Quba Soyqırımı Memorial Kompleksinin tarixi missiyası

 

Quba Soyqırımı Memorial Kompleksi  elə möhtəşəm abidədir ki, əsrlər ötdükcə o, tarixi bir zərurət kimi yarandığını isbat edəcək, erməni faşistlərinin qəddarlığından, onların törətdikləri saysız cinayətlərdən bizdən sonrakı nəsillərə, bu abidəni ziyarətə gələn istənilən xalqın nümayəndəsinə danışacaq. Adlarını tarixə zavallı xalq kimi yazıb ağlasığmaz vəhşiliklər törədən erməni cəlladlarının mahiyyətini açacaq, onları və bütünlükdə erməni faşizmini ittiham edəcək, bəşəriyyəti erməni vəhşiliklərinə göz yummamağa, əsrlər boyu davam edən qanlı qətliamların ört-basdır edilməsinə qarşı üsyana çağıracaq. Burada hər gün ittihamlar səslənəcək, hökmlər oxunacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılan Quba Soyqırımı Memorial Kompleksi erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldıldı. Erməni faşist ideologiyası da uydurma soyqırımı qurbanlarına qədim Azərbaycan şəhəri İrəvanda - əsrlər boyu etnik təmizləmələr apardığı tarixi Azərbaycan torpaqlarında bizdən xeyli əvvəl abidə ucaldıb, "zavallı xalqın" uydurma faciələrinə  dünyanı mərsiyə deməyə çağırır. Quba Soyqırımı  Memorial Kompleksi erməni cinayətlərinin üstü açıldığı yerdə, ermənilərin  soyqırımı abidəsi isə məkrli yalanların üstündə ucaldılmışdır. Fərqimiz bundadır! Artıq bizə kimsə bundan sonra faciələrimizdən danışmaq üçün qadağalar qoymayacaq, haqqı, ədaləti olduğu kimi açıqlamağımıza mane olmayacaqdır. Bütün bunlar müstəqilliyimizin əldə etdiyi qənirsiz nailiyyətlərdir. Azərbaycan Prezidentinin Quba Soyqırımı Memorial Kompleksinin açılışında dediyi sözlər tariximizin qaranlıq səhifələrinə  gətirilən aydınlığa bənzəyir: "Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir".

 

 

 

Aramsız faciələrin zənciri

 

 

Hər bir xalqın böyüklüyü onun zəngin tarixi, keçdiyi məşəqqətli yollarla yanaşı, digər xalqlara nümayiş etdirdiyi dözümlülüyü - tolerantlığı ilə ölçülür. Bu baxımdan əsrlər boyu torpaqlarımıza köçüb burada yurd salan müxtəlif millətlərin nümayəndələri heç vaxt sıxıntıya, yerli əhali tərəfindən təqiblərə məruz qalmayıblar. Ərazilərimizə başqa xalqların köçməsi iki yolla - məcburi və təbii qaydada baş verib.  Birincisi, Azərbaycan işğal edilərək Rusiyanın tərkibinə qatıldıqdan sonra imperiyanın ərazilərindən müxtəlif dini təriqətlərin və sektaların nümayəndələri, malakanlar, almanlar köçürülüb. Ən böyük köç isə İran və Türkiyə ərazilərindən Azərbaycana mühacirət edən  yüz minlərlə erməniyə aid olub. İkinisi isə, Bakıda neft fəvvarə vurduqdan sonra inkişaf edən və sürətlə böyüyən sənaye şəhərinə müxtəlif xalqların nümayəndələrinin təbii axını baş verib.

 

Bütün xalqlardan fərqli olaraq, Azərbaycana köç edən ermənilər torpaqlarımızda "böyük Ermənistan" yaratmaqdan ötrü bir tərəfdən qanlı savaşlar, etnik təmizləmələr, qırğınlar aparıb, digər tərəfdən hakimiyyət strukturlarında vəzifələrə oturaraq milli sərvətlərimizə sahib çıxmağa, maliyyə kanallarını ələ keçirməyə, hətta İkinci Dünya müharibəsi illərində bütün Azərbaycan xalqını ölkədən sürgün etdirməyə can atıblar. Yalançı sovet tolerantlığı başımızın altına xalqlar dostluğunun balışını qoyub bizi beynəlmiləlçilik laylasında mürgü vurmağa məcbur etdikcə erməni cəlladları azğınlaşıb, vəhşiləşib, aramsız qətliamlara rəvac veriblər.

