Vətən uğrunda ölüm həyatın davamıdır

 

Azərbaycan Vətəndir. Bu torpaq şəhid verib, bu torpaqlarda qan tökülüb. Amma təəssüf ki, vətən uğrunda canını qurban vermiş oğullarımızın əksəriyyətini tanımırıq.

Bu yazıda haqqında söhbət açacağımız vətən oğlu Qaradağlı uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşub qana susamışlara qan udduran, amma bu qeyri-bərabər və ədalətsiz döyüşdə öz torpağındaca şəhidlik zirvəsinə yüksələn Nobil Zeynalovdur.

O, 1955-ci il fevralın 5-də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuşdu. Orta məktəbi doğma kəndində bitirən Nobil Xankəndi Pedaqoji İnstitutunun  Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1974-76-cı illərdə hərbi xidməti başa vurmuşdu. 1980-ci ildən Qaradağlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı dərslərini tədris etməyə başlamış, 1986-cı ildə isə elə həmin məktəbin direktoru təyin edilmişdi.

Qarabağın qanlı münaqişə ocağına çevrildiyi ilk günlərdən ermənilər tərəfindən Qaradağlıya hücumlar başladı. Kənd avtobusu gülləbaran edildi. Əliyalın, günahsız insanlar bu qaydasız döyüşün ilk qurbanları oldular. Nobil müəllim kənd camaatı ilə dəfələrlə Bakıya, kömək istəməyə gəlsə də, geriyə əliboş qayıtmışlar.

Paytaxtdan da ümid kəsildi. Əlacsız qalan Qaradağlılar əllərində olan məhdud imkanlardan istifadə edib ov tüfəngləri ilə silahlandılar. 1991-ci il noyabr ayının 20-də Qarakənd səmasında vertolyotun vurulmasından sonra mühasirədə qalmış Qaradağlıya uçuşlar dayandı. 1992-ci ilin yanvarından kənd tamamilə mühasirəyə alındı, heç yerdən silah, kömək gəlmədi. Həmin qanlı döyüşlərin şahidi olanlar söyləyirlər ki, bir nömrəli posta Nobil müəllim rəhbərlik edirdi. O, özü kimi cəsur oğulları - Xanalı Hüseynovu, Altay Həsənovu və başqalarını ətrafına toplayaraq erməni quldurlarının hücumlarını dəf edir, hamılıqla kəndi qoruyurdular. 1992-ci il 15-17 fevral Qaradağlı üçün olduqca ağır günlər idi. Ən müasir silahlarla təchiz edilmiş düşmənin ardı-arası kəsilməyən həmlələrinin qarşısı ov tüfəngi ilə alınırdı.

1992-ci il 16 fevralı. Nobil müəllimin postunda 15 nəfərə yaxın gənc toplaşıb. Fasiləsiz döyüşlər gedir. Son güllələr, son ümidlər... Qərargahda da sursat ehtiyatı tükənmişdi. Nobil müəllim vəziyyətin daha da ağırlaşdığını görərək gəncləri güllə və silah gətirmək üçün qərargaha göndərir və: "Silah yoxdursa gəlməyin, özümüz birtəhər yola verərik" deyir və əslində onları ölümdən qurtarır.  Səngərdə 3 nəfər qalır: postun rəhbəri Nobil Zeynalov və silahdaşları Altay Həsənov, Xanalı Hüseynov düşmənlə sona qədər mübarizə aparır, səngəri tərk etmirlər.

Axşam düşür. Təpədən-dırnağadək silahlanmış ermənilər iki gün idi Qaradağlının ilk postunu keçə bilmirdilər. Azğınlaşmış quldurlar postu tankvuranlarla sürəkli atəşə tuturlar. 1992-ci il fevralın 16-dan 17-nə keçən gecə 1 nömrəli post ermənilər tərəfindən işğal olunur. 4 il mübarizə aparan Nobil Zeynalov namərd düşmən tərəfindən qətlə yetirilir. O, canını bu torpaqlara bağışlayıb, müqəddəs şəhidlik, ölməzlik mərtəbəsinə yüksəlir. Həm o, həm onunla çiyin-çiyinə torpaq namusu çəkən Xanalı, Altay, həm də Qarabağ uğrunda vuruşub həlak olanlar torpağı qarış-qarış sevib böyük və bölünməz vətən üçün şəhid oldular.

Dahi fransız filosofu Jan Leron Dalanber deyir ki, əsl namuslu insan ailəsini özündən, vətənini ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır. Bəli, onlar ailələrini özlərindən, vətəni ailələrindən üstün tutdular. Və vətəndən də üstün tutduqları bəşəriyyətə doğru yönəlmiş terrorizm silahını qırmağa çalışdılar. Onlar bu mübarizədən məğlub ayrılmadılar. İndi isə növbə müasir Azərbaycan gəncinindir. Onun borcu yarımçıq qalan işi tamamlayıb, həmin o bəşəriyyətə doğru yönəlmiş terrorizm silahını yox, o silahı tutan əli qırmaqdır. Gənclik bunu bacaracaq. Bu gün Azərbaycan gəncinin Qarabağ boyda dərdi var... Amma o dərdi çəkməyə Qarabağ boyda da ürəyi var... Torpağının bu dərdinə məlhəm olmaq üçün bir Qarabağ genişlikdə intellektə sahibdir bizim gənclik. Çünki bir zamanlar Qarabağda axıdılan qan bu gün müasir Azərbaycan gəncinin damarlarında dövr edir... Məhz elə bu səbəbdən Azərbaycan gənci heç zaman yenilməyəcək bu dərdə...

Nobil Zeynalovun iki yadigarı - iki oğlu var: Rəşad və Fərid. bir də ocağının çırağını sönməyə qoymayan ömür-gün yoldaşı Xuraman xanım. Qaradağlının düşmən əsirliyinə düşdüyü, Nobil müəllimin böyük şücaət göstərərək qəhrəmancasına şəhid olduğu gün - 17 fevral oğlu Rəşadın ad günüdür. Bu da taleyin bir qisməti... Rəşad 1992-ci ildən bu günə qədər ad günü təbriki qəbul etmir. O gün bir ata yenidən doğuldu oğlunun timsalında... O gün unudulmazlıq qazandı vətənin tarix yaddaşında... Və o günü, Ali Baş Komandanın Azərbaycanın şəxsi heyəti qarşısında döyüşə çağırış əmrini verəcəyi o günü gözləyir Rəşad, Fərid...

 

 

 

Məmməd AĞAYEV,

Azərbaycan.-2014.-18 fevral.-S.6.