SABİRABAD - inkişaf və abadlıq məkanı

 

Davamlı sosial-iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan bu gün özünün müəyyən edilmiş hədəflərinə doğru  inamla irəliləyir, ötən ili bütün sahələrdə böyük uğurlarla başa vurur. Son 10 ildə ümumi daxili məhsulun 3 dəfədən çox, dövlət büdcəsi gəlirlərinin 16 dəfə, sənaye məhsulları istehsalının 2,7 dəfə, strateji valyuta ehtiyatlarının 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcminin 18,4 dəfə, o cümlədən qeyri-neft sektoruna qoyulan investisiyaların 21,6 dəfə, orta aylıq əməkhaqqının 5,5 dəfə, pensiyaların 9,3 dəfə artması, 1 milyon 200 mindən çox yeni iş yerinin açılması, yoxsulluq səviyyəsinin 5,3 faizə enməsi ölkəmizdə elmi əsaslara söykənən və düşünülmüş inkişaf siyasətinin həyata keçirildiyini, sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunduğunu göstərir.

 

 

 

Ötən il hər sahədə uğurlar qazanılıb

 

 

 

Sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur. Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələlər ətraflı müzakirə olundu, ölkə rəhbəri iqtisadiyyatın bütün sahələrindəki vəziyyəti geniş təhlil edərək gələcək vəzifələri müəyyənləşdirdi. Qeyd olundu ki, dünya iqtisadiyyatında böhran davam etsə də, respublikada həyata keçirilən uğurlu siyasət sayəsində əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də ümumi makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilmiş, sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması sahəsində əsaslı işlər görülmüş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.

2013-cü il Sabirabad rayonu üçün də yaddaqalan olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla söhbətimiz də bu barədə oldu. O dedi ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi elə bir problem yoxdur ki, Azərbaycan dövləti onu həll etmək iqtidarında olmasın. Prezidentin islahatlar kursu ölkəmizin inkişafını təmin edib. İqtisadiyyatın inkişafı bütün istiqamətlərdə genişmiqyaslı tədbirlərin görülməsinə şərait yaradıb. İqtisadi potensialımızın ildən-ilə artması, neftdən əldə edilən vəsaitdən düzgün istifadə olunması, büdcə gəlirlərinin durmadan çoxalması perspektivi imkanların daha da genişlənəcəyinə inamı artırır. Dövlət başçısının yürütdüyü iqtisadi inkişaf strategiyasının əsas qayələrindən biri regionların tarazlı inkişafına nail olmaqdır. Sabirabad rayonu da Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət proqramları çərçivəsində, həmçinin Kür-Araz daşqınlarından sonra həyata keçirilən yüksək səviyyəli abadlıq və quruculuq işləri bu diqqətin və qayğının bariz təcəssümüdür".

Ötən il sabirabadlılar üçün ən yaddaqalan hadisə Prezident İlham Əliyevin rayona səfəri olmuşdur. Dövlət başçısı səfər çərçivəsində 8 obyektin açılışında və təqdimatında iştirak etmişdir. Şəhərin yenidən qurulmuş mərkəzi meydanı, orada ucaldılmış ulu öndərin abidəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni tikilmiş üçmərtəbəli inzibati bina, 2013-cü ildə inşa olunmuş Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkında aparılan genişləndirmə və yenidənqurma işləri, Bulaqlı kəndində istifadəyə verilmiş 52 nəfərin çalışdığı müasir istixana kompleksi, Bakı-Sabirabad yolunun yenidən qurulması işləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident Sabirabad ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə demişdir: "Çox işlər görülübdür. Sabirabad abadlaşır, gözəlləşir. Mən keçən dəfə iki il əvvəl olmuşam burada. Görürəm ki, çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır".

