Baş Prokurorluqda Avropa Şurasının MONEYVAL

Komitəsinin dəyərləndirmə missiyası ilə görüş

 

Fevralın 17-də Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrasına nəzarət edən qurumu olan MONEYVAL Komitəsinin ölkəmizin bu sahədə IV raund dəyərləndirilməsi çərçivəsində Azərbaycana səfər edən dəyərləndirmə missiyası ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində görüş keçirilmişdir.

MONEYVAL Katibliyinin nümayəndələrindən, habelə Böyük Britaniya, Rumıniya, Xorvatiya və Makedoniyanın ekspertlərindən ibarət dəyərləndirmə missiyası ilə görüşdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və qurumun məsul əməkdaşları iştirak etmişlər.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qonaqlara Prezident İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet xəttini təşkil etməsi, bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər, ölkəmizin hüquq sistemi barədə məlumat verilmişdir. Həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti və ona əməliyyat-axtarış səlahiyyətlərinin verilməsi, bu qurumla Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin qarşılıqlı əməkdaşlığı, habelə çirkli pulların yuyulması cinayətləri ilə əlaqədar idarədə ibtidai istintaqı aparılmış cinayət işləri qonaqların diqqətinə çatdırılmışdır.  Görüşdə dəyərləndirmə missiyasının nümayəndələrini maraqlandıran suallar cavablandırılmış, bu sahədə mövcud çatışmazlıqlara dair səmərəli fikir mübadiləsi aparılmaqla onların aradan qaldırılması yolları müzakirə edilmişdir.

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri özündə əks etdirən bukletlər qonaqlara təqdim olunmuş və böyük maraqla qarşılanmışdır.

 

Azərbaycan.-2014.- 18 fevral.- S.2.