Martın 15-də Bakı Sovetinin iclasında Şaumyanın "Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir" göstərişi azərbaycanlı türklərə qarşı soyqrımına başlamaq üçün çağırış rolunu oynadı.

Bolşevik-daşnak dəstələri Bakının müxtəlif hissələrində azərbaycanlı türklər əleyhinə mitinqlər və yığıncaqlar keçirməyə başladılar. "Daşnaksütyun" partiyası bitərəfliyini elan etsə də, qırğınlarda Erməni Milli Şurası ilə Bakı Sovetinin tərəfinə keçdi. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlı türklərın yaşadığı Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücuma keçdilər. Azərbaycanlıların İçərişəhərdə rusları qırmaları barədə erməni şayiəsinə uyan matroslar da qırğına qoşulub hərbi gəmilərdən müsəlman məhəllələrini bunun təxribat olduğunu bilənədək bombaladılar.

Qeyri-bərabər döyüşdə soyqırımına məruz qalan azərbaycanlıların martın 31-də müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri şəhərin dinc əhalisinə divan tutur, qılıncdan keçirirdilər.

Azərbaycanlı türklərin soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Bolşevik-daşnak birləşmələri Bakıda on minlərlə insanı qətlə yetirmiş, dini ocaqları darmadağın etmişdilər.

Azğınlaşan və ciddi müqavimətlə rastlaşmayan bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzaları istiqamətində soyqırımını davam etdirdilər. S.Lalayansın daşnak dəstəsi aprelin 3-16-sı arasında Şamaxı əhalisinə qanlı divan tutdu. Yerli erməni və rus-molokan kəndlilərinin köməyi ilə daşnaklar 8 mindən çox dinc azərbaycanlı türkləri öldürdülər, 72 kəndi dağıtdılar. Hamazaspın başçılıq etdiyi daşnak dəstələri Quba qəzasının 167 kəndini yandırdılar, 16 mindən çox azərbaycanlı türk öldürdülər.

1918-ci il sentyabr ayının ortalarına qədər davam edən soyqırımında 50 mindən çox azərbaycanlı türk qətlə yetirildi. Azğın ermənilər kəndləri viran qoyur, müsəlman əhaliyə xüsusi amansızlıqla işgəncələr verirdilər. Bakı Sovetinin Qubaya göndərdiyi Hamazasp  burada "qayda-qanun" yaratmağa başladı. Onun gəlişindən bir neçə həftə əvvəl yerli əhali onlara divan tutan Muradyanın əsgərlərini tərksilah etmişdi. Həbs edilənlərin qisasını alan  Hamazasp çəkinmədən özünü "müsəlmanların düşməni" adlandırmış, Xəzər dənizindən Şahdağa qədər olan ərazini  onlardan təmizləyəcəyinə and içmişdi.

Elə bunun nəticəsidir ki, 1918-ci ilin beş ayı ərzində daşnaklar Quba qəzasında ağlasığmaz talanlar, amansız qətllər törətdilər. Hamazaspın əsgərləri minlərlə müsəlmanı və qeyri millətləri də amansız işgəncələrə məruz qoymuş, onları da məhv etmişlər. Ermənilər Quba camaatını meşələrə qovur, sonra onları hissə-hissə güllələyir, qılıncdan keçirirdilər. Həmin beş ay ərzində kənd yollarına səpələnən həyətlərdəki ağaclardan asılan insan cəsədlərinin sayı-hesabı yox idi. Azğın ermənilər başqalarına dərs olsun deyə heç kimi meyitlərə toxunmağa qoymurdular. Ermənilərin amansız qətllərinin qarşısını Azərbaycana köməyə gəlmiş türk əsgərləri aldı.