Ötən il Sabirabadda iqtisadiyyatın bütün sahələrində 2012-ci illə müqayisədə daha yüksək nəticələrin əldə edilməsi ilə də əlamətdar olmuşdur. Belə ki, ötən il istehsal olunan məhsulun həcmi 299 milyon 843 min manat, sənaye məhsulu istehsalı 5 milyon 286 min manat, kənd təsərrüfatı məhsulları istehsalı 167 milyon 195 min manat təşkil etmişdir. Əhaliyə 602 min manat həcmində rabitə, 39 milyon 808 min manat həcmində pullu xidmət, 4 milyon 426 min manat həcmində nəqliyyat xidməti, 5 milyon 994 min manat həcmində iaşə xidməti göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 167 milyon 872 min manata çatmışdır. Əvvəlki illə müqayisədə 2013-cü ildə sənaye, kənd təsərrüfatı məhsullarının həcmi, rabitə, nəqliyyat, iaşə və pullu xidmətlər, pərakəndə əmtəə dövriyyəsi xeyli artmışdır. 46 milyon 673 min manatlıq tikinti-quraşdırma işləri görülmüş, əsas kapitala yönəldilən investisiyaların həcmi 77 milyon 647 min manat olmuşdur.

Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, iqtisadiyyatın əsas sahələrində qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq kənd təsərrüfatında və nəqliyyatda 100 faiz, tikintidə 81,3 faiz, sənayedə 25,3 faiz olmuşdur. Ticarət xidmətinin 99,9 faizi, pullu xidmətin 68,8 faizi qeyri-dövlət sektorunun payına düşür.

Ötən il rayon büdcəsi 26 milyon 327 min manat məbləğində proqnozlaşdırılmışdı. Büdcənin mədaxil hissəsinin proqnozuna 47 milyon 628 min manat və ya 180,9 faiz əməl edilmişdir. Proqnoza artıqlaması ilə əməl olunmasına səbəb rayonun sosial-iqtisadi inkişafına dövlət tərəfindən qoyulan investisiyalardır.

 

 

 

Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib

 

 

Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm həlqələrindən olan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkənin bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənədlərdir. Dövlət proqramlarında regionlarda yeni istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərinin səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun sözlərinə görə, ikinci Dövlət Proqramının icrası nəticəsində rayonda sosial-iqtisadi problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində əsaslı işlər görülmüş, bir sıra sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, yeni yollar və körpülər tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Bu dövrdə 6 məktəb binası, 1 xəstəxana, 3 həkim və tibb məntəqəsi tikilmiş, 23 məktəb, 4 xəstəxana, 5 həkim və tibb məntəqəsi, 17 mədəniyyət obyekti əsaslı təmir edilmişdir. Rayon mərkəzində Dövlət Bayrağı Meydanı qurulmuş, maliyyə idarəsi üçün yeni üçmərtəbəli bina tikilmiş, rayon icra hakimiyyəti və dövlət müəssisələri yerləşən inzibati binaların fasadları müasir qaydada təmir olunmuş, rayon Mədəniyyət Evində əsaslı təmir işlərinə başlanılmışdır. Müasir tələblərə cavab verən 205 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi davam etdirilir. Şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış, yeni asfalt və beton zavodları istifadəyə verilmişdir.

Xatırladaq ki, ötən il Prezident İİham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında iki dəfə sərəncam imzalamışdır. Sərəncamlara əsasən Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Dövlət Proqramında rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, həmçinin iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmışdır. Dövlət başçısının bu sərəncamları rayonda sosial-iqtisadi inkişafın, quruculuq və abadlıq işlərinin sürətləndirilməsinə böyük təkan vermişdir. Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun 20 kilometrlik məsafəsi keçən ilin dekabr ayında istifadəyə verilmiş, yola 120 min kvadratmetr asfalt döşənmişdir.

Ümumiyyətlə, son illər Sabirabadda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Rayon mərkəzində Heydər Əliyev prospektinə, Nəriman Nərimanov, İlham İsgəndərov, Vüqar Əhmədov, Mehdi İbrahimov küçələrinə, Müseyib Şərifzadə küçəsindən Kür çayı üzərində inşa olunan körpüyə qədər avtomobil yollarına 118 min 500 kvadratmetr asfalt döşənmişdir. Quruzma, Axısxa, Qaralı, Balvar, Qalağayın, Bulduq, Çöl Beşdəli, Zalqaraağac kəndlərində ümumi uzunluğu 26,2 kilometr olan kəndarası yollarda təmir işləri aparılmışdır. Hazırda Mürsəlli və Yaxa Dəllək kəndlərində ümumilikdə 8,7 kilometr uzunluğunda kəndarası yollarda da bu işlər aparılır. Uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun isə əsaslı təmiri ilə əlaqədar məsələ qaldırılmışdır.

