlayıb çoxunu elə oradaca güllələyiblər.

Erməni silahlıları o soyuq qış günündə bizi cərgəyə düzüb paltarlarımızı çıxarmağı əmr etdilər. Sonra bizi Xankəndiyə qədər o soyuqda piyada aparıb zirzəmiyə saldılar. Bizi türməyə salanadək açıq havada qarın içində 8-9 saat saxlamışdılar. Çox üşüyürdük. Gecəni orada qaldıq. Fevral ayının 18-i idi. Güclü qar yağmışdı. Su əvəzinə qar yeyirdik. Səhər tezdən 5 nəfər əsiri çıxarıb harasa apardılar..."

Ağbirçək yaşında əsirliyin bütün ağrı-acısını yaşayan Həqiqət Hüseynovanın dediklərini təsəvvürə gətirmək mümkünsüzdür: "Gözümüz nələr görmədi? Kəndçimiz Eldarı gözümüzün qabağında ağacla döyə-döyə öldürdülər. Kənddə yolun, asfaltın qırağında pir deyilən yerdə etdilər bunu. Sonra da mənim gəlinimin atasını öldürdülər. Heç bilmədim nə ilə vurdular, amma kişinin başı iki yerə paralandı. Sonra da qoydular maşının altına, əzib tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi yanında Zahid adlı kəndçimizi öldürdülər. Qardaşı qışqırmaq istəyəndə əlimi tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan çıxana qədər dişləmişdi. Vaqif idi adı... Allah ölənlərinizə rəhmət eləsin, həmin əzablara dözməyib öldü".

İlqar Hüseynov isə o faciəni hələ də yaşamaqdadır. "...Bizim kənd özünümüdafiə dəstəsinin Əliqismət adlı üzvü var idi, ağır yaralanmışdı. Mənim və qardaşımın gözümüzün qabağında, öz atasının yanında onu güllələdilər. Bizi əsir aparanda erməni silahlıları kənddən 2 kilometr aralıda maşınları saxladılar. Qışqırdılar ki, 10 nəfər düşsün. Hiss edirdik ki, öldürmək üçün düşürmək istəyirlər, ona görə də heç kim könüllü düşmək istəmirdi. Maşındakıları avtomatlardan atəşə tutdular. Bir neçə nəfər yaralandı. Maşından düşənləri isə dərhal vururdular. 30 nəfərdən çox kəndçimizi elə oradaca güllələdilər. Güllələmək bir yana... meyitləri bir quyu qazıb hamısını ora tökdülər. Dəhşətlisi bu idi ki, ermənilər əkin-biçin üçün kəsici alət var, adına çin deyirlər, ona oxşar, amma bir az ondan böyük bir alətlə öldürdükləri azərbaycanlıların başlarını kəsib sellofan torbalara yığırdılar. Mən sonradan bizi aparan erməni silahlılarının birindən yavaşcadan soruşdum ki, məqsədiniz nə idi o başları kəsməkdə? Manvel adlı erməni dedi ki, bilirsiz bunlardan nə qədər pul qazanacağıq Ermənistanda?

Xankəndi-Qaradağlı yolunda mənim bibim oğlunu maşından düşürdürlər, "Makar" tapança ilə 8 güllə vurdular, meyitiniyola atdılar. Sonra bir az getmişdik, Zahid Xəlilovu güllələdilər. Bizimlə birlikdə əsir götürdükləri kəndçilərimizdən bir dəfə 5 nəfərini, bir dəfə isə 3 nəfərini harasa apardılar və onlar bir daha geri qayıtmadılar. Erməni silahlılarından biri dedi ki, o 5 nəfəri Xankəndidəki erməni qəbiristanlığına apardılar ki, orada başlarını kəssinlər...

13 gündən sonra mən də daxil olmaqla dörd nəfəri Xankəndidəki polis məntəqəsinə gətirib oranın zirzəmisinə saldılar. Texniki peşə məktəbinin zirzəmisində qalan dörd nəfər əsirin (mənim əmim nəvəsi də onların arasında idi) başına nə gəldi, heç kəsin xəbəri olmadı. Bu gün də onların taleyi haqqında heç bir məlumatımız yoxdur. Bizi hər gün döyürdülər. Bizim kamerada, Allah rəhmət eləsin, gözümüzün qabağında Fazil Vəliyevi döyə-döyə öldürdülər. O biri kameralarda da 8 kəndçimizi ac saxlayaraq və döyərək öldürdülər...

Ümumiyyətlə, bu hadisələrdə kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımıda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib. Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirib, onlarla insan girov götürülüb. Onların bir qismi geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.

Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 16 fevral.- S.6.