Qubada törədilən qətliamlar 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən araşdırılmış, həmin qətllərin təşkilatçısı və icraçısı olan Şaumyan, Korqanov, Selovani, Ağacanyan, Hamazasp və digərlərinin   qanlı  əməlləri nəticəsində minlərlə yerli sakinin məhv edildiyi öz təsdiqini tapsa da, canilərin adı gizlədildi və bəzilərinə də Azərbaycan xalqının xilaskarı kimi əsərlər ithaf edildi, filmlər çəkildi. Yüz ilə yaxın bir vaxtdan sonra həqiqətin üzə çıxmasına, haqqın qələbəsinə ölkəmizin müstəqilliyi təkan verdi.    

 

 

 

Quba məzarlığı (qısa arayış)

 

 

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulmuşdur.

Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının nəticəsi olduğu müəyyən edilmişdir.

2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılmasına start verildi.

Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin 494 kvadratmetrində tədqiqat aparılmış, 20 kvadratmetr sahə isə beynəlxalq tədqiqatçılar üçün saxlanmışdır.

Qudyalçayın sağ sahilində köhnə stadionun yerləşdiyi ərazidə yeni idman kompleksinin tikintisi zamanı üzə çıxan bu məzarlıqda iki quyuda üst-üstə qalaqlanan insan sümükləri tapılıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeleti tökülüb. Aşkar edilmiş insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığından qurbanların sayı kəllə sümükləri ilə müəyyən olunmuşdur. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin miqdarı  ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarır. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndəsi qətlə yetirilərək basdırılmışdır.

Tarixi araşdırmalar və arxiv materialları nəticəsində müəyyən edilmişdir ki, quyu və arxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki Quba qırğınının qurbanlarıdır. Onlar erməni qatilləri tərəfindən bura gətirilərək qətlə yetirilmiş, naməlum şəkildə basdırılmışlar.

 

 

 

Soyqırımı qurbanlarına Azərbaycanda ucaldılan ilk memorial kompleks

 

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.

Sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: "Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır".

Quba Soyqırımı Memorial Kompleksi dağlıq ərazidə yerləşir. Kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrası boyu 400 metr uzunluğunda qoruyucu beton bənd   inşa olunub.

Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri həyata keçirilmiş, rəmzi məzarlıq sahəsi yaradılmışdır. Qalereyanın tərkibində yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz  olunmuş kitabxana, arxiv və başqa inzibati otaqlar vardır. Erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımları   haqqında istənilən məlumatı buradan almaq mümkündür.

Pilləkənləri addım-addım düşdükcə özünü 100 ilə yaxın uzaq bir keçmişə aparacaq bir yolda görürsən. Sanki günahsız körpələrin, zavallı qadınların ah-naləsini eşidirsən. Yerin təkinə doğru addımladıqca dinc və sülhdə yaşayan şəhərlə qarşılaşırsan. Burada hərə öz işinin ardınca gedir. Bir qədər sonra dağılan tifaqlar faciənin ağırlığını, erməni cəlladlarının amansızlığını nümayiş etdirir. Qanına bələnmiş körpə, sinəsi parçalanmış ana, şaqqalanmış ata... Amansız düşmənin silahsız, dinc əhaliyə tutduğu divan beynində erməni cəlladlarını ittiham edən simfoniya kimi səslənir. Bir əsr uzunluğunda bu məcazi yolla addımladıqca səndən hansı həqiqətlərin gizlədildiyini, kimlərə ithaf olunan şeirləri əzbərləməyə məcbur edildiyini dərk edirsən. Özün özünü mühakimə edirsən və həqiqətlərin faciəsini Quba Soyqırımı Memorial Kompleksinə çevirənlərə alqış deyirsən.

Kompleksin girəcəyində ötən əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin yaşayış tərzini əks etdirən fotolar vardır. Burada Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer almışdır. İçəridə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da vardır. Burada həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə fikirləri yer almışdır. Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da maraq doğurur.