Ötən il Sabirabadda 870 yeni iş yeri açılmışdır ki, bunun da 749-u daimidir. Ümumilikdə isə ikinci Dövlət Proqramı qəbul edildiyi müddət ərzində 175 müəssisə yaradılmışdır. Nəticədə 3232 yeni iş yeri açılmışdır ki, bunun da 2658-i daimiidir. Yeni müəssisələrin yaradılmasında və iş yerlərinin açılmasında dövlət tərəfindən verilən güzəştli kreditlər mühüm rol oynayır. Təkcə ötən il 66 layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1 milyon 830 min manat güzəştli kredit verilmiş və nəticədə 142 yeni iş yeri açılmışdır.

 

 

 

Kənd təsərrüfatında məhsuldarlıq ilbəil yüksəlir

 

 

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Ölkənin ərzaq təhlükəzsizliyi proqramına sanballı töhfələr verən sabirabadlılar mütərəqqi texnologiyanı, qabaqcıl təcrübəni cəsarətlə tətbiq edərək mühüm nailiyyətlər qazanmışlar. RİH başçısı Nazim İsmayılov bildirdi ki, ötən il rayonda istehsal olunan məhsulun yarıdan çox hissəsi kənd təsərrüfatının payına düşür. Aqrar sahəyə dövlət qayğısının, ayrılan subsidiyaların nəticəsidir ki, Sabirabadda kənd təsərrüfatı istehsalında ildən-ilə artım müşahidə olunur. Prezident İlham Əliyevin aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsinə, lizinqin genişləndirilməsinə dair, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında sərəncamları bu sahənin inkişafına dövlət qayğısının təzahürüdür. Təkcə ötən il rayonda 17874 kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 811 min manat, buğda əkmiş 5559 nəfərə 477,2 min manat yardım verilmişdir. "Aqrolizinq" ASC-dən və digər bazalardan güzəştli qaydada 461,3 min manat dəyərində 2296 ton mineral gübrə satışı təşkil olunmuşdur.

Yaradılmış şərait nəticəsində 2013-cü ildə əvvəlki ildən 576 hektar çox, yəni 56945 hektarda əkin aparılmaqla kənd təsərrüfatı məhsullarının istehsalı 2012-ci ilə nisbətən 11,0 faiz artaraq 167,1 milyon manata çatmışdır. Ötən il 76687 ton taxıl, 3146 ton pambıq, 14358 ton kartof, 62890 ton bostan, 1975 ton qarğıdalı, 43236 ton tərəvəz, 15470 ton meyvə və giləmeyvə, 154919 ton yem məhsulları istehsal edilmişdir. Əvvəlki illə müqayisədə rayon üzrə 2013-cü ildə taxıl, kartof, bostan, yem, meyvə və giləmeyvə məhsulları çox istehsal olunmuşdur.

Torpaqların suvarılması və meliorasiya işlərinin aparılması məqsədilə ötən il 1427 kilometr uzunluqda kanallar, 450 kilometr  uzunluğunda dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı ilkin mərhələdə Dövlət Ehtiyat Fond torpaqlarının və qış-otlaq sahələrinin 5000 hektarında meliorasiya tədbirlərinin aparılması nəzərdə tutulmuşdur. Nəticədə rayonun Muğan Gəncəli, Moranlı, Sarxanbəyli kəndlərində suvarmadakı problemlər həllini tapacaq.

Artıq Sabirabadda sahibkarlıq fəaliyyəti ilə məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçıları arasında da ixtisaslaşma prosesi genişlənmişdir. Hazırda 244 kənd təsərrüfatı və xidmət təşkilatları fəaliyyət göstərir ki, onlarn da 11-i kooperativ, 119-u özəl, 82-i xidmət təşkilatı, 32-si fərdi sahibkardır. Rayonun Axısxa və Çölbeşdəli kəndlərində torpaq mülkiyyətçiləri pay torpaqlarını könüllü şəkildə birləşdirərək istehsal kooperativləri yaratmışlar.

Aparılan islahatlar rayonda heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu sahədə əsas diqqət heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, quşçuluğun inkişaf etdirilməsinə, baytarlıq xidmətinin yüksəldilməsinə, yem bazasının möhkəmləndirilməsinə yönəldilmişdir. Son bir ildə mal-qaranın sayı 1,6 min baş artaraq 113,1 min başa, xırda buynuzlu mal-qaranın sayı 5 min baş artaraq 197,5 min başa, quşların sayı 105 min baş artaraq 983 min başa çatmışdır. Ət istehsalı (diri çəkidə) 14000 ton, süd istehsalı 88661 ton, yun istehsalı 444 ton, yumurta istehsalı 55 milyon 139 min ədəd olmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 900 ton (10,6 faiz), süd istehsalı 4080 ton (4,8 faiz), yun istehsalı 26 ton (6,2 faiz) çox olmuşdur.