Quba Soyqırımı Memorial Kompleksi "əzabkeş xalqın" bətnindən gələn faşizmin mahiyyətini açıqlamaqla yanaşı, bizi özümüzü dərk etməyə, özümüzü anlamağa imkan verən möhtəşəm bir abidədir. Bura tariximizi öyrənmək, dünya düzənində bir xalq kimi yerimizi təyin etmək üçün məktəbdir. Bu məktəbdə  eksponatlarla, erməni cəlladlarının qəddarlığı ilə tanış olmaqdan savayı bir də ibrət dərsi alırsan. İçində qəzəb oyanır, kin kükrəyir.

2009-cu ildə kanadalı M.Hadirel Qubada olarkən məzarlıqda gördüklərindən dəhşətə gələrək xatirə kitabına erməni faşistlərinə nifrətini bircə cümlə ilə belə ifadə edib: "Bunları törədənləri Allaha tapşırmaq lazımdır, çünki onların öhdəsindən yalnız O gələ bilər".

 

 

 

Haqqın hayqıran səsi

 

 

 

Bizi tarix boyu susdurdular, tarix boyu yaddaşımızı silməyə, erməni faşistlərinin vəhşiliklərini unutmağa məcbur etdilər. Alınmadı. Yüz ildən sonra yer dözmədi, yarıldı, bu dərdləri, bu ağla sığmayan faşist amansızlıqlarını  sinəsindən bayıra püskürdü. Bizə düşmənimizi daha dəqiq, daha dürüst faktlarla ittiham etməyə imkan verdi.

Biz Qubaya gələndə möhtəşəm bir sənət əsərinin, əsrlər boyu xalqımızın yaşadığı faciələri özündə əks etdirən mükəmməl bir abidənin  - Quba Soyqırımı Memorial Kompleksinin ucaldığını gördük və qəlbən sevindik.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev abidə ilə bağlı fikirlərini bizimlə də bölüşdü:

- Quba Soyqırımı Memorial Kompleksini rəsmi qonaqlar, xarici səfirliklərin nümayəndələri ilə birlikdə tez-tez ziyarət edirik. Rəsmi nümayəndələr, siyasi xadimlər, istənilən xarici qonaq memorial kompleksə daxil olan kimi həyəcanlanır, təəssüratların ağırlığından heyrətə gəlir. Erməni faşizminin bu vaxtadək heç yerdə açılmayan, deyilməyən vəhşiliklərinin şahidi olurlar. Qərb təfəkküründə görmək eşitməkdən daha vacibdir. Onlar eşitdiklərindən daha çox gördüklərinə inanırlar. Məzarlığın üstündə ucaldılan kompleks şok təsiri bağışlayır, erməni cəlladlarının bəşəriyyətə əsrlər boyu sırıdığı "zavallı, genosidlərə məruz qalan xalq" obrazını darmadağın edir. Əsrlər boyu Azərbaycan xalqına qarşı törədilən saysız cinayətlərin,  soyqırımlarının üstü açılır, "əzabkeş xalqın" qatilləri ittiham edilir.  Erməni təbliğat maşını yalanlar üstündə qurulub, biz isə faciələrimizə, reallıqlara söykənirik. Ona görə də zaman bizim xeyrimizə işləyir. Getdikcə onların yalanlardan bəhrələnən təbliğatı zəifləyir, nüfuzdan düşür, bizim həqiqətlərimiz isə qalib gəlir. Quba Soyqırımı Memorial Kompleksinin gücü də bundadır. Kompleksin tərtibatı çox təsirli və inandırıcıdır, erməni vəhşiliklərinin amansızlığı ilmə-ilmə açılır, nümayiş etdirilən eksponatlar bizim tariximizin gizlədilən, ört-basdır edilən qanlı səhifələrinə işıq salır.

Quba Soyqırımı Memorial Kompleksindəki guşələrdən birində "Azərbaycan" qəzetinin 1918-ci il 8 dekabr nömrəsindən verilən  bir sitat diqqətimizi cəlb etdi. Sevindik ki, təxminən yüz il öncə də qəzetimiz Azərbaycan dövlətçiliyinə, haqqa və ədalətə xidmət edib: "Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz təmkin və soyuqqanlılıqla haqlı olduğumuzu tam dərk edərək təmiz vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda olan bütün xalqlara münasibətdə  bizim loyallığımız, səmimiliyimiz və sadəliyimiz kin və eqoist ehtiras  gözlərini gerçəkliyə qapamadığı hər kəs tərəfindən, nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək. Fakt göz qabağındadır. Kim istəyirsə yoxlaya bilər".     

Bu gün də qəzetimiz Azərbaycan dövlətinin xidmətindədir, dövlətçilik ənənələrinin inkişafına, müstəqilliyimizə sadiqdir. Bu  gün də ötən əsrin 18-20-ci illərində olduğu kimi, erməni faşizmini, ermənilərin törətdikləri saysız-hesabsız soyqırımlarını ifşa edirik.  Qəzetimizin 96 il əvvəl yazdığının tarixi ədaləti təsdiq edən vacib sənəd kimi kompleks eksponatlarının cərgəsinə yerləşdirilməsini özümüz üçün şərəf sayırıq.

Bütün ölkədə və o cümlədən Qubada erməni faşistlərinin törətdikləri qırğınlarla bağlı çoxsaylı yazılarla il boyu çıxış edirik. Eyni zamanda, Qubada erməni cəlladlarının qırğın törətdiyi bütün kəndlərdə bu faciəni xatırladan abidə sütunların ucaldılması kimi bir təklifimiz də olub. Söhbət təmtəraqlı abidədən yox, faciənin yerini bildirən adi daş sütunlardan gedirdi. Mübariz müəllimdən bir də çıxışımıza münasibət bildirməsini xahiş etdik, o da bu məsələyə yenidən qayıtdı, sualımıza daha ətraflı cavab verdi:

- Qəzetinizin təklifini yüksək dəyərləndiririk və bu haqda redaksiyaya ünvanladığımız cavab məktubunda da ətraflı yazmışdıq. Biz yenə də rayonumuzda ermənilərin qırğınlar törətdikləri kəndlərdə xatirə lövhələrinin, daş sütünların ucaldılmasını vacib sayırıq. Lakin digər tərəfdən nəzərə alaq ki, ermənilərin soyqırımlarına məruz qoyduğu kəndlər Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə ərazilərində minlərlədir. Yalnız Quba rayonu ilə kifayətlənmək erməni faşizminin mahiyyətini açmır. Bu ideyanın reallaşması, belə düşünürəm ki, dövlət səviyyəsində həll olunmalı və qeyd edərdim ki, qonşu dövlətlərin, qardaş Türkiyənin də bu layihəyə qoşulması erməni faşizminin Qafqazda törətdikləri vəhşilikləri açıq səma altında muzey kimi bəşəriyyətə sərgiləməyə imkan yaradardı. Yəni ucaldılması nəzərdə tutulan abidənin ölçüləri, forması, onun üstünə yerləşdirilən məlumatların təqdimatı elə olmalıdır ki, hətta kosmosdan, internetdən baxan kimi bilinsin ki, bu kənddə, şəhərdə və ərazilərdə erməni cəlladları dinc əhaliyə divan tutmuş, qırğınlar törətmişlər. Bu, həqiqətən də maraqlı və zəruri bir layihədir, onun reallaşdırılıb həyata keçirilməsinə də dövlət səviyyəsində qərar verilməlidir. Biz bu istiqamətdə təkliflərimizi hazırlayırıq. Belə düşünürəm ki, Quba Memorial Kompleksi kimi böyük layihəni reallaşdıran Azərbaycan hökuməti burada da öz sözünü deyəcəkdir.

Biz də Azərbaycan Prezidenti İlham Əliyevin bu əminliyi ifadə edən sitatı ilə yazımıza son nöqtəni qoyuruq: "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək, biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq".

 

 

 

Bahadur İMANQULİYEV,

Akif ƏLİYEV,

Azərbaycanş-2014.-18 fevral.-S.5.