 

 

 

Kommunal sahədə infrastruktur yenilənir

 

 

 

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə ötən il rayonda bir sıra tədbirlər həyata keçirilmişdir. 31 transformator təmir edilmiş, Vidadi-2 və Minbaşı, Kovlar, Hacıbəbir və Həşimxanlı yarımstansiyalarında transformatorlar yenisi ilə əvəzlənmiş, Quruzma və Nizami yarımstansiyalarında yenidənqurma işləri aparılmışdır. Bir sıra kənd yaşayış məntəqələrində həyətyanı sahələrdən keçən və təhlükə mənbəyi olan yararsız xətlər təzələnmişdir.

Onu da qeyd edək ki, ölkə Prezidentinin tapşırığı ilə 2013-cü ildə Sabirabad pilot rayon kimi seçilərək 14 yaşayış məntəqəsi üzrə elektrik təsərrüfatının yenidən qurulması nəzərdə tutulmuş bu məqsədlə "Azərenerji" ASC-yə lazımi vəsait ayrılmışdır. Hazırda bununla bağlı işlər davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Sabirabada səfərindən sonra rayonda əhalinin təbii qazla təminatı sahəsində də işlər sürətləndirilmişdir. 2013-cü ildə görülən işlər nəticəsində təbii qaz istifadəçilərinin sayı 3621 abonent artaraq 12945-ə çatmışdır. Şəhərin qazlaşma işləri ümumən başa çatdırılmışdır. Rayonun Bulduq, Mürsəlli, Şıxlar, Qaratəpə, Qaralar, Quruzma, Qaraqaşlı və Surra kəndlərinə, ümumilikdə 15 kəndə təbii qaz verilmişdir. Hazırda rayonun 11 kəndində qazlaşma işləri aparılır və yaxın zamanlarda 3 kəndə təbii qazın verilməsi təmin olunacaqdır.

 

Sabirabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılmışdır. Layihəyə əsasən, Talış su kəmərindən Sabirabad şəhərinə su xətti çəkilir. Həmin xətt vasitəsilə su borusu keçən ərazilərdə yerləşən və rayon mərkəzinə yaxın olan kəndlərə içməli suyun verilməsi nəzərdə tutulmuşdur.

Digər kəndlər də bu layihələrdən kənarda qalmamışdır. Rayonun 24 kəndində modul tipli sudurulducu qurğular tikilmişdir. 26 kənddə isə bu tipli qurğuların tikintisinə hazırlıq işləri görülür.

 

 

 

"Borcumuz ölkə Prezidentinin göstərdiyi diqqət və qayğıya əməli işlə cavab verməkdir"

 

 

Fevralın 5-də Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda qarşıya böyük vəzifələr qoyulmuşdur. Sabirabad RİH-nin başçısı Nazim İsmayılov bildirdi ki, ikinci proqramda rayon üzrə nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir. İndi regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2014-2018-ci illər üçün üçüncü Dövlət Proqramı hazırlanır. Proqrama daxil edilmək üçün Sabirabad rayonu üzrə qarşıda duran vəzifələr ümumiləşdirilmiş və bu barədə təkliflər hökümətə təqdim edilmişdir. "Bizim borcumuz Prezidentin rayonumuza göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab verməkdir. Odur ki, Sabirabadı Muğanın daha abad, daha füsunkar mərkəzinə çevirmək üçün  qüvvələri səfərbər etmişik".

Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə böyük inkişaf yolu keçən Sabirabad indi daha sürətlə inkişaf edir, Muğanın abad və füsunkar mərkəzinə çevrilir. Bu gün Sabirabadın hər bir guşəsi tikinti meydanını xatırladır. Hər yerdə abadlıq və quruculuq, işgüzarlıq əhval-ruhiyyəsi duyulur. Sabirabadlılar bundan sonra da doğma rayonlarının yüksəlişi üçün qüvvələrini əsirgəməyəcəklər.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 18 fevral.- S